“Anar Salmanovun “Bakı”ya simpatiyası hiss olunurdu”

“Anar Salmanovun “Bakı”ya simpatiyası hiss olunurdu”
MÜSAHİBƏ 8 Oktyabr 2012 / 12:28 2291
-  A +

“Qəbələ” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol. Az saytına müsahibəsi

- Premyer Liqanın VIII turunda səfərdə “Bakı”yla 1:1 hesabıyla bərabərə qaldığınız oyun haqda fikirlərin necədir?

-  Bu görüşə ciddi hazırlaşmışdıq. Bilirdik ki, çox çətin olacaq. Çünki “Bakı”nın heyəti səviyyəli legionerlər az deyil. Bizdə yeni baş məşqçinin gəlişiylə komanda yoldaşlarımın əhval-ruhiyyəsi çox yüksək idi. Bilirdik ki, ən azı məğlub olmayacağıq. Sözsüz ki, Bakıya üç xal üçün gəlmişdik. Lakin düşünürəm ki, hazırkı durumda  bir xal da normaldır.

- Matçın 14-cü dəqiqəsində Viktor Mendinin qolu sayəsində önə keçsəniz də, hesabı qoruya bilmədiniz. Buna səbəb nə idi?

- Komanda oyuna yaxşı başlamışdı. Xüsusən də ilk hissədə rəqibi sıxışdırmışdıq. Demək olar ki, “Bakı”ya oynamaq imkanı vermədik. Hesabı qoruya bilməməyimizə gəlincə, buna fiziki cəhətdən axsamamız səbəb oldu.

- Qarşılaşmanın 43-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoydun.

- Mənim fikrimcə, adi eppizodlara görə sarı vərəqə vermək düzgün deyil.  Sadəcə, hər iki futbolçu top uğrunda mübarizə aparırdı. Yəni mən rəqibə bilərəkdən zərbə endirmədim. Bəlkə də, birinci sarı vərəqəni haqlı saymaq olardı. Lakin ikinci sarı vərəqə düz deyildi.

- Sözlərindən belə çıxır ki, baş hakim Anar Salmanovun idarəçiliyindən narazı qalmısan.

- Anar Salmanovdan tam olaraq narazı qalmamışam. Oyunu normal səviyyədə idarə etdi. Lakin “Bakı”ya simpatiyası da hiss olunurdu. Düşünürəm ki,  ikinci sarı vərəqəni göstərməyə də bilərdi. Ən azı xəbərdalıq edərək bağışlamaq olardı.

- Qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra komandan qapısında qol gördü. Xal itirdiyinizə görə özünü günahkar hesab edirsən?

- Bəli.  Soyunub-geyinmə otağında da qanım qaralmışdı. Ən azı daha diqqətli və səbirli olmalıydım. Lakin  istənilən halda komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm ki, mənim yoxluğumu o qədər də hiss etdirmədilər. Oyundan sonra baş məşqçimiz Ramiz Məmmədov və komanda yoldaşlarım mənə təskinlik verdilər.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər