Rövşən Binnətli: «Lap kiçik yaşlarımdan güzgünü ekran sayıb saatlarla qarşısında oturub «diktorluq» etmişəm»

Rövşən Binnətli: «Lap kiçik yaşlarımdan güzgünü ekran sayıb saatlarla qarşısında oturub «diktorluq» etmişəm»
MÜSAHİBƏ 3 Dekabr 2008 / 16:55 5529
-  A +

Dekabr ayında tanınmış idman jurnalisti, «Lider» televiziyası idman redaksiyasının baş icmalçısı Rövşən Binnətlinin 50 yaşı tamam olur. «Media forum» saytı yubiley ərəfəsində jurnalistə bir neçə sual ünvanlayıb.

- Rövşən bəy, söhbətə yubileydən başlayaq: 50 yaşa gəlib çatmaq nə deməkdir?

- İlk növbədə bir tale işi, Tanrı qismətidir. Amma həm də bir hesabat zamanıdır, təkcə özün yox, ailən, övladların, ən əsası, Vətən qarşısında. Mənəvi borclarını qaytara bilmisənmi? Zənnimcə, hər şeydən əvvəl bu suala cavab verməlisən. Kim bu sualı tərəddüd etmədən müsbət cavablandırırsa, xoş onun halına.

Borclar arasında ən çətin ödənəni məhz mənəvi borclardır. Əgər mən havasını udduğum, suyunu içdiyim, torpağında gəzdiyim Azərbaycanımın, ailəm və övladlarımın borcundan, azacıq da olsa çıxa bilmişəmsə, deməli, günlərimi havayı xərcləməmişəm.

- Siz futbol icmalçısı, özü də televiziyada çalışan jurnalist kimi çox populyarsınız. Ancaq sizi oxucularla daha yaxından tanış etmək istərdik. Jurnalistikaya nə vaxt və necə gəlmisiniz? Ömür yolunuz haqda bir qədər ətraflı məlumat verərdiniz...

- Orta məktəbi doğulub boya-başa çatdığım Ağdamda bitirmişəm. Moskvada hərbi xidmətdən qayıdandan sonra indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum.

Lap kiçik yaşlarımdan televiziya işinə böyük maraq göstərmişəm, güzgünü ekran sayıb saatlarla qarşısında oturub «diktorluq» eləmişəm. Futbol şərhçisi olmaq arzusu isə məndə 8-10 yaşlarımdan başlayıb. Oyunlar zamanı, təbii ki, «Neftçi»nin deyil, başqa komandaların oyunları zamanı, televizorun səsini alıb şərh edir, səsimi maqnitofona yazır, sonra özümə qulaq asır, səhvlərimi müəyyənləşdirməyə çalışırdım.

Açığı, şərhçi olmağı arzulayırdım, amma bu istəyimin reallaşacağına o qədər də inanmırdım. İnamsızlığın başlıca səbəbi isə rayonda yaşamağım idi. Ağdamın futbol komandası «Qarabağ» adlandırılandan sonra onun «İmarət»də keçirilən oyunlarında diktorluq edir, yerli qəzet, həmçinin yerli radio üçün həmin görüşlərdən təhlil-reportajlar hazırlayırdım.

Atalar deyir, niyyətin hara, mənzilin ora - həyati arzularımdan olan şərhçilik istəyimə 2001-ci il aprelin 12-də çatdım və bu, «Lider» TV-də reallaşdı. Biz Masallıdan «Viləş» - «Neftçi» oyunun ikinci hissəsinin videoyazısı ilə tamaşaçıların görüşünə gəldik və bununla televiziyamızda idman reportajlarının, şərhçiliyinin təməli qoyuldu.

- Bildiyimizə görə, müxtəlif qəzetlərdə işləmiş, bir sıra qəzetlərlə əməkdaşlıq etmisiniz. Yazılı mediada çalışmaq və elektron mediada işləmək - bunların arasında hansı fərqlər var? Hansı daha çətindir?

- Bütün hallarda peşəkarlıq əsasdır - fərqi yoxdur yazılı mediada işləyirsən, yaxud elektron mediada.

Elektron mediada fikrin daha lakonik ifadəsi tələb olunur və məncə, bu, başlıca fərqdir. Eyni tədbirdən yazılı mediada işləyən jurnalistin ən zəruri qeydlərini oxumağa, azı 4-5 dəqiqə vaxt gedir. Televiziyada isə bunun üçün cəmi 30-40 saniyə ayrılır. Çünki televiziyanın dili görüntüdür - burda bir sıra mətləblər görüntülərlə anladılır. O ki qaldı çətin-asan məsələsinə, peşəkarın gördüyü iş kənardan həmişə asan görünür.

- Azərbaycanda idman jurnalistikasının indiki durumu haqda nə demək olar? Artıq professional idman jurnalistikası məktəbinin yarandığını söyləmək mümkündürmü?

- Əlbəttə. Təəssüf ki, hazırda idman jurnalistikası ilə məşğul olan bəzilərinin fikrincə, Azərbaycanda sovet dönəmində də idman jurnalistikası olmayıb və bu gün də yoxdur. Qəribə məntiqsizlikdir, deyilmi?! Halbuki həm o dövrə, həm də müstəqillik illərinə aid xeyli uğurlu nümunələr sadalamaq olar.

Məni bu sahənin adamı kimi narahat edən həmkarlarımın öz yazılarına, yazılarında işlətdiyi sözlərin, ifadələrin məna çalarına əhəmiyyət verməməsi, daha tələbkar və səviyyəli oxucuya ünvanlamamasıdır. Söhbət təkcə qəzetlərdən getmir, bu, televiziyaya da aiddir.

Məsələn, idmançımızın Avropa, yaxud dünya çempionatında iştirakı barədə xəbərlərdə tez-tez «qüvvəsini sınayacaq» ifadəsi işlədilir. Halbuki dünya və Avropa çempionatları, Olimpiya oyunları qüvvə sınamaq yeri deyil. İdmançılar qüvvələrini beynəlxalq turnirlərdə, yoldaşlıq görüşlərində sınayır, o yarışlarda isə nəyə qadir olduğunu nümayiş etdirir.

Qəzetlərimizdən biri manşetə erməni futbolçu, vaxtilə «Neftçi»də oynamış Eduard Markarovun sözlərini çıxarmışdı: «Ararat» həmişə «Neftçi»dən güclü olub». Sizcə, bu ifadəni manşetə çıxarmaq olarmı?

Təsəvvür edin ki, məsələn, İsgəndər Cavadov müsahibəsində deyir ki, «Neftçi» həmişə «Ararat»dan güclü olub». Ermənistanda hansı mətbu orqanı bu deyimə manşet bir yana, səhifəsində yer ayırar? Yəni mahiyyəti duymamaq, əhəmiyyətinə varmamaq bəzən belə xoşagəlməz vəziyyət yaradır.

Qeyri-etik ifadələrin çoxluğu da narahatlıq doğurmaya bilməz - qırmızı vərəqə alan futbolçuya «meydandan qovuldu» ifadəsinin işlədilməsi artıq ənənə halını alıb. Milli komandaya çağırılan, amma əsas heyətə daxil edilməyən oyunçularla bağlı fikri «filan-filan futbolçular millidən qovuldu» şəklində ifadə etmək nə dərəcədə etikaya uyğundur?

Bununla belə, bizdə də idman jurnalistikasının, ən azı idman ictimaiyyətinə təsir gücünə malik səviyyəyə çatacağına inanıram.

- Sizin sfera kifayət qədər spesifik bacarıqlar, bilgilər tələb edir. İdman jurnalistikasında çalışacaq kadrlar harada, necə yetişir? Sizləri əvəz edəcək kadrların, gənclərin hazırlıq səviyyəsindən razı qalmaq olarmı?

- Təxminən 10-12 il əvvəl bizdə qəribə bir vəziyyət vardı - hesab edirdilər ki, idmandan yazmaq çox asandır. Ona görə də əksər hallarda ən hazırlıqsız, orta məktəbi yenicə bitirmiş, heç bir təcrübəsi olmayan gənclər məhz bu sahəyə işə götürülür, yaxud istiqamətləndirilirdi. İdman jurnalistikamızda bugünkü pərakəndəliyin, qeyri-peşəkarlığın kökünü burda axtarmaq lazımdır. Siz deyən spesifik bacarığın, məlumatlılığın bir müddət arxa plana keçməsi inkişafı bir xeyli ləngitdi.

Amma indi vəziyyət nisbətən dəyişib və idman jurnalistikasına məhz bu sahədə işləmək arzusunda olanların gəlməsi prosesi başlayıb. Gələcəyə nikbin baxmağıma səbəb də elə bu amillə bağlıdır. İnsan hansı işlə məşğuldursa, onu ürəkdən sevməlidir. O iş dolanışıq, qazanc mənbəyi olmaqla məhdudlaşmamalı, həm də xobbi olmalıdır.

- İdman jurnalistikası mövzusundan bir qədər kənarlaşaq. Bütövlükdə mediamızın səviyyəsi haqda nə fikirdəsiniz? Məsələn, biz ənənəvi olaraq media müsahiblərinə belə bir sual veririk: Azərbaycanda media azadlığının 5 ballıq şkala ilə qiymətləndirməli olsanız, neçə verərdiniz?

- 4.

- Övladlarınızdan sizin yolunuzu davam etdirmək, idman jurnalisti, futbol icmalçısı olmaq istəyəni varmı? Yeri gəlmişkən, neçə övladınız var?

- Üç övladım var. Onlardan biri Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində, digəri Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin çoxkanallı telekommunikasiya sistemləri fakültəsində təhsilini davam etdirir. Orta məktəbin X sinfində oxuyan kiçik övladım da iqtisadiyyat sahəsinə getmək fikrindədir.

- Böyük yazarımız, sizin də çox yaxın dostunuz olan mərhum jurnalist Adil Qaçayoğlu müsahibələrinin birində demişdi ki, «İmarət»ə - Ağdamdakı stadiona qayıtmaq istəyirəm. Siz də «İmarət»də «Qarabağ»ın çox oyununa baxmısınız. 50 yaşını doğulduğu torpaqdan qıraqda qeyd eləyən ağdamlının Qarabağ xatirələri, Ağdam xatirələri, «İmarət» xatirələri maraqlı olardı...

- Adil müəllimin yoxluğu məni çox yandırır və ömrümün sonunadək yandıracaq. Onun timsalında biz çox qiymətli insanı, özünməxsus söz sərrafını, əsl jurnalisti itirdik. Yubileyimlə bağlı mənə ilk olaraq siz müraciət etdiniz, amma 50 yaşımı hamıdan əvvəl o təbrik etdi - Adil müəllim. Nə qədər qəribə səslənsə də, inandırıcı olmasa da, bu belədir: ötən ilin sonları idi, telefonla danışırdıq. Hiss olunurdu ki, çox ağrıyır, çətin danışırdı. Dedi ki, sənin də 50 yaşın olub, bilməmişəm. Bir az olar xəbər tutmuşam, gec də olsa, təbrik edirəm, 50 yaş əla yaşdır. Dedim, Adil müəllim, hələ yalnız 50-yə keçmişəm, yubileyi, inşallah, birlikdə qeyd edəcəyik. Qismət olmadı. Allah rəhmət eləsin, ruhu şad olsun.

Bir dəfə məndən soruşdular ki, heç «Marakana»dan reportaj aparmaq ürəyimdən keçibmi? Cavab verdim ki, hansı şərhçi bunu istəməz. Təbii ki, istərdim, amma mənim üçün «Marakana» da, «Nou Kamp», «Santyaqo Bernabeu», «San-Siro» da «İmarət»dir - xan çinarlara bürünmüş, Xan qızı Natəvanın uyuduğu, oyundan əvvəl Xan Şuşinskinin «Qarabağ şikəstəsi»nin səsləndirildiyi, ot örtüyü insanları tək təbii olan, gəncliyimin, təravətimin donub qaldığı Ağdam şəhər stadionu «İmarət».

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın