Yunis Hüseynov: «Kovalyovla Qafitulin heç yerə gedə bilməzlər»

Yunis Hüseynov: «Kovalyovla Qafitulin heç yerə gedə bilməzlər»
XƏBƏR 3 Dekabr 2008 / 17:22 3509
-  A +

«Karvan»ın baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi

- “Karvan” komandasının birinci dövrədəki çıxışını necə dəyərləndirirsiniz?
- Birinci dövrədəki oyunlarımızdan razıyam. Amma bundan da yaxşı ola bilərdi. Çünki birinci dövrədə oyunlarımızın əksəriyyəti asan idi. Çox xal toplaya bilərdik. Təəssüf ki, bunu bacarmadıq.
- İkinci dövrə haqqında nə düşünürsüz?
- Bizi çətin oyunlar gözləyir. Ona görə də fasilədə ciddi hazırlaşırıq ki, yaxşı nəticələr əldə edib avrokuboklara vəsiqə qazanaq.
- «Karvan»ın qarşısına hansı planlar qoyulub?
- Hər bir oyunda xal götürməyə çalışacağıq. Bunun üçün komandada dəyişikliklər də olacaq, 4-5 yeni futbolçu kluba cəlb ediləcək. Fasilədən sonra komandaya baxışa çağırılacaq futbolçular yerli və əcnəbilərdən ibarət olacaq. Amma bu futbolçuların adlarını hələ dəqiqləşdirməmişəm. Yenə də əsas məqsədimiz premyer-liqada yaxşı yerlərdən birini tutmaqdı.

- Vitali Kovalyovla Ruslan Qafitulini komandadan niyə qovmusuz?
- Yox, hələlik onlar komandamızın üzvüdü. Sadəcə, son oyunda zəif oynadıqlarına görə onları cəzalandırmışam. Təlim-məşq toplantısında onlara yenidən şans verəcəyəm ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Əgər istədiyimi verə bilsələr, komandada qalacaqlar.
- Həmin futbolçulara yerli klublardan təkliflər gəlib, futbolçular bildiriblər ki, bu təklifləri dəyərləndirəcəyik.
- Hə, təklif alıblar. Bu haqda məlumatım var. Amma mən onları «Karvan»dan çıxartmamışam ki, onlar komandadan getsin. Kovalyovla Qafitulinin bizimlə müqavilələri var və heç yerə gedə bilməzlər.
- Təlim-məşq toplanışını harada keçirəcəksiz?
- Türkiyədə. Orada, həm də yoxlama oyunlarımız olacaq. Amma hələlik hansı komandalarla oynayacağıq məlum deyil.
- Sizin «Qarabağ»la son oyunundan sonra hakim haqda söylədiklərinizə münasibət bildirən PFL prezidenti Ramin Musayev deyib ki, Yunis Hüseynov haqsızdır.
- Bu, onun öz fikridi. Mən dediyim sözün arxasında dururam, həmin oyunda hakim səhv qərar vermişdi.

 

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı