Kamran Ağayevlə jurnalist arasında münaqişə yarandı

XƏBƏR 3 Dekabr 2008 / 19:46 3635
-  A +

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə «Zerkalo» qəzetinin və azerisport.com saytının əməkdaşı Rüstəm Mikayıllı arasında qalmaqal yaranıb. Qol.Az-ın məlumatına görə, jurnalist K.Ağayevin onu hədələdiyini, şərəf və ləyaqətini təhqir etdiyini bildirib. Saytın yazdığına görə, Azərbaycan milli komandasının hələ Finlandiya ilə Helsinkidəki oyunundan sonra yaranmış bu münaqişə yığmamızın dünən keçirdiyi məşq zamanı bir daha təkrarlanıb. K.Ağayev R.Mikayıllını hədələyərək onunla «haqq-hesab» çəkəcəyini söyləyib. Saytın məlumatına görə, dünən K.Ağayev redaksiyaya zəng edərək bir daha jurnalisti təhqir edib, ona hədə-qorxu gəlib.
R.Mikayıllı bildirib ki, insidentə səbəb Finlandiya - Azərbaycan matçından hazırladığı reportajda K.Ağayevin oyununa aşağı qiymət verməsidir.
Hadisəylə əlaqədar sabah saat 2-də R.Mikayıllı mətbuat konfransı keçirəcək.
Qol.Az-ın əməkdaşıyla söhbətində məsələyə milli komandamızın və «Xəzər-Lənkəran»ın qapıçısı Kamran Ağayev də münasibətini açıqlayıb. «Mən oyundakı qiymətimi aşağı saldığına görə yox, şəxsi həyatıma qarışdıqları üçün bu gün saytın redaksiyasına zəng etmişəm» - deyə Qol.Az-a K.Ağayev bildirib. Bu yaxınlarda anasını itirdiyini və emosiyalarının yerində olmadığını söyləyən K.Ağayev deyib: «Əgər yazsalar ki, pis oynamışam bu qədər əsəbiləşmərəm, bir daha deyirəm, onlar mənim şəxsi həyatıma qarışıblar. Yazırlar ki, guya mən qiymətimi aşağı saldıqlarına görə qəzəblənmişəm, amma belə şey yoxdu. Mənim şəxsi həyatıma qarışmasınlar».
azerisport.com saytı isə deyilənləri təkzib edib və baş vermiş olaya görə futbolçunun üzr istəməsini tələb edib.


Son xəbərlər