Vaqif Sadıqov: “Qurban Qurbanov mənim kimi addım atır”

Vaqif Sadıqov: “Qurban Qurbanov mənim kimi addım atır”
MÜSAHİBƏ 17 Sentyabr 2012 / 15:04 5989
-  A +

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqanın beşinci turunda “Qarabağ”a qalib gəldiniz. Yəqin ki, rəqibi 6:2 hesabı ilə məğlub edəcəyinizi siz özünüz də gözləmirdiniz.

- Beu cür hesabı nəinki mən, ümumiyyətlə, Azərbaycandan heç kim gözləmirdi. Nəticədən isə çox razıyam. Düzdü, komandamın oyunundan tam olaraq razı qalmadım. Hücumda yaxşı təsir bağışlasaq da, bunu müdafiə haqda deyə bilmərəm. Arxa xəttə problemlərimiz var. Lakin sevindirici haldır ki, hücumda ələ düşən imkanlardan maksimum istifadə edə bildik. Hesab edirəm ki, çox güclü rəqibə qarşı möhtəşəm qələbə qazandıq. Çünki bu gün “Qarabağ” Azərbaycanın ən güclü komandalardan biridir.

- Hesabın belə böyük olmasına 13 və 19-cu dəqiqədə vurduğunuz erkən qollar təsir etdi?

- Bəli. İstər-istəməz vurduğumuz bu qollardan sonra rəqib hücuma daha çox atılmağa məcbur oldu. Biz də bundan istifadə edib sürətli əks hücumlar qurduq.

- Bu oyunda dörd qol vuran hücumçunuz Junior Nildonu mövsümün kəşfi adlandırmaq olar?

- Mən hesab edirəm ki, çempionatın ən yaxşı oyunçuları Nildo və Zohair Benouahi olacaq. Bu futbolçuları AZAL-ın uğurlu transferləridir. Lakin Nildoda çatışmazlıqlar var. Buna baxmayaq, hücumda öz işini görə bilir.

- Rəqibinizi hansı göstəricilərdə üstələdiniz?

-  “Qarabağ”ı yaxşı təhlil edə bilmişdik. Rəqibimizin səhvlərindan yaxşı istifadə etməyi bacardıq. Həmçinin mərkəzdə pressinq etməklə, topa daha çox nəzarət etdik, sürətli hücumlar qururduq.

- Bu məğlubiyyətdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun istefa vermək istəməsi barədə qərara münasibətiniz necə oldu?

- Qurban Qurbanov da mənim kimi qoç bürcündəndir. Bəzən o mənim hərəkətimə bənzəyən addımlar atır. Bir zamanlar mən də məğlubiyyətlərdən sonra istefa verirdim. Lakin həyat təcrübəmə əsaslanıb Qurban Qurbanova məsləhət görərdim ki, belə tələsik addım atmasın. O, “Qarabağ”da qalıb işini davam etdirməlidir. İnanıram ki, mütləq istədiyi nəticəni əldə edəcək.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi