Aqil Məmmədov: "Dünya şöhrətli qapıçılar da belə səhvlər edir"

Aqil Məmmədov: "Dünya şöhrətli qapıçılar da belə səhvlər edir"
MÜSAHİBƏ 6 Oktyabr 2012 / 16:05 2820
-  A +

“Bakı” klubunun qapıçısı Aqil Məmmədovun Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ” ilə keçirdikləri oyun haqda danışıb.

- Azərbaycan Premyer Liqasının VIII turunda evdə “Qəbələ”ylə 1:1 hesabıyla bərabərə qaldınız. Oyunla bağlı təəssüratların necədir?

- Çox gərgin bir matç oldu. Fikrimcə, üstünlük bizim tərəfimizdə idi. Xeyli real qol imkanımız olsa da, bunlardan yalnız birindən istifadə edə bildik. Deməzdim ki, bəxtimiz gətirmədi. Sadəcə, oyunumuz istədiyimiz kimi alınmadı.

- Bəs qarşılaşmanın 14-cü dəqiqəsində buraxdığın qoldan sonra hansı hissləri keçirdin?

- Top elə bir tərzdə qapı tərəfə göndərildi ki, elə bildim uzaq küncə gedir. Məndə buna uyğun özümü hazırlamışdım. Lakin hər şey əksinə oldu. Top gözlənilmədən istiqamətini dəyişdi. Elə bil topun səmtini kimsə əliylə dəyişib tora saldı. Buraxılan qola görə çox pis oldum. Futbolda belə şeylər olur. Nəzər almaq lazımdır ki, bu, cari çempionatda mənim əsas heyətdə ilk oyunum idi. Çünki əsgərlik səbəbindən bir müddət komandadan uzaq düşmüşdüm. Birdə ki, dünya şöhrətli qapıçılar da belə səhvlər edir. Heç bir qapıçı belə səhvlərdən sığortalanmayıb. Amma oyun zamanı bir neçə dəfə komandamı real qoldan xilas etmişdim.

- Qol buraxdıqdan sonra artıq yenə məğlub olacağınızı düşünmədin?

- Düzdü, qoldan sonra komanda özünə bir az gec gəldi. Lakin qarşıda oyunun nəticəsini dəyişmək üçün hələ kifayət qədər vaxt vardı. Ancaq özümüzdə güc taparaq bərabərlik qolunu vurmağı bacardıq. Hətta qalib də gələ bilərdik. Sadəcə, real qol imkanlarından istifadə edə bilmədik.

- Rəqibin müdafiəçisi 43-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra “Bakı”nın oyununda canlanma yarandığını söyləmək olar?

- “Qəbələ” azlıqda qalmazdan öncə də biz yaxşı təsir bağışlayırdıq. Rəqibi qapısına doğru sıxışdırmağı bacarmışdıq. Sadəcə, onlar hesabda irəlidə olduqlarından müdafiəyə daha çox diqqət ayırmışdılar.

- Ümumi götürsək, “Bakı”nın oyunu hələ də istənilən səviyyədə deyil...

- Hər şey qaydasındadır. Komandanın oyunu olsa da, son nöqtəni qoya bilmirik. Hər şey var bircə, qol yoxdur.

- “Qəbələ” ilə görüşdəki nəticəni komandanız üçün qənaətbəxş hesab etmək olarmı?

- Əlbəttə. Güclü rəqiblə oyunda bir xal önəmlidir. Birdə ki, məğlub olmaqdansa, bir xal yaxşıdır. Bir az da artıq vaxt qalsaydı, ola bilərdi ki, qələbə topunu da vura bilərdik.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı