İlqar Quluzadə: "Mən Xəzər-Lənkəran"ın yox, "Neftçi"nin vitse-prezidentiyəm"

İlqar Quluzadə: "Mən Xəzər-Lənkəran"ın yox, "Neftçi"nin vitse-prezidentiyəm"
MÜSAHİBƏ 20 May 2009 / 19:00 4469
-  A +

“Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə Qol.Az-a müsahibə verib.



Komanda nə vaxt bir araya gələcək?
- İyunun 1-də.
Hazırlıq planı məlumdur? Komanda təlim-məşq toplanışını harada keçəcək?
- Hələ bu məsələ dəqiqləşməyib.
Stefanovla Olefirin klubdan gedişinə səbəb müqavilələrinin başa çatması oldu, yoxsa...
- Hər ikisinin müqaviləsi başa çatmışdı. Baş məşqçi isə onların xidmətində maraqlı olmadığından, biz də müqavilənin müddətini uzatmadıq.
Onlardan başqa da futbolçuların “Neftçi”ni tərk edəcəyi gözlənlir?
- Artıq daha 3 futbolçu ilə də yollarımızı ayırmışıq.
Ali Cansunla Suat Usta komandada qalacaqlar? Son vaxtlar bəzi mətbuat orqanlarında bu futbolçuların da “Neftçi”dən ayrılacağı söylənilir. Konkret olaraq Ali Cansunun adı bu mənada daha çox hallanır.
- O xəbəri kim yazıb gedin, ondan da soruşun. Məndə belə məlumat yoxdur. Onsuz da mətbuat nə istəyir, onu da yazır.
Hər halda klubun rəhbər şəxsi kimi “Neftçi” ilə bağlı istənilən məsələyə münasibətinizi öyrənməliyik.
- Mən də dedim ki, bununla bağlı heç bir məlumatım yoxdur.
“Neftçi”yə yeni mövsüm üçün neçə futbolçu cəlb etməyi planlaşdırırsınız?
- Bu sualı baş məşqçimizə versəniz, daha yaxşı olar. Çünki kluba futbolçular baş məşqçinin istəyi ilə dəvət olunur. O, siyahını tutub, gətirib bizə təqdim edəcək. Mən vitse-prezidentəm, kluba oyunçu seçmirəm ki. Əgər seçsəydim daha baş məşqçini neynirdim, elə özüm gedib onun işini görərdim da.
Niyə ki, qış hazırlıq dövründə “Neftçi”yə gələn legionerlərin çoxu elə konkret sizin vasitənizlə gəlmişdi.
- O başqa. Həmin vaxtı almaniyalı baş məşqçi kimi istəmişdi biz də danışıq aparıb kluba dəvət etmişdik.
Mətbuat cari mövsümdəki çıxışına görə “Neftçi”ni və xüsusən də onun rəhbərliyini çox tənqid etdi...
- Bayaq dediyim kimi, mətbuat onsuz istədiyini yazır da. Elə görürsən kimin ağzına nə gəldi yazır.
Gəlin bunu hamıya aid eləməyək də. İkinci bir tərəfdən sizcə, bu tənqidlərin hamısı haqsızdır? Yəni onların içərisində haqlı tənqid olmayıb?
- Ümumi danışmayaq. Konkret nəyi nəzərdə tutursunuz?
Elə “Neftçi”nin bu mövsümdəki çıxışından tutmuş, Gedenin baş məşqçi postuna gətirilməsinə kimi hər şeyi. Məsələn, klubun hələ də bazası və şəxsi stadionu yoxdur.
- Bakının hansı klubunun şəxsi stadionu var?
Heç birinin. Məgər bu, haqlı tənqid deyil? Deyəsən, sizi tənqid edənləri xoşlamırsınız?
- İşləyən adam tənqid olunmalıdır.
“Bakı”nın çempionluğunu necə qəbul elədiniz?
- Çox gözəl və onları bu münasibətlə təbrik edirəm. “Bakı” həqiqətən də çempionluğa layiq idi.
Bəs “Simurq”un bürünc medal qazanması sizin üçün sürpriz olmadı ki?
- Mən indi “Simurq” haqqında da danışmalıyam? “Bakı”nın soruşdunuz dedim ki, təbrik edirəm. “Simurq” haqda nə deyim? Azərbaycan Premyer Liqasından oynayan 14 klubdan biridir də.
Yəqin ki, əbədi rəqibiniz “Xəzər-Lənkəran”ın da çıxışına münasibət bildirməyəcəksiniz?
- Mən “Neftçi”nin  vitse-prezidentiyəm, “Xəzər-Lənkəran”ın yox. “Xəzər-Lənkəran”In öz rəhbərliyi var və qoy öz çıxışları haqqında elə özləri fikirləşsinlər. Bizim öz problemimiz başımızdan aşır, başqalarının problemi haqqında fikirləşməyə halımız yoxdur.
Biz sizdən tək “Neftçi”nin vitse-prezidenti kimi yox, ümumiyyətlə futbol adamı kimi münasibət soruşduq.
- Hər halda kim istəyər ki, uğursuz çıxış etsin? “Xəzər-Lənkəran” rəhbərliyi də istəməzdi ki, komandaları mövsümü titulsuz başa vursun.
Növbəti mövsüm üçün “Neftçi”nin qarşısına hansı məqsəd qoyulacaq? Ancaq çempionluq, yoxsa avrokuboklara vəsiqə də sizi qane edəcək?
- Yalnız və yalnız çempionluq.
Deyilənə görə, Kamal Quliyev “Neftçi” ilə danışıqlar aparır. Doğru informasiyadır?
- Bu xəbəri kim yayıb, qoy o da suala cavab versin.
Həmin mənbə deyir ki, siz artıq razılığa gəlmisiniz.
- Yox, doğru deyil. Belə bir şey yoxdur.
Sonda ölkə kubokunun finalında fəxri mükafatı kimin qazanmasını istərdiniz?
- Kim layiqdirsə qoy o da qalib gəlsin.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın