“Təyyarə” çox yüksəkdən uçur, “gəmi” isə lövbər sala bilmir

“Təyyarə” çox yüksəkdən uçur, “gəmi” isə lövbər sala bilmir
XƏBƏR 18 Sentyabr 2012 / 13:06 3075
-  A +

Millinin oyunları ilə əlaqədar, çempionatda yaranmış fasilə ötən həftə bitdi və komandalar Azərbaycan Premyer Liqasında beşinci turun oyunlarına çıxdılar.

Qol.Az olaraq, ənənəni pozmuruq və bu turun şərhini də sizə təqdim edirik. Gözlənilməz nəticələrin və kifayət qədər maraqlı məqamların yaşandığını demək olar. Odur ki, keçək şərhlərə.

“Bakı” - “Turan” - 1:1

Bu oyunu birmənalı şəkildə “Bakı”nın passivinə yazmaq lazımdır. Yoxsa, “Bakı” baş məşqçi seçimində yenə yalnışlıq edir? İndi bunu demək çətindi, amma çempionluğu hədəfləyən klub evdə “Turan”a xal verirsə,  sonra bunun yerini doldurmaq çox çətin olacaq. Açığı oyunu izlədiyimdən deyə bilərəm ki, Tovuz təmsilçisi bu xala layiq idi. Təbii, ərazi və epizod üstünlüyü meydança sahiblərinin tərəfində idi ki, bu da normaldır. Əsas odur ki, “Turan” indiki halda lazım olan taktika ilə oynadı və səfərdən qızıla bərabər bir xalla döndü. Əsgər Abdullayev deyəsən, yenə “sehirli çubuğ”unu işə salıb. “Sumqayıt”la məğlubiyyətin səhəri günü toya getdiyi üçün 300 manat cərimələnən Salif Ballo isə sözün əsl mənasında “Bakı”nın müdafiəçilərini əldən saldı. Onun hətta əlavə olunmuş dəqiqədə belə, yorulmadan sürət  yığması, işləməsi çoxlarını çaşdırmışdı. “Bakı”nın heyətində isə bir sıra futbolçular var ki, onlar artıq komandaya xeyir verə bilmirlər. Şəxsən mənim fikrimcə, Nenad Kovaçeviç, Georgi Popxadze, Junior Vilson kimi futbolçular fövqəladə bir şey ortaya qoya bilmir. Düzdür, Vilson bəzi oyunlarda uzaq məsafədən qüvvətli zərbələri ilə yadda qalır. Amma o, məsələn Flavinyonun, Vobayın “Neftçi”yə, Nilsonun AZAL-a, Adamiyanın “İnter”ə etdiyi köməyi “Bakı”ya edə bilmir. Nuredinovski şübhəsiz peşəkar qapıçıya yaraşmayan qol buraxdı. Amma bir səhvə görə onu ittiham etməyin tərəfdarı deyiləm. Növbəti turda “Bakı” “Xəzər Lənkəran”la qarşılaşır. Əgər “zolaqlılar” həmin oyunda da qalib gələ bilməsə, Bojidar Bandoviçin fəaliyyətini müzakirə etmək üçün ilkin səbəblər yaranacaq.

“Kəpəz” - “Qəbələ” - 1:0

“Qəbələ” haqqında fikrimi daha əvvəlki şərhlərimdə bildirdiyimdən təkrara yol vermək istəmirəm. Bu klub iddiasının, strategiyasının uğurlu olmasını istəyirsə, buna layiq bir baş məşqçiyə güvənməlidir. Fatih Kavlakla qarşıya qoyulan hədəfin yarısına belə çatmaq olmayacaq. “Kəpəz” haqda isə ancaq xoş sözlər demək olar. Baş məşqçi postunda ilk qələbəsini qazanan Mahmud Qurbanov məşqçi kimi də uğur qazanacağının ilkin siqnalını verdi.  Onun çox düzgün heyət seçimi də diqqətdən qaçmır. Yeni transferlər Bəxtiyar Soltanovla, Emin İmaməliyevi çox düzgün mövqedə, özü də 90 dəqiqə oynadan gənc mütəxəssis artıq bunun bəhrəsini görür. Düşünürəm ki, “Kəpəz” Gəncədə çempionluğu hədəfləyən bütün klubları çətin anlar yaşadacaq, heç kimə asan təslim olmayacaq.

“Neftçi” - “Xəzər Lənkəran” - 2:1

“Xəzər Lənkəran” heç cürə öz oyununu tapa bilmir. Açığı Yunis Hüseynovun gəlişindən sonra mən də bu klubdan çox şey gözləyirdim. Lakin etiraf edim ki, indiki halda proqnozlaşdırdıqlarımın heç 50 faizini görmürəm. Səbəb isə hələ də optimal, stabil heyətin olmamasıdır. Hüseynov hələ də axtarışdadır. Təsəvvür edin, “Neftçi” tam komplektləşdiyi halda “Xəzər Lənkəran”ın iki futbolçusu bu oyunda debüt etdi. Məlum məsələdir ki, belə olan halda qələbə qazanmaq çətindir. Əgər Beto və Sialmas ilk dəfə Azərbaycan Premyer Liqasında oyuna çıxırsa, Vobay, Flavinyo, Bertuççi, Kanares artıq bu həyəcanı yaşayıblar və bu gün onlar üçün oynamaq daha rahatdır. Məncə, “Xəzər Lənkəran”ın tam komplektləşməsi, yeni gələnlərin kollektivə uyğunlaşması üçün daha 2-3 həftəyə ehtiyacı var. Bir sözlə, “gəmi” hələ ki, lövbər sala bilmir.

“Rəvan” - “Simurq” - 0:2

“Simurq” təəccübləndirməkdə davam edir. Kiçik büdcə, o qədər də bahalı olmayan ortabab  futbolçular və demək olar ki, tanınmayan baş məşqçi ilə ilk “üçlüy”ə daxil olan Zaqatala təmsilçisi belə demək mükünsə, başını aşağı salıb yolunu gedir. Onların hara kimi gedəcəyini isə birlikdə görəcəyik. Ancaq baş məqçi Çxiradzenin işini mütləq qiymətləndirmək lazımdır. Ümumiyyətlə, Zaqatala klubunun seleksiya işi alqışlanmalıdır. Əgər yeni transfer ilk oyundaca dubl edirsə, (ötən tur Popoviç “Turan”ı 2 dəfə məyus etmişdi) deməli, seçim düzgündür. Mario Bojiçin də oyununu xüsusi qeyd etmək olar. Eləcə də qapıçı David Pietrzkieviç inamlı oyunu ilə diqqət çəkir. Əgər fiziki cəhətdən axsamasa, “Simirq” da iddialılara əsl başağrısı olacaq. “Rəvan” haqqında isə ətraflı danışmağa ehtiyac yoxdur. Əslində, Cavad Güləri o şəkildə yola salan komanda bu gün “Simurq”a uduzmağa da layiq idi. Mən düşünürəm ki, rəhbərlik türkiyəli mütəxəssisə şans verib inansaydı, bəlkə də bu gün biz “Simurq”un yox, “Rəvan”ın qələbəsindən yazardıq.

“İnter” - “Sumqayıt” - 1:0

Bu matçın nəticəsi gözlənilməz olmadı. “İnter” təcrübəsi hesabına aktivinə çox vacib üç xal yazdı. Ancaq “bankirlər”in əziyyət çəkməsi yenə diqqətdən qaçmadı. Matçı izləyənlər də gördü ki, “Sumqayıt” bir neçə epizodda sürətli əks-hücumlar təşkil edərək, rəqibi cəzalandırmağa yaxın oldular. Lakin təcrübənin yoxluğu buna imkan vermədi. Ancaq sabah daha təcrübəli futbolçu bu səhvləri “İnter”ə bağışlamayacaq.

AZAL - “Qarabağ” - 6:2

Turun ən gözlənilməz nəticəsi şübhəsiz ki, Şüvəlandakı “AZAL Arena”da baş tutdu. Əgər “Qarabağ”a altı top vuracağını Vaqif Sadıqov özü belə gözləmirdisə, o zaman bizim nəsə deməyimiz artıq olardı. Mən Qurban Qurbanovun istefasının tərəfdarı deyiləm. Düzdür, heç kim Fergüsson, Arsen Venger ola bilməz və hətta Qvardiola belə rekord qazandığı komandadan getdi. Bu mənada nə vaxtsa Qurbanov da postundan gedəcək. Ancaq indi istefa vaxtı deyil. Oyunu izləyənlər də gördü ki, futbolçular açıq-aşkar oynamadılar. Niyə, nə səbəbə, bunu ancaq özləri bilərlər. İlk qolda Arsenjeviç beş “Qarabağ”lının əhatəsindən qol vurur. İkinci qolda AZAL futbolçusu Maksim Medvedyevi elə keçir ki, sanki peşəkar futbolçu həvəskar futbolçunu keçir. Yaxud AZAL-ın beşinci qolunda Namiq Yusifov guya AZAL-ın futbolçusunun qarşısını almağa çalışan Admir Teliyə köməyə gəlir, amma əksinə, Teliyə mane olaraq, rəqibin fərqlənməsinə şərait yaradır. Bir sözlə, “Qarabağ” futbolçuları uşaq səhvləri edərək həm baş məşqçini pis vəziyyətdə qoydular, həm də özlərini biabır etdilər. Təbii ki, çıxış yolu tapılmalıdır. Bəziləri bir sıra futbolçuları cəzalandırmağı, onları oynatmamağı məsləhət görür. Ancaq nəzərə alaq ki, onsuz da “Qarabağ”ın heyəti qısadır və belə vəziyyətdə 2-3 futbolçunu cəzalandırsan, gərək ehtiyat oyunçularsız oynayasan. Sadəcə, yığışıb futbolçularla qəti və sərt söhbət etmək, onları maddi cəhətdən cəzalandırmaq lazımdır. Çünki azərbaycanlı futbolçu üçün pul çox şey deməkdi. Əgər onları bundan məhrum etsən, canları çıxacaq, oynayacaqlar.
AZAL haqqında isə qısaca onu demək olar ki, Vaqif Sadıqov bəlkə də məşqçilik karyerasının ən uğurlu dönəmlərindən birini keçirir. Əla seleksiya işi aparan təcrübəli mütəxəssis futbol ictimaiyyətinə yeni bir komanda təqdim edir. Bu cür davam etsə, AZAL ilk “altılığ”a düşəcək. Necə deyərlər,  hazırda “təyyarə” çox yüksəkdən uçur.

Anar XANLAROV


Son xəbərlər