PFL mövsümün ən yaxşılarını mükafatlandırdı (YENİLƏNİB)

PFL mövsümün ən yaxşılarını mükafatlandırdı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 21 May 2009 / 17:33 2789
-  A +

XVII Azərbaycan premyer-liqasının medalçılarının mükafatlandırma mərasimi bu dəqiqələrdə başlamaq üzrədir. Qol.Az-ın müxbirinin verdiyi məlumata görə, dəvət almış qonaqların əksəri tədbirə təşrif buyurublar. AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyevlə, Elşad Nəsirov, PFL-in prezidenti Ramin Musayevdən başqa tədbirdə Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Adil Əliyev, Siyavuş Novruzov, həmçinin ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə də iştirak edirlər.
                                                    ***
Tədbirdə həmçinin premyer-liqa klublarının rəsmiləri və baş məşqçiləri də iştirak edirlər. İştirakçılar arasında Ağasəlim Mircavadov, Çingiz İsmayılov, Vaqif Sadıqov, Georgi Nikolov, Valentin Xodukin, Qurqan Qurbanov, İlqar Quluzadə, Böyükağa Ağayev də var. Tədbirin hələ başlamadığını da qeyd edək.      
                                                    ***
Tədbir başlandı. İ
lk olaraq AFFA prezidenti Rövnəq Abdullayev çıxış etdi: “İlk növbədə hamınız salamlayıram. Uzun, gərgin marafon olan Azərbaycana premyer-liqası artıq başa çatıb. Ilk dəfə olaraq yarışı keçirməyi PFL-ə tapşırmışdıq. Fikrimcə, onlar işlərinin öhdələrindən yüksək səviyyədə gəldilər. Düzdür, bu haqda ictimaiyyətin öz fikri var. Amma mən şəxsi fikrimi deyirəm ki, onlar yarışı yüksək səviyyədə təşkil etdilər. AFFA prezidenti seçilərkən söz vermişdim ki, futbolun kütləviliyinə nail olmaq, uşaq futbolunu inkişaf etdirmək üçün çalışacağam. Fikrimcə, müyəən işlər görə bildik. Həm də bu 1 il ərzində bir çox şeylər öyrəndik. Fikrimcə, əvəzedici komandaların, həmçinin aşağı yaş qrupları üzrə çempionatların keçirilməsi müsbət haldır. Çalışacağıq ki, futbolu daha da inkişaf etdirmək üçün bundan sonra da yüksək addımlar ataq. “Bakı”nı ölkə çempionu olması münasibəti ilə təbrik edirəm. Həm “Bakı”ya, həm də ölkəmizi Avrokuboklarda təmsil edəcək digər komandalara da qarşıdakı qitə yarışlarında uğurlar arzulayıram".         
                                                   ***
Ardınca söz Milli Məclisin deputatı Siyavuş Novruza verildi. Millət vəkili də premyer-liqanın qaliblərini təbrik etid: “Milli Məclisin üzvləri adından hamınızı salamlayıram. İlk növbədə onu deyim ki, biz millət vəkilərinin də futbola böyük marağı var. Hətta bizim özümüzün də futbol komandamız var. O ki qadlı cari mövsümkü premyer-liqaya, onu deyə bilərəm ki, bu çempionatda gərginlik var idi. Çempionat çox maraqlı keçdi. AFFA-dakı dəyişiklikdən sonra, futbolumuzda irəliləyiş hiss olunur. Azərbaycanda idmana, o cümlədən də futbola dövlət tərəfindən böyük maraq və diqqət var. Son zamanlar regionlarda yeni meydançalar istifadəyə verilib. Klublar da öz bazalarını inşa etməyə başlayıblar. Bütün bunlar Azərbaycan futbolunun inkişafına öz təhfəsini verəcək. Qarşıdan gələn Avropa miqyaslı yarışlarda klublarımıza uğurlar arzulayıram".  
                                                 ***
Daha sonra PFL-in prezidenti Ramin Musayev çıxış etdi: “Artıq 17 ölkə çempionatı arxada qalıb. Lakin bu PFL-in təşkilatçılığı ilə keçirilən ilk çempionat idi. İlk növbədə bu etimadı mənə göstərdiyinə görə Rövnəq Abdullayevə öz minnətdarlığımı bildirirəm. Cari mövsümə yekun vuruldu. Düzdür, çatışmazlıqlar oldu, bəzi problemlərlə qarşılaşdıq. Amma bununla belə, düşünürəm ki, cari çempionatı yüksək səviyyədə keçirə bildik. Firkimcə, ötən çempionatlarla müqayisədə rəqabət daha güclü idi. Bu da çempionatın yekununda görsəndi. Cari mövsüm başa çatdı. Mən istərdim ki, bir az da növbəti mövsüm haqda danışım. Yeni çempionat haqda onu deyə bilərəm ki, 4 dövrəli bir sistem olacaq. Yarışda 12 komanda mübarizə aparacaq, oyunların sayı çox alacaq, mübarizə daha da ciddiləşəcək. Eyni zamanlarda oyunlar 2 deyil, 3 gün ərzində - cümə, şənbə və bazar günləri keçiriləcək. Bu addımı da ona görə atmışıq ki, qoy azarkeşlərə daha çox oyunlara stadiondan baxa bilsinlər. Eyni zamanda televiziya tamaşaçıları da daha çox oyunu izləyə bilsinlər. Onu da deyim ki, cari çempionatda əsas yüklərdən biri də hakimlərin çiyninə düşmüşdü. Hesab edirəm ki, onlar da öz işlərinin öhdələrindən gəldilər. Bəziləri məni qınayırdı ki, hakimləri müdafiə edirəm.Amma bu belə deyil. Rövnəq Abdullayevin sayəsində hakimlərimiz ikinci dövrəyə yaxşı hazırlıq keçdilər. Bildiyiniz kimi, ilk dəfə olaraq ədalət təmsilçiləri ölkə xaricində təlim-məşq toplanışında oldular. Bəzi çatışmazlıqları çıxmaq şərtiylə hakimlərin idarəçiliyi bizi qane etdi.  Əsas odur ki, səhvlər olsa da, bu qərəzli deyildi. Hakimlər də insandırlar və onlar da səhv edə bilərlər.
                                               ***
Ardınca mükafatlandırma mərasiminə start verildi. İlk öncə səhnəyə “Bakı”nın prezidenti Hafiz Məmmədov çıxdı. Veteran futbolçu Oqtay Abdullayev Hafiz Məmmədova ölkə çempionu olduğuna görə kubok təqdim etdi. Həmçinin “Bakı” klubu PFL və Qol.Az-ın keçirdiyi birgə sorğunun nəticəsinə əsasən ilin ən yaxşı komandası üçün nəzərdə tutulmuş xüsusi mükafata da layiq görüldü.  
                                               ***
Ardınca PFL-in digər mətbuat orqanları ilə birgə keçirdiyi sorğuların qaliblərinin adları açıqlandı.
İlin ən yaxşı baş məşqçisi - Roman Pokora (“Simurq”)  
İlin bombardiri - Valter Quqlemon (“İnter”)
İlin ən yaxşı qapıçısı - Xalidu Sissoko (“Bakı”)
İlin ən yaxşı müdafiəçisi - Samir Abbasov (“İnter”)
İlin ən yaxşı yarımmüdafiəçisi - Amiran Muciri (“Bakı”)
İlin ən yaxşı hücumçusu - İvan Svetkov (“Xəzər-Lənkəran”)
İlin ən yaxşı oyunçusu - İvan Svetkov (“Xəzər-Lənkəran”)
İlin ən yaxşı qolu - Fernando Peres (“Bakı”)
İlin ən yaxşı tərəfdaşı - AzTV
İlin ən yaxşı hakimləri - Vüsal Əliyev, Fariz Yusifov, Anar Salmanov, Rövşən Əhmədov, Əfqan Həmzəyev, Elçin Məmmədov, Rasim Məmmədov
İlin ən yaxşı laymanları - Ramiz Əsədov, Mehman Mahmudov, Vaqif Musayev, Isgəndər Əliyev, Azad Hüseynov, Samir Hacıyev, Orxan Məmmədov, Əliyar Ağayev
Qeyd edək ki, İvan Svetkov tədbirdə olmadığından onun mükafatlarını “Xəzər-Lənkəran”ın nümayəndəsi aldı. İlin ən yaxşı tərəfdaşı elan olunan AzTV-nin mükafatını isə PFL-in prezidenti Ramin Musayev kanalın əməkdaşı Altay Əliyevə təqdim etdi. Digər qaliblərə isə mükafatları veteran futbolçular təqdim etdilər.   
                                                    ***
Tədbirə Gənclər və İdman naziri Azad Rəhimov da təşrif buyurdu. Dərhal aparıcı tərəfindən söz alan nazir bunları dedi: “İlk növbədə gecikdiyim üçün qonaqlardan üzr istəyirəm. O ki qaldı çempionata deyə bilərəm ki, yarış olduqca maraqlı keçdi. Mən Azərbaycan futbolunun gələcəyinə nikbin baxıram. İnanıram ki, Azərbaycan futbolu gələcəkdə Avropa və dünyada öz sözünü deyəcək. Hamımız məhz bunun üçün çalışmalıyıq. Ölkə çempionu adını qazanan “Bakı”nı, eləcə də digər mükafatçılar, “İnter”lə “Simurq”un da təbrik edirəm. Onlara Avropa miqyaslı yarışlarda uğurlar arzulayıram”.
                                                  ***
Ardınca XVII Azərbaycan premyer-liqasının qaliblərinin mükafatlandırılmasına başlandı. Tədbirin aparıcısı Asif Bağırov ilk olaraq səhnəyə “Simurq”u, ardınca “İnter”i, ən sonda isə çempionu - “Bakı”nı dəvət etdi. Qaliblərə medalları və diplomları Rövnəq Abdullayev, Azad Rəhimov və Ramin Musayev təqdim etdilər. Həmçinin qaliblərlə ayrı-ayrılıqda xatirə şəkilləri də çəkildi.     

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord