Vaqif Sadıqov: “Foqtsun işinə ciddi nəzarət olmalıdır»

Vaqif Sadıqov: “Foqtsun işinə ciddi nəzarət olmalıdır»
XƏBƏR 8 İyun 2009 / 18:14 2350
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov millimizin Uels komandasına və sabah Avropa çempionu İspaniya ilə keçirəcəyimiz oyunla bağlı Qol.Az saytına müsahibə verib

- Uelslə oyunda komandamız ilk növbədə arxayınçılığın qurbanı oldu. Hamısı elə fikirləşirdi ki, Uelsin gənc futbolçularını onları asanlıqla məğlub edəcəklər. Bu isə bizə baha başa gəldi. Təəssüf ki, futbolçularımız meydanda mübarizə aparmadılar. Diqqət yetirdinizsə, oyun ərzində nə sarı vəqərə alan oldu, nə də zədələnən futbolçu. Heç bir dəfə gördünüz ki, meydana həkim girsin? Amma Rusiya ilə oyunda fərqli idi. 4-5 futbolçumuz sarı vərəqə aldı, Fabio Lusi Ramim zədələnərək oyunu davam etdirə bilmədi. Bu isə onu göstərirdi ki, həmin qarşılaşmada bizimkilər mübarizə aparmışdılar.
İlk hissədə ümumiyyətlə mübarizə olmadı. İkinci hissədə heyətdə bir qədər dəyişikliklər oldu ki, bu, oyuna da sirayət elədi. Nəticədə üstünlüyü ələ alıb daha çox hücum edən tərəf olduq. İndi deyə bilmərəm, bəlkə də qol vuran rəqib özü üçün sərf edən nəticəni qorumaq üçün arxaya daha çox diqqət yetirdiyindən bizim milli üstünlüyü ələ aldı. Amma fakt odur ki, fasilədən sonra canlanma yarandı. Təəssüf ki, imkanları qola çevirə bilmədik. Bilirsiniz, futbolda uğur qazanmaq üçün tələb olunan əsas kriteriyalar var. Bunlardan birincisi şəraitdir ki, bu gün AFFA rəhbərliyi milli komandanın hazırlığı üçün onu yaradıb. İkincisi rəqibi düzgün öyrənməkdir ki, Uelslə oyun öncəsi bu funksiyanı Elxan Abdullayev yerinə yetirmişdi və mən deyərdim ki, düzgün də yerinə yetirmişdi. Çünki o, Estoniya ilə oyundan sonra rəqibin hansı taktikaya üstünlük verdiyini və daha çox hansı mövqelər üzrə oynadığını dəqiqliklə gəlib demişdi. Ən əsas tələb olunan isə, dediyim kimi, mübarizə aparmaqdır
- Dediniz arxayınçılıq yaranmışdı. Belə çıxır ki, Uels Bakıya əsas heyətlə gəlsəydi, qələbə qazana bilərdik?
- Yox, bunu heç kim deyə bilməzdi. Sadəcə mənim başa düşmədiyim bir şey var ki, mətbuat niyə həmin faktı o qədər  də qabartmadı. Hazırkı Uelsin U-21-i Avropa çempionatının pley-Off mərhələsinə vəsiqə qazanıb, final mərhələsinin bir addımlığındadır. Deməli, onları qətiyyət zəif rəqib adlandırmaq olmazdı. Əks hücumlarda çox sürətli və çevik oynayırdılar. Mən deməzdim ki, bizdən güclü futbolçular idilər. Amma komanda oyunun və nizam-intizamın yüksək səviyyədə olması bizi məğlub etmələrini təmin etdi.
- Yeri gəlmişkən, biz müdafiədən hücuma sürətlə çıxa bilmirdik. Futbolçularımız cəld irəli çıxıb sürətli-əks hücum qurmaq əvəzinə çönüb topu arxaya atırdılar ki, bu da azarkeşlər tərəfindən haqlı narazılıqla qarşılanırdı.
- Bilirsiniz, Foqts elə il boyu məhz bu problem üzərində işləyir ki, biz müdafiədən hücuma daha tez çıxmağı öyrənək. Amma hələ də  buna nail ola bilməmişik. İspanlar niyə bu gün dünyanın ən güclü millilərindən sayılırlar? Çünki məhz bu amil onlarda alınır. Bizdə çatışmayan daha bir şey cinahların oyuna qoşula bilməməsidir. İkinci hissədə Foqts Subaşiçlə Cavid Hüseynovu oyuna buraxdı və nəticədə həm cinahlar, həm də hücum xətti xeyli canlandı.
- Hücum xəttimiz hələ də “dişsiz”dir. Bu mövqedə demək olar ki, çox bərbad təsir bağışlayırıq.
- Mən uğursuzluğu təkcə bir xəttin oyunu ilə bağlamazdım. Ümumi uğursuzluq varsa, deməli, bütün komanda məsuliyyət daşıyır, tək hücumçular yox. Müasir futbolda hücum ilk öncə elə qapıçıdan başlayır. Bir də yenə təkrar edirəm, cinahların oyuna fəal qoşulmasından da çox şey asılıdır. Bu zaman hücumda da çoxalmaq və real imkanlar yaratmaq olur. Bizim futbolçuların fiziki, taktiki və texniki hazırlığı isə hələ tam olaraq buna imkan vermir.
- O zaman burada klubları da günahlandırmaq lazımdır da. Çünki futbolçu millinin düşərgəsinə məhz klubdan gəlir.
- Mən günahkar axtarışında olmağın tərəfdarı deyiləm. Bu, doğru addım deyil. Səhvlər ümumi hamımızındır və bunun üzərində birlikdə işləyib onları düzəltməli, mövcud nöqsanları aradan qaldırmalıyıq. Milli komandaya hər tərəfdən dəstək olmalıdır. Mən özüm də milli komandanın baş məşqçisi işləmişəm və kiminsə dayağını hiss eləmək çox vacibdir. Milli komanda uğursuz çıxış edirsə, bu, təkcə elə milli komandanın günahı kimi qəbul olunmamalıdır.
- Foqtsun üzərinə böyük təzyiqlər var. Siz necə düşünürsünüz, onunla yollar ayrılmalıdır, yoxsa vaxt verilməlidir?
- Elə bizim ən böyük bədbəxtçiliyimiz odur ki, səbrimiz yoxdur. Ani uğursuzluq olan kimi tez vəziyyətdən çıxış yolunu baş məşqçini dəyişməkdə görürük. Fərqi yoxdur, yerli oldu, yaxud əcnəbi, məşqçiyə vaxt verilməlidir. Yadınızdadırsa, İqor Ponomaryov yeganə məşqçi oldu ki, seçmə mərhələnin sonuna qədər postunda qaldı və milli komandamız tarixi ərzində ən yüksək nəticəni də məhz onun dövründə yığdı. Bir daha təkrar edirəm, millinin baş məşqçisinə öz ideyalarını həyata keçirmək üçün vaxt verilməlidir. Amma eyni zamanda onun işinə də ciddi nəzarət olmalıdır.
- Sonda. İspaniya ilə sabahkı qarşılaşma haqqında da fikirlərinizi bizimlə bölüşərdiniz. Bu oyun, ümumiyyətlə, bizə nə verəcək?
- Təkcə Avropa çempionunun Azərbaycana gəlməsi faktının özü böyük uğurdur. Bu, bir daha Azərbaycanda futbola olan qayğının və diqqətin göstəricisidir. İspaniya ilə oyun təbii millimizə çox şey verəcək. Ən əsası futbolçularımız Avropa çempionlarına, dünyanın ulduz futbolçularına qarşı oynayacaqlar.
- Sizcə, İspaniya ilə oyunda nəticə bizim üçün vacibdir?
- Çox vacibdir. Kimsə bunun yoldaşlıq oyunu olduğundan nəticənin əhəmiyyətsizliyini düşünürsə, səhv edir. Necə yəni nəticə önəmli deyil? Nəticə önəmli deyilsə, daha onda niyə meydana çıxırsan? Qeyd etdiyim kimi, sabahkı oyun ilk növbədə futbolçularımıza özlərini sübut şansı verəcək. Onlar Avropa çempionlarına qarşı oynamağa qadir oduqlarını sübut etməlidirlər.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı