AFFA nümayəndəsinin Sumqayıt “şou”su

AFFA nümayəndəsinin Sumqayıt “şou”su
XƏBƏR 20 Avqust 2012 / 13:13 6805
-  A +

Dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində Sumqayıtda oynanılan “Sumqayıt”- “Qarabağ” matçı bir çox məqamları ilə diqqətimi çəkdi. Oyunla bağlı heç nə yazmayacağam. Çünki bu haqda sabah ənənəvi olaraq, turun şərhindən bəhs edən yazımda öz fikirlərimi bildirəcəyəm. Bu yazımda isə sırf oyunun AFFA nümayəndəsinin fəaliyyətinə toxunacam.

Bu oyuna təyin olunmuş AFFA nümayəndəsi Əliyar Xanəliyev dünən Sumqayıt stadionunda sözün əsl mənasında şou göstərdi. Öncə xatırlatma olaraq, bildirim ki, AFFA nümayəndəsinin əsas vəzifəsi oyun öncəsi matçın keçiriləcəyi stadionun qarşılaşmaya hazır olub-olmadığını yoxlamaqdı. Yəni, otun hündürlüyü, soyunub-geyinmə otaqlarının durumu, təcili yardım, yanğınsöndürən maşınların vaxtında arenaya gəlib-gəlməməsi. Eyni zamanda AFFA nümayəndəsi oyunsonrası keçirilən mətbuat konfransının təşkilini də diqqətdə saxlayır. Ancaq Xanəliyev dünən öz vəzifəsindən başqa hamının vəzifəsini icra eləmək eşqinə düşmüşdü. Onun öncə rəislik damarı tutdu.

Belə ki, AFFA nümayəndəsi öncə polis işçilərinə yaxınlaşaraq göstərişlər verməyə başladı. Bunu görən mayor rütbəli polis rəisi Xanəliyevi aşağı çağıraraq “rəsi mənəm, sən get öz işinlə məşğul ol, mənim işimə qarışma” deməyə məcbur oldu. Maraqlıdır ki, bu zaman pilləkənləri aşağı edən Əliyar kişi tribunanın lap aşağı hissəsində dayanan sıravi azarkeşlərə “siz də burda dayanmayın, keçin o tərəfdə dayanın” deməyi də unutmadı.  Az öncə yuxarıda AFFA nümayəndəsinin səlahiyyətlərini qeyd etdik. Bu səlahiyyətlərin sırasında asayişi qorumaq, polis işçilərinə, azarkeşlərə göstəriş vermək yoxdur. Asayişi polis qoruyar və həmin polis də rütbəcə özündən böyük rəisin əmrinə tabedir.

İkinci böyük “şou” oyunsonrası mətbuat konfransı zamanı yaşandı. Belə ki, baş məşqçilər yerlərini tutar-tutmaz əlində dəftərçəsi ilə onların başının üstünü kəsdirən Xanəliyev “hakimliklə bağlı danışmaq qəti qadağandır” tapşırığını verdi. Bildirdi ki, bu, baş verərsə, həmin məşqçi cəzalanacaq. Media işçilərinin “biz öz sualımızı verəcəyik, cavablandırıb-cavablandırmamaq baş məşqçilərin işidir” fikrinə isə, “xeyr, bu haqda sual vermək də qadağandır” cavabını verdi. AFFA nümayəndəsi dediyi fikirlərə sübut kimi əsasnaməni göstərdi. Daha sonra isə dəftərçəsini açaraq düz Qurban Qurbanovun başının üstündə dayandı.

Birincisi, şəxsən mən əsasnaməyə belə bir bəndin salınmasına qəti qarşıyam. Bu, birbaşa söz, fikir azadlığına ziddi. Necə yəni, hakim mənim haqqımı tapdalasın, çəkdiyim əziyyəti yerə vursun, amma mən buna etirazımı bildirmək hüququndan məhrum olum? Bu, harada görünüb? Kimlərsə dünya miqyasında da bu cür qadağaların olduğunu deyə bilər. Ancaq mən bir misal çəkim, hər şey aydınlaşacaq. Son Avropa çempionatının Ukrayna-İngiltərə oyununda baş hakim ukraynalıların təmiz qolunu qeydə almadı və bu komandanın baş məşqçisi Oleq Bloxin oyunsonrası mətbuat konfransında hakimin ünvanına olan narazılğını çox kəskin şəkildə ifadə etdi. Ancaq UEFA nəinki Bloxini cəzalandırdı, əksinə həmin görüşdə kobud səhvə yol verən hakimlər briqadasını evə yolladı.

İkincisi, əsasnamə ilə danışırsınızsa, mən də əsasnamə ilə danışacağam. Həmin əsasnamədə eyni zamanda qeyd olunub ki, hakim öz idarə etdiyi oyun haqqında tək kəlmə də danışa bilməz. Ancaq Elçin Məmmədov dəfələrlə əsasnamənin bu müddəalarını tapdalayaraq öz idarə etdiyi oyun haqda fikirlər bildirib. Lazım gəlsə, konkret faktları da ortaya qoya bilərəm. İndi sual verirəm, necə ola bilər ki, Elçin Məmmədov əsasnaməyə ziddi olaraq, öz idarə etdiyi oyun haqda danışa bilər, amma hakim haqsızlığı ilə üzləşən məşqçi yox? Məntiq gördünüzsə, mənə göstərin.

Üçüncüsü, lap deyək ki, əsasnamədə baş məşqçilərə hakimliklə bağlı danışmaq qadağan edilib. Ancaq çox hörmətli Əliyar müəllimin diqqətinə çatdırmaq istəyirəm, heç bir əsasnamədə “jurnalistə hakimliklə bağlı sual vermək qadağandır” kimi bir bənd salınmayıb. Jurnalist müsahibinə mövzuya uyğun olaraq, istənilən sualı vermək hüququna malikdir. Eyni zamanda qarşısındakı şəxsin də bu suala cavab verməmək ixtiyarı var. Bu mənada, sizin jurnalistlərə “hakimliklə bağlı sual vermək olmaz” kimi tələb irəli sürməyiniz olduqca gülünc idi.

Sonda deməyim odur ki, AFFA nümayəndələri arasında da köklü islahatlara ehtiyac var. Artıq yaşlı işçilərə bu günə qədər göstərdikləri fəaliyyətlərinə görə “sağ ol” deyib, onları daha gənc, dinamik, işini daha dəqiq və məsuliyyətli bilən yeni kadrlarla əvəz etməyin vaxtıdır.

Anar XANLAROV

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər