“Kapitanlıq sarğısı məndən alınmayıb”

“Kapitanlıq sarğısı məndən alınmayıb”
MÜSAHİBƏ 6 Oktyabr 2012 / 12:43 3272
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Elmar Baxşıyev Qol.Az saytın suallarını cavablandırıb. Müsahibədə futbolçu Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Bakı” ilə bərabərə (1:1) qaldıqları oyun və növbəti turda “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri görüş haqda danışıb


“HAKİMİN QƏRARI HAQLI İDİ”

- Başlayaq “Bakı” ilə oyundan...

- Həmin oyundan öncə qələbəyə köklənmişdik və məqsədimiz üç xal qazanmaq idi. Ancaq futbolçumuzun qırmızı vərəqə alması bütün planlarımızı alt-üst etdi.

- Səncə, həmin qırmızı vərəqə nəticəyə təsir etdi?

- Nəticəyə yox, amma oyuna təsir etdi.

- Bəs, necə düşünürsən, hakim Rövşən Əmiraslanovu meydançadan qovmaqda düzgün addım atdı?

- Hakimin qərar haqlı idi. Çünki Rövşən doğrudan da kobud oynamışdı ki, bu da aşkar sarı vərəqə idi. Daha əvvəl bir sarı vərəqə də aldığından hakim haqlı olaraq ikinci sarı vərəqəni göstərib onu meydançadan çıxardı.

“BİZDƏ ƏSAS KAPİTAN VURĞUN HÜSEYNOVDUR”

- Ancaq bəzən olur ki, komandalar on nəfərlə qalmasalar da, qələbə qazana bilirlər. Sizə nə mane oldu?

- Çox çətin idi. Çünki biz azlıqda qalandan sonra “Bakı” daha böyük qüvvə ilə irəli atıldı. Hətta müdafiəçiləri də hücuma qoşulurdu, xeyli irəli çıxırdı. Buna görə, qələbə hesabını saxlaya bilmədik.

- İkinci hissədə əvəzlənməyini nə ilə izah edərdin?

- Bu, baş məşqçinin taktiki gedişi idi və onun qərarına hörmətlə yanaşıram.

- Ramiz Məmmədov baş məşqçi postuna gələndən sonra kapitanlığı səndən alıb Rəşad Abdullayevə verdi...

- Xeyr, elə deyil. Ümumiyyətlə, bütün saytlar, qəzetlər belə yazır ki, guya sarğı məndən alınıb. Amma açıqlama gətirərək, onu deyim ki, əslində bizdə dörd futbolçu var ki, onlara kapitanlıq sarğısı həvalə olunur. Bunlar mən, Aleksandr Çertoqanov, Rəşad Abdullayev və Vurğun Hüseynovdur. Yəni, zaman-zaman sarğı bu dörd futbolçunun qolunda olur. Son iki oyunda da Rəşad kapitan kimi meydançaya çıxıb.

- Bəs, əsas kapitan kimdir?

- Vurğun Hüseynov.

“KAMRANIN BAĞIŞLANMASINA ÇOX SEVİNDİM”

- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşırsınız. Rəqib son turda səfərdə AZAL-ı məğlub etdi. Sizin üçün çətin olmayacaq ki?

- Çətin olacaq, amma daha yuxarı pillələrə qalxmaq istəyiriksə, o zaman Lənkərandan uğurlu nəticə ilə dönməliyik, başqa yolumuz yoxdur.

- Rəqibin qapıçısı Kamran Ağayev yenidən əsas komandaya qayıdır və rəhbərlik onu bağışlayır...

- Bağışlayır? Doğrudan? Bax bu yaxşı xəbər oldu, buna çox sevindim.

- Sevindin? Axı o, sizinlə oyunda əsas heyətdə dayana bilər ki, bu da sizin qələbə şanslarınızı azaldır...

- Olsun. Əsas odur ki, Kamran kimi qapıçı klubsuz qalmamalıdır, oynamalıdır. Çünki o, həm də millinin qapıçısıdır. Həqiqətən onun bağışlanmasına sevindim.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı