Ramin Musayev: «Qəsdən uduzan klub çempionatdan dörd il müddətinə uzaqlaşdırılacaq»

Ramin Musayev: «Qəsdən uduzan klub çempionatdan dörd il müddətinə uzaqlaşdırılacaq»
XƏBƏR 2 Dekabr 2008 / 14:31 3807
-  A +

Az əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin premyer-liqanın birinci dövrəsini yekunları ilə bağlı keçirdiyi mətbuat konfransı başa çatıb. Qol.Az-ın tədbirdə iştirak edən əməkdaşını verdiyi məlumata görə, R.Musayevlə yanaşı mətbuat konfransında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Gülağa Cabbarov, çempionatın keçirilməsinə məsul şəxs olan Məlik Həsənov da iştirak edbr. R.Musayev bu ilk olaraq əvəzedici komandaların yarışından və bunun effektindən danışıb. O, bu ildən üzvlük haqqının ləğv olunduğunu söyləyib.
R.Musayev gələn ildən premyer-liqada çıxış edən komandaların sayının 14-dən 12-ə endiriləcəyini və hər bir klubun dörd dövrə olmaqla 32 oyun keçirəcəyini bildirib.
Ramin Musayev deyib ki, ikinci dövrədə premyer-liqanın yeni sponsoru ola bilərdi: «Böyük bir firma ilə danışıq aparırdıq, ancaq nəticə istədiyimiz kimi olmadı».
Hakimliklə bağlı sualı cavablandıran R.Musayev bildirib: «Hamı deyir ki, hakimlər qərəzlidi. Amma ortada fakt yoxdu. Yunis Hüseynov maraqlı fikir dedi: «Adam gərək udmağı da bacarsın, uduzmağı da». Mənim Yunisə böyük hörmətim var. Amma son görüşlə bağlı onun dedikləri haqsızdır. Mən bütün klub rəhbərləri, məşqçiləri hər dəfə dəvət edirəm ki, gəlsinlər, problemləri birgə müzakirə edək. Əgər Anar Niyazovun «Qarabağ» - «Karvan» oyununda həqiqətən də səhvi var idisə, onu ikinci dövrədə oyunlara buraxmayaq. Yox idi axı, səhvi. Yunis Hüseynov deyir ki, Anarı bizim oyuna təyin eləmə, bizə düşmür. Məgər, bu cür çıxışlara görə hakim dəyişirlər?
«Simurq» - «Bakı» oyununda top qapıdan keçməmişdi. «Bakı»nın jurnalındakı şəkil fotomontaj idi. «Bakı»nın rəsmiləri də bunu təsdiq etdilər».
R.Musayev bildirib ki, əgər Türkiyə və İngiltərədə çempionatlarında hakimlərin buraxdığı səhvlər burda da olsaydı, hakimi öldürərdilər: «Hakim də insandı, səhv edə bilər. Buna görə insanı asmaq lazım deyil».
R.Musayev premyer-liqanın oyunlarına görə yığılan cərimə pullarının hara xərclənməsiylə bağlı sualı da cavablandırıb: «Mən harada işləmişəmsə pulu aidiyyatı üzrə xərcləmişəm. Bizim büdcəmizdə olan pul çempionatın sonunadək nə qədər qalsa onu milli komandaya verəcəyik».
«İnter»in prezidenti Georgi Nikolov ondan nə səbəbdən üzr istəməsiylə bağlı suala R.Musayevin cavabı belə olub: «Nikolov «İnter» - «Qarabağ» oyununa baxmamışdı. Xaricdə idi. Amma narazı idi. Soruşdum ki, oyuna baxmısan? Dedi ki, yox. Məşqçisi ilə birlikdə gəldi otağıma və aydın oldu ki, səhv edib. Ona görə də üzr istədi».
«İnter»lə «Simurq» arasında böyük intriqanın olduğunu vurğulayan R.Musayev əlavə edib ki, onlar bir-birinə xal vermirlər və ya kömək etmirlər: «Sadəcə, kənardan belə görsənir. Ortada fakt yoxdu».
R.Musayev hansısa klubun qəsdən uduzması barədə ortada fakt olacağı təqdirdə həmin komandanın dörd il müddətinə çempionatdan uzaqlaşdırılacağını vurğulayıb: «Qərəzli hakimlər və hakim-inspektorları da ağır cəza gözləyir»
Zöhrab Qədiyevə 7,9 bal verməklə PFL-in təhlükəli presedentlər yaratması barədə «Xəzər-Lənkəran»ın prezidenti Mais Mənsimovun açıqlamasına isə R.Musayevin münasibəti qısaca belə olub: «Mənim PFL prezidenti seçilməyimə birinci Mais Mənsimov səs verib. Məndən ona salam deyərsiniz».

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı