Biz niyə futbolsuz qalmalıyıq?

Biz niyə futbolsuz qalmalıyıq?
ÖLKƏ FUTBOLU 13 Avqust 2012 / 13:12 7132
-  A +

Son günlər futbol ictimaiyyəti arasında ən çox müzakirə olunan mövzularından biri, bəlkə də birincisi futbol üzrə ölkə çempionatının yayın məsələsidir. Məsələdən hali olanlar bilir, bilməyənlərin nəzərinə qısaca onu çatdırım ki, bu mövsümdən etibarən çempionatın yayım hüququ klublardan alınaraq, yenidən Peşəkar Futbol Liqasına (PFL) verilib. Yəni, çempionatı yayınlamaq istəyən telekanallar artıq bunun üçün klublara yox, PFL-ə üz tutmalıdır.

PFL də deyir ki, filan qədər pul ödə, yayın hüququnu verim sənə. Telekanallar isə həmin məbləğin olduqca çox olduğunu deyərək, bunu vermək fikirlərində olmadıqlarını bildiriblər. Yekunda isə itirən yenə sadə azarkeşlər, futbolsevərlər oldu. Prinsipcə, mən hər iki tərəfə haqq verirəm. Yəni, PFL deyir ki, nə vaxta qədər qeyri-peşəkar, müqaviləsiz işləyəcəyik? Avropa necə, biz də elə. Burada bu qurumu qınamaq olmaz. Gec-tez bu metod bizdə də işləməlidir. Oyunları yayınlamaq istəyirsən, gəl, tələb olunan məbləği ödə, yayın hüququnu al, get, istədiyin oyunu canlı yayınla. Eyni zamanda telekanalları da qınamaq olmur. Onlar da deyir ki, tələb olunan məbləğ  Azərbaycan futbolunun səviyyəsindən çox-çox yuxarıdır. Azərbaycan çempionatının oyunlarına maraq azdır, reklamçılar, ümumiyyətlə, bu sahəyə maraq göstərmir və belə olunca telekanallar da ziyana işləmək istəmir.  Gördüyünüz kimi, hər iki tərəfin özünə görə arqumenti var. Hər iki tərəfin arqumentləri haqlıdır. Deməli, bir yol qalır: kompromisə getmək.

Hər iki tərəfi, ən əsası, Azərbaycan futbolunu, azərbaycanlı futbolsevəri razı salacaq qərar qəbul olunmalıdır. Bəli, mən də etiraf edirəm ki, 500 min manat Avropada normal sayılsa da, Azərbaycan çempionatı üçün yüksək məbləğ sayıla bilər. Məsələn, srağagün PFL-in saytından “Qarabağ” -“Neftçi” matçını izlədim. Turun mərkəz görüşü olsa (özü də iş saatından sonra, istirahət günü keçirilir) da, tribunalar bom-boşdu. İndi siz deyin, hansı telekanal boş tribunalar önündə oynanılan oyuna 500 min manat ödəyər? Amma bu o demək deyil ki, PFL yayın hüququnu telekanallara havayı verməlidir. Bunu da qəbul etmirəm. İstənilən halda oyunu yayınlamaq istəyən telekanal PFL-lə razılığa gəlməli və federasiyanın hesabına müəyyən məbləğ ödəməlidir.

İkinci bir məsələ, telekanallara oyunlardan çəkiliş aparmağı qadağan etmək, onlardan buna görə də PFL-lə müqavilə bağlamağı tələb etməkdi. Prinsip etibarı ilə PFL burada da haqlıdır. Çünki elə qonşu Türkiyədə, Rusiyada yalnız bir telekanal müqaviləyə görə görüntüləri əldə etmək hüququna malikdir və həmin telekanal da həmin görüntüləri müəyyən məbləğ müqabilində həmkarlarına satır. Elə isə xeyir ola bizim telekanallar, qara qəpik ödəmədən çəkiliş aparmalıdır? Mətbəx verlişindən tutmuş, hava proqnozuna kimi hər şeyə reklam tapırlar, amma 5 dəqiqəlik görüntü üçün sponsor tapa bilmirlər? Bu gün PFL-i tənqid etmək ən asan yoldu. Hamının da ilk sözü bu olur “futbolun inkişafını istəyirlərsə, çəkiliş aparmaq üçün maddi qarşılıq olmamalıdır”.
Nə üçün futbolun inkişafını təkcə PFL düşünməlidir? Məni düzgün başa düşün, burada PFL-ə və Ramin Musayevə vəkillik etmirəm. Yeri gələndə mən özüm də bu qurumu az tənqid etməmişəm. Amma hər şeyə obyektiv yanaşma olmalıdır. Bu yaxınlarda Musayevin müsahibəsini oxuyuram. Deyir ki, son ölkə kubokunun finalından qabaq telekanallardan biri bir dəqiqəlik reklam yerləşdirmək üçün ondan 800 manat pul istəyiblər. PFL prezidenti də haqlı olaraq deyir ki, bəs, mən niyə 5 dəqiqəlik oyunu onlara havayı verim? Heç kim inciməsin, amma haqlı məntiqdi. Biz futbolumuzun inkişafını istəyiriksə, hamılıqla bu işə dəstək olmalıyıq. Bu gün heç bir telekanal futbolla bağlı hansısa 30 saniyəlik roliki belə öz efirində pulsuz yayınlamaz. Əgər telekanallar hər saniyədə maddi maraq güdürsə, o zaman PFL-i hansı məntiqlə ittiham edirlər? Bəli, “bir tura görə 600 manat çoxdur” deyə bilərlər. Olsun, 300-350 manat. Amma çəkilişin qarşılığı olaraq mütləq müəyyən məbləğ ödənməlidir.

O məsələ ilə razıyam ki, əgər məbləğ ödənilirsə, çəkilişi də telekanallar özləri aparmalıdır. Məsələn, telekanallar deyir ki, PFL bəlkə şübhəli epizodları, hakim səhvlərini, neqativ halların əks olunduğu görüntüləri kəsib-doğrayıb  mənə təqdim edəcək. Məsələn, dünən PFL-in “Turan” - “Sumqayıt” matçından olan görüntülərini izlədim. Ancaq həmin oyunda qeydə alınan qırmızı vərəqə və penalti epizodu görüntülərdə yer almamışdı. Ona görə də həmin epizodlarda hakimin həqiqətən haqlı olub-olmadığı mənə qaranlıq qaldı.


Hər halda, bizə indi yalnız ümid etmək istərdik ki, tərəflər çox tezliklə razılığa gələcək. Çünki bu vəziyyət heç bir halda Azərbaycan futbolunun inkişafına xidmət etmir.

Anar XANLAROV

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər