Ponomaryov danışdı

XƏBƏR 4 Dekabr 2008 / 14:58 3202
-  A +

“Yunanlarla maliyyə məsələlərində razılığa gələ bilmədik. Amma adını açıqlamaq istəmədiyim həmin kluba transferim açıq qalır”. Bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Ponomaryov deyib. Özünə yeni klub axtaran 26 yaşlı futbolçu dörd illik fasilədən sonra yenidən Yunanıstana yollanaraq, karyerasını orada davam etdirmək variantını nəzərdən keçirib.

Artıq İsveçə qayıdan Ponomaryovun sözlərinə görə, yunanlar ona iki illik müqavilə təklif edib: “Yüksək liqada çıxış edən həmin klubun prezidenti ilə görüşdüm. İki illik müqaviləyə əsasən, istədiyim pul onları qane etmədi. İstədiyimdən az pul verdikləri üçün razı olmadım. İndi onlar şərtlərimi götür-qoy edib, mənə cavab verməlidirlər. Yunanıstanın ortabab klublarında maliyyə vəziyyəti elə Azərbaycanda olduğu kimidir. Orada gördüklərim və “Bakı”da oynadığım vaxtda şahidi olduqlarımı müqayisə edəndə, bu qənaətə gəlmək olar”.

İsveçdə oynamaq variantı olan Anatoli atası İqor Ponomaryovun “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunmasından məmnundur. 2004/05 mövsümünün ilk yarısında “Qarabağ”da atasının rəhbərliyi altında oynayan futbolçu həmin vaxt klubdaxili narazılığın olmadığını bildirib: “Əslində, həmin dövrdə ilk olaraq “İnter”lə danışığım olmuşdu. Yığmamızda debüt etdiyim zaman bu komandadan təklif almışdım. Ancaq maliyyə məsələlərində ortaq məxrəcə gəlmədiyimiz üçün atamın yanına yollandım və “Qarabağ”da uğurla çıxış etdim. “İnter”in baş məşqçisi Anatoli Konkov bundan sonra transferimi qətiləşdirdi. Nəticədə onlar ikiqat xərcə düşdülər. Yəni transferə görə həm mənə, həm də “Qarabağ”a pul verdilər. Məni saxlamaq istəyən “Qarabağ” sonradan təklifi dəyərləndirdi”.

Azərbaycan klublarında oynamaqda maraqlı olmayan kiçik Ponomaryov “Xəzər-Lənkəran” variantını bu sıraya aid etmək istəmir: “Məni ilk növbədə ona sevinirəm ki, atam Azərbaycanda, “Xəzər-Lənkəran” kimi iddialı klubda çalışacaq. Yenidən onun rəhbərliyi altında çıxış edib-etməməyimə gəlincə, bunu zaman göstərəcək. Bu məsələdə əsas söz sahibi atamdır. O, yeni komandasında vəziyyətlə tanış olub, qərarını verməlidir”.

Qeyd edək ki, Anatoli ölkəmizdə “Qarabağ”, “İnter” və “Bakı”, Yunanıstanda isə “Ksanti” klubunda çıxış edib.

 

 

Mənbə: apasport.az


Son xəbərlər