Millimizə zərbə yox, dəstək lazımdır!

ÖLKƏ FUTBOLU 9 İyun 2009 / 11:57 2525
-  A +

Kimdir günahkar? Azərbaycan milli komandasının Türkiyə və Uelsə qarşı keçirdiyi oyunlarda aldığı məğlubiyyətlərdən sonra futbol ictimaiyyəti və mətbuat bu suala cavab axtarmağa çalışır. Baş məşqçi Berti Foqts, futbolçular, AFFA-nın rəhbərliyi, bir sözlə, Azərbaycan milli komandasına birbaşa aidiyyatı olan hər kəs bu günlər sərt təpgi görməkdədirlər. Məlum məsələdir: futbol ictimaiyyəti Uelsə biabırçı məğlubiyyətin təsirindən hələ də çıxa bilməyib, qələbə gözlədikləri yerdə gözlənilmədən məğlubiyyət acısı dadıb. Bu gün milli komandamıza, onun məşqçilər korpusuna, AFFA-ya yönələn tənqidlərin əksəriyyəti haqlıdır, amma həm də ifrat dərəcədədir.
Bəli, Foqts səhvə yol verib, bunu AFFA-da oturanlar da və yəqin alman məşqçinin özü də yaxşı anlayır. Milli komanda rəhbərliyinin konkret nədə səhvlər etdiyini indi, dünya futbolunun nəhənglərindən olan  İspaniya komandasıyla oyuna bir neçə saat qalmış yenidən qabartmaqla azarkeşin və futbolçunun əhvalını korlamaq daha heç kimə lazım deyil. Azərbaycan milli komandası beynəlxalq arenada çıxış etdiyi müddətdə ilk və son məğlubiyyətini almır. Biz bu günə daha çox məğlubiyyət görə-görə gəlmişik. Biz yəqin ki, hələ bundan sonra da az məğlubiyyət görməcəyik.
Dünən bir başqa məşqçinin rəhbərliyi altında udazan komandada bizimkiydi.
Bu gün Berti Foqtsun rəhbərliyi altında məğlubiyyət acısı dadan komanda da bir başqasının yox, məhz elə bizimkidir.
Məğlubiyyət arxada qaldı, tənqidlər, səhvlər, irad və təkliflər səsləndirildi. Bunları nəzərə almaq artıq futbolumuza, milli komandamıza cavabdeh olanlardan asılıdır. AFFA-da oturanlar, ona rəhbərlik edənlər, üç-dörd əcnəbini çıxmaqla milli komandamızın şərəfini qoruyanlar bir başqası yox, elə BİZİK, biz azərbaycanlılarıq. Və nə qədər acı həqiqət olsa da, biz azərbaycanlılar futbolu həmişə BELƏ oynamışıq. Sovetlərin dövründə də, müstəqilliyimizi bərpa edəndən sonra da. İndi bir problemimiz var deyə komandamızdan üz döndərməliyik? Hamının bildiyi, amma nəyə görəsə bugünlər çoxlarının bilərəkdən, ya bilməyərəkdən barışmaq istəmədiyi bir həqiqət var: Azərbaycan futbolu düşdüyü bu çətin durumdan bir günə, bir ilə, beş ilə çıxa bilməz. Nə qədər şablon səslənsə də, bu ifadəni bir daha və dönə-dönə təkrar etmək lazımdır: zaman, zaman, yenə də zaman…
Berti Foqts komandada qalmalıdır, ya yox? Bu da son günlər aktual suala çevrilib. Hərənin öz versiyası var, razılaşan da ola bilər, razılaşmayan da. Amma Azərbaycan futbolunu düşdüyü bu durumdan çıxarmaq təkcə Berti Foqtsun gücündən və iradəsindən asılı deyil. Berti Foqtsa qədər bu komandaya kimlər rəhbərlik edib? Saymaqla bitməz. Köklü nə dəyişib ki? Heç nə! Bundan sonra nəyinsə dəyişməyəcəyini isə yalnız bədbin insanlar düşünə bilər.
Biz bədbin deyilik.
Bədbin olmadığımız üçün də düşünürük: millimizə ən azı heç olmasa bu gün, İspaniya ilə oyun öncəsi zərbə yox, dəstək lazımdır.
Qol.Az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord