Ağasəlim Mircavadov: “Başa düşə bilmirəm, bizdə bir sistem var, ya yox?”

Ağasəlim Mircavadov: “Başa düşə bilmirəm, bizdə bir sistem var, ya yox?”
ÖLKƏ FUTBOLU 10 İyun 2009 / 13:05 2520
-  A +

“Mən bir şeyi başa düşə bilmirəm. Bizdə bir sistem var, ya yox? Axı bütün dünyada belə bir sistem qəbul olunub ki, əsas komanda hansı sistemlə oynayırsa, bütün milli komandalar da eyni sistemlə oynamalıdırlar. U-15-dən tutmuş, U-21-ə kimi. Mən 2002-ci ildə Barselonada 2 həftəlik kursda olanda bunu müşahidə elədim. Canlı olaraq İspaniya ilə Portuqaliyanın oyununa baxdım. Sonra həmin komandaların olimpiya millilərinin də qarşılaşmasına baxdım və canlı şahidi oldum ki, hər ikisi eyni sistemlə oynayırdı. Amma bizdə bu, yoxdur. Eşitdiyimə görə, U-21-də İngiltərəyə biyabırçı hesabla uduzub. Bu, mütləq təhlil edilməlidir, özü də çox ciddi şəkildə. Həmin futbolçular Azərbaycan millisinin gələcəyidir”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Mircavadov dünənki Azərbaycan-İspaniya qarşılaşmasına da toxunub: “İspaniya ilə oyun bir daha göstərdi ki, bizdə orta xətt yoxdur. Rəqibdə motivasiya güclü idi. Çünki onlar buradan Konfederasiyalar Kubokuna yollanacaqdılar. Bu mənada qələbə qazanıb həmin turnirə yüksək-əhval ruhiyyə ilə yollanmaq istəyirdilər. Nəticə özü hər şeyi deyir. Amma mən deyərdim ki, bizim onlardan öyrənməli çox şey var. Topu necə saxlamaları, sürətlə necə hücuma çıxmaları, meydanda cəld yerdəyişmələri, bir sözlə, sadaladığım və sadalamadığım hər bir nüansı onlardan baxıb öyrənməliyik”.

Təcrübəli mütəxəssis “dünənki oyun bizə lazım idimi” sualına isə qısaca belə cavab verib: “İspaniya Konfederasiyalar kubokuna hazırlaşığından bu oyun onlara lazım idi. Bizə isə Türkiyə ilə oyun Uelslə matç üçün lazım idi. Amma ispanlarla qarşılaşma... Axı bizim növbəti matçımız bir də avqusta olacaq”.

 

Daha çox


Son xəbərlər