Əfran İsmayılov: “Bilmirəm, nə deyim”

Əfran İsmayılov: “Bilmirəm, nə deyim”
MÜSAHİBƏ 18 Sentyabr 2012 / 13:36 4290
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov komandasının Premyer Liqanını beşinci turunda AZAL-a 2:6 hesablı məğlubiyyəti ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb

- AZAL-la görüşdə nə baş verdi?

- Nə deyəcəyimi bilmirəm. Hər şey göz qabağında idi. Oyunumuzun alınmayacağını gözləmirdik. Meydanda bir komanda vardı - AZAL. Rəqib həqiqətən də yaxşı çıxış etdi. Artıq həmin oyunu unudub, növbəti tura hazırlaşmaq lazımdır.

- Yəqin ki, belə ağır məğlubiyyəti gözləmirdiniz.

- Nəinki ağır məğlubiyyət, heç minimal hesabla uduzmaq belə ağlımıza gəlmirdi. Düzü, bu uğursuzluq bizə çox pis təsir edib. Çalışmalıyıq ki, tezliklə bu məğlubiyyəti unudaq.

- Bu uğursuzluqdan sonra baş məşqçiniz Qurban Qurbanov istefa verəcəyini dedi. Bu, sizə necə təsir etdi?

- Bu nəticə çox güman ki, Qurban müəllimə də pis təsir göstərib. Mən istəməzdim ki, o, müəllim komandadan getsin. Qurban Qurbanovun rəhbərlliyi altında oynamaq mənə çox xoşdur. Bir oyunun nəticəsinə görə istefa vermək düzgün olmazdı.  Çünki qarşıda bizi hələ xeyli oyun və qələbə gözləyir.  Mən peşəkar karyerama Qurban müəlllimin rəhbərliyi altında başlamışam.

- Oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanov sənin həddindən artıq zəif çıxış etdiyini dedi...

- Deməli, zəif təsir bağışlamışıq ki, Qurban müəllim də bunu vurğulayıb. Belə götürəndə təkcə mən deyil, bütün komanda zəif oynadı. Mən bu iradla razıyam. Bizdən gözlənilən oyunu ortaya qoya bilmədik. Çünki mənimlə yanaşı hücumda ən çox güvənilən Vaqif Cavadovun da oyunu yaxşı alınmadı. Baş məşqçimiz bu sözləri bizim üçün deyir ki, öz üzərimizdə bir az da artıraq. Daha çoxlu məşq edək.

- Futbolçularınlz meydanda sanki yeriyirdi. Bunu nə ilə əlaqələndirərdin?

- Millinin heyətindən qayıtmağımıza baxmayaraq, elə də yorğun deyildik. Sadəcə, buraxılan qollardan sonra komanda ruhdan düşdü. Bundan sonra 4, 5 və 6-cı qolu da qapımızda gördük. Belə vəziyyətdə nəticəni bərabərləşdirmək artıq mümkün deyil idi.

Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı