Kəlmənin bitdiyi yer: Messi!

Kəlmənin bitdiyi yer: Messi!
XƏBƏR 6 Oktyabr 2012 / 17:00 4133
-  A +

Sabah İspaniyada növbəti “El Klassiko” oynanılacaq. Matç öncəsi yenə bütün diqqətlər Leonel Messi ilə Kristiano Ronaldonun üzərindədir. Etiraf edək ki, Messinin oyununu gözləyənlər daha çoxdur. Təsadüfi deyil ki, artıq çoxu onu bu dünyanın adamı hesab eləmir.

Qol.Az saytı da “El Klassiko” öncəsi ulduz futbolçunun həyatından bəhs edən yazını sizə təqim edir.



Maradonaın vəlihədi

Tanınmağa başladığı ilk günlərdən Maradonanın vəliəhdi sayılmağa başladı. Əslində, ilk vaxtlarda heç kim bu futbolçu haqqında danışarkən, inamla “bəli, Maradonanın davamçısı yetişir” kəlməsini işlətmirdi. Çünki Agentina futbolunda daha öncə bu cür bənzətmələr olsa da, sonradan gümanlar özünü doğrultmamışdı. Belə ki, haqqında danışılan, böyük gələcək cəd edildiyi söylənilən futbolçular sonradan bəslənən ümidləri tam doğrulda bilməmişdilər.  Daha da konkretləşdirsək, Argentina futbolunun Maradonadan sonra yetişdirdiyi ən böyük ulduzlardan olan Ariel Orteqa, Marsello Qalyardo, Xavier Saviola kimi bir çox futbolçunun adı yeni-yeni parlanağa başladıqları ilk illərdə  “Maradonanın vəliəhdi” adına layiq görülmüşdü. Amma di gəl ki, sonradan hər  kəsin yanıldığı üzə çıxdı. Muzeydən çıxardılan əfsanəvi 10 nömrəli formanı Maradonadan sonra geyinən ilk argentinalı futbolçu olan Ariel Orteqa təkəbbürü sayəsində belə demək mümkünsə, özü özünü bitirdi. Halbuki ilk günlərdə hər kəs məhz onun simasında yeni Maradonanın yetişdiyini deməyə başladı. Hətta 1998-ci il Fransada keçirilən dünya çempionatında Orteqanın daha da parlayaraq əsl istedadını ortaya qoyacağını və Argentina millisini arxasınca aparacağını proqnozlaşdırırdı. Ancaq bütün proqnozlar alt-üst oldu. Komandasını arxasınca aparmaq bir yana, Ariel əksinə Argentinanın yarımfinala gedən yolunu bağladı. Belə ki, Hollandiya ilə ¼ final matçının ikinci hissəsində başı ilə rəqib qapıçı van der Saarın çənəsinə kələ atan Orteqa qarşısında qırmızı vərəqə görərək meydançanı tərk etdi və komandasını 10 nəfərlə qoydu. Bunun nəticəsində üstünlük qazanan hollandlar 89-cu dəqiqədə Dennis Berqampın qolu sayəsində 2:1 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazandılar. Həmin mundialdan sonra Orteqa yüksək səviyyədə futbol oynaya bilmədi.  Qalyardoya gəlincə, onun ulduzu parlamağa macal tapmamış söndü.  Saviola ilk vaxtlar diqqət çəkməyə və “Barselona”ya transfer olunmağa macal tapsa da, tam istənilən səviyyəyə gəlib çıxa bilmədi. Baxmayaraq ki, bir ara “Barselona”nın əvəzedilməz futbolçularından birinə də çevrilmişdi. Lakin bütün bunlar Maradona səviyyəsinə qalxmağa imkan vermədi. Hazırda isə bu futbolçu  hələ də batmamaq üçün çabalayır.



Çəlimsiz ulduz

Fəqət bütün bu adamlardan sonra yep-yeni bir gənc çıxdı meydana. Zəif, çəlimsiz, uşaq... Bəli, düz tapdınız, artıq söhbəti bugünkü qəhrəmanımızın üzərinə gətirmək olar. Lionel Messidən bəhs edirik. Mətbuatın, futbol ictimaiyyətinin deyil, birbaşa Maradonanın özünün vəliəhdi adlandırdığı adamdan. Onun hər oyununu izləmək üçün milyonlarla futbol azarkeşi ekran başına keçir. Ayaqlarına sanki yapışdırdığı topla davranışlarını izləmək üçün ekranın qarşısından ayrılmayan futbolsevərlər onun oynadığı oyunu futbol adlandırmağa çətinlik çəkir. Doğurdan da, əgər, Messi də futbol oynayırsa, bəs o zaman digər futbolçular nə edir? Yox, bu oğlan ayrı oyun oynayır. Amma bu qədər möhtəşəm və klass oyunuyla dünyanı özünə heyran qoyan bu gəncin acı, yoxsul və kədərli həyatı barədə çoxlarının məlumatı yoxdu. Əgər düşünürsünüzsə ki, onu “Barselona” Argentinada kəşf edərək İspaniyaya gətirib ulduz edib, yanılırsınız. Əsl həqiqət tamam başqa cürdür və indi biz sizə məhz bu haqda bəhs edəcəyik və Messi haqqında bəlkə də ilk dəfə eşidəcəyiniz faktlarla tanış olacaqsınız.

 

Messinin hormonal problemləri

Messi 1987-ci il iyunun 24-də Argentinanın Rozario şəhərində həddən artıq yoxsul bir ailədə doğulub. Ailəsinin tək övladı olan Messi çox xəstə idi. Müalicəsi üçün peşəkar həkimlər lazım idi. Həmin peşəkar həkimləri axtarmaq , tapma üçün isə təbii ki,  pul lazım idi. Tələb olunan pulu Argentinada qazanmaq mümkünsüzdü. Bu üzdən də ailəsi İspaniyaya köçdü.
Messinin hormonal problemləri var idi. Yeniyetməlik dövründə digər bütün yaşıdlarından fərqli olaraq, inkişaf edə bilmir, böyümürdü. Buna baxmayaraq, xəstəliyi onun futbol oynamasına əngəl olmurdu. 5 yaşında futbola başladığı ilk klubu “Qrandoli”də oynadığı zaman futbolu ilə hər kəsin dilində gəzirdi. Yeni bir ulduz yetişirdi, ta o zamandan bəlli idi.
Argentinanın “Newells Old Boys” komandası gecikmədi. Messi bir müddət bu klubda oynadı. Bütün argentinalı ulduzların oynamalı olduğu “River Plate” və “Boka Juniors”dan birincisi cəld tərpənərək yeniyetmə Lioneli heyətinə qatdı.



Zirvəyə doğru

Amma heç də hər şey düzəlməmişdi və balaca Messi təcili müalicə olunmalı idi. Əks halda futbol oynaya bilməyəcəkdi. Bu üzdən də o, sevimli futbolunu yarımçıq qoyub, İspaniyaya müalicəyə getməli idi. Messi 13 yaşında İspaniyaya getdi. Həm müalicə olundu, həm futbol oynamağa davam elədi. İspaniyada bir çox klubun uşaqlardan ibarət komandalarında oynadı. Bu arada “Barselona” da onu izləməyə davam edirdi. Və tezliklə Messi “Barsa”ya gəldi. Gördüyünüz kimi, Kataloniya klubu onu heç də Argentinada yox, İspaniyanın özündə kəşf edib. Məhz bundan sonra Barselona təmsilçisi bütün lazımı imkanları həyata kçeirərək qəhrəmanımızın müalicəsini yüksək səviyyədə təşkil edir və Messi tezliklə sağalaraq daha da artıq güc və əzmlə “Barselona”nın düşərgəsinə gəldi.İlk öncə əvəzedicilərin çempionatında oynadı, amma Messi bu çempionata ağır gəldi. Raykard qısa bir müddət sonra onu əsas heyətə dəvət etdi. İndinin ulduzu, o vaxtın kəşfi “Barselona” formasında çıxdığı ilk rəsmi oyunda meydana sonradan girməsinə baxmayaraq, qol vurdu. Bu da onun öz adını “Barsa” tarixinə yazdırmasına kifayət etdi. O, 17 il, 10 ay, 7 günlük ikən “Barselona”da qol vuraraq, klub tarixində qola imza atan ən gənc futbolçu oldu.
Bunun ardınca 2005-ci ildə Argentinanın 20 yaşlılarından ibarət milli komandası ilə birlikdə dünya çempionatına getdi. Orada da özünü sübut etdi, onu izləyən hər kəsi oynadığı futbola heyran buraxdı. Komandası çempion oldu. Messi özü isə həmin çempionatın həm qol kralı oldu, həm də ən dəyərli oyunçusu. Bu da, yaxın zamanda futbol aləmini yerindən oynadacaq birinin gəldiyinə işarə idi.
Messi Argentina millisinin formasında çıxdığı ilk oyunda - Macarıstanla maçda meydana girdikdən cəmi 20 saniyə sonra rəqibini dirsəklə vurduğu üçün qırmızı kart alaraq oyunu tərk etmişdi. Həm də necə tərk. Göz yaşları içərisində, hönkürərək. Bu onun hələ də uşaq olduğuna işarə idi. O yaşlar oyuncağını əlinə alan kimi sındırmış uşağın gözyaşları idi. O oyundan sonra artıq Messinin ulduz xəstəliyinə tutulduğunu deyənlər var idi. Amma...



Yığmanın ən böyük "silahı"

Hazırda Messinin oynadığı futbolu bəyənməyənlər də ola bilər. Bəlkə də, kimlərsə iddia edir ki, “Barselona”nın bu uğuru, Messinin hər oyunda vurduğu bir-birindən gözəl qollar komanda oyunun nəticəsidir və Messinin bu qədər şişirdilməsi “Katalonlar”ın digər oyunçularına qarşı ədalətsizlikdir. Bəli, “Barselona” bu gün Avropanın ən güclü komanda oyunu oynayan klubudur. Amma...
Amma tarixin bütün dövrlərinə nəzər salsaq görərik ki, bütün böyük uğurlarda ortaya çıxan liderləri saymasaq, onları böyütməsək, əldə olunan uğur bir xeyli öz əhəmiyyətini itirər. Bu baxımdan, bu gün Messinin “Barsa”nı təkbaşına çiyinində daşıdığını söyləmək ədalətsizlik olar,  amma Messisiz “Barselona” da bu futbolu oynaya bilməz. Bəlkə də şişirdirik, amma Messisiz futbol sanki futbol olmaz, Messisiz futbol bu cür gözəl, bu cür baxımlı, bu cür möhtəşəm və zövqlü olmazdı.
Bugün onun oyununu, topla davranışlarını izləyərkən, ancaq bu sözləri demək keçir adamın könlündən: "Messi! Messi! Messi!!!". Necə ki “Barselona”nın oyunlarından birini şərh edən Türkiyənin “NTV Sport” telekanalının şərhçisi argentinalının möhtəşəm, ağlasığmaz driblinqlərini və yekunda vurduğu heyrətamiz qolu şərh etməyə söz tapmadığından fikrini bu sözlərlərlə bititmişdi: “Kəlmənin bitdiyi yer: Messi!”  

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi