Sxadadze və Nikolov istefaya getməlidir!

Sxadadze və Nikolov istefaya getməlidir!
ÖLKƏ FUTBOLU 27 İyul 2012 / 12:41 8846
-  A +

Bəli,  Azərbaycan klubları üçün Avropa Liqası macərası erkən bitdi. Hətta buna, “başlamamış bitdi” də demək olar.  “İnter” “Asteras”a, “Xəzər Lənkəran” isə “Lex”ə boyun əydi. Bu oyunlar bir daha sübut etdi ki, Azərbaycan futbolunda inkişaf yoxdur. Yəni, biz, elə həmin bizik. Dəyişiklik mütləq lazımdır. Ancaq nəyi və necə? Dünən bu yazını yazanda beynimdə iki variant var idi. Birinci büdcə, ikinci peşəkarlıq.

Ancaq anında büdcə söhbətini  qoydum bir kənara. Düzdür, Avropa Liqasının qrup mərhələsinə düşmək üçün bahalı, səviyyəli futbolçular almalısan. Lakin bir anda “Artimediya”, “Apoel” (Kipr), “Zimbru”, BATE klublarını xatırlayarkən pulun önəmli rol oynamadığını bir daha özümdə qətiləşdirirəm. Uzağa getməyək, bizim milyonlarla büdcəsi olan “Bakı”nı mübarizədən kənarlaşdıran 12 minlik qəsəbəni təmsil edən (Lənkəran stadionunun tutumu qədər) “Mura”nı misal göstərə bilərik. Bu komanda II mərhələdə Boqlarıstan CSKA-nı da mübarizədən kənarlaşdırmaqla futbolda puldan da vacib amillərin ön planda olduğunu göstərdi. Həmin amillər isə, istək, peşəkarlıq və hər şeyə layiq olduğu qiyməti verməkdi. Bunların isə heç biri bizdə yoxdur.  Hər dəfə nəyəsə bəhanə tapırıq. “İnter” “Trans”ı məğlub edəndə az qala bu komandanı göyün yeddinci qatına qaldırmışdıq. Baş məşqçi Kaxaber Sxadadzeni isə bəziləri bütləşdirmişdi. Hanı həmin “dahi”?

Tarixində ilk dəfə avrokuboklarda oynayan “Asteras”ın futbolçuları dəfələrlə bu həyəcanı yaşamış “İnter” futbolçularından daha soyuqqanlı penalti vurursa, buna nə ad vermək olar? Hanı baş məşqçinin psixoloji hazırlığı? Brüs Abdulaye hər iki oyunda rəqibə qol imkanı yaratdı. İlk oyunda rəqib məhz onu qabaqlayıb hesabı bərabərləşdirmişdi. Dünənki oyunda isə heç gərək olmayan yerdə başla topa toxunub topu küncə çıxartdı. Rəqib isə həmin künc zərbəsindən hesabı açdı. O zaman ortaya sual çıxır: nəyimizə lazımdır belə legioner?  Bəs, Sürix”dən bəh-bəhlə transfer olunan Haynz Barmettlerin komandaya verdiyi xeyir hanı? Əgər səviyyəli legioner adı ilə transfer olunan bir futbolçu həlledici anda penaltini vura bilmirsə, neynirəm o legioneri? Görəsən, Georgiyevski “İnter”ə gələndən bəri nə vaxt penalti vurub ki, Sxadadze onu ilk olaraq onbirmetrlik nöqtəyə göndərir? Çoxları bəlkə də Kaxanı tənqidə görə məni qınayacaq, amma mən öz fikrimi deyirəm.

“Yunanıstan təmsilçisi ilə düşdük”, “mübarizə apardıq”, “lotereyada uduzduq” kimi, nağıllara qatılmayacağam. Əgər Qurban Qurbanov yerli məşqçi ola-ola daha az büdcə ilə pley-off-a qədər gedirsə, daha çox büdcəyə malik əcnəbi Sxadadze niyə II mərhələdə dayanmalıdır və niyə biz buna görə onu tənqd etməməliyik? Üzr istəyirəm, el dili ilə desək, lap basıb o məşqçinin gözünü də çıxardaram. Yekəxana-yekəxana gəzməklə, danışmaqla deyil, çıx “Asteras”ı keç. 26 min əhalisi olan və Yunanıstan çempionatında 6-cı pilləni tutan bir qəsəbənin komandasını keçə bilmirsə, xeyir ola səni tərifləməliyəm? Yoxsa bəhanə edəcək ki, Yunanıstan klubu ilə qarşılaşdı, Yunanıstan futbolu belə, elə? Bağışlayın, Danimarka futbolu Yunanıstan futbolundan zəifdi? Necə ola bilir, gürcülərin “Dila”sı Danimarkanın AGF klubuna iki oyunda 5 top vuraraq (2:1, 3:1) III mərhələyə yüksəlir, bizim “İnter” “Asteras” səddini keçə bilmir? Mənim konkret fikrim budur ki, klub prezidenti Georgi Nikolovla baş məşqçi Kaxaber Sxadadze istefaya getməlidir.

Onlar bu kluba heç nə verə bilmədi. Əsas Avropadır ki, burada da uğur qazanılmadı. Komandaya yeni prezident, yeni baş məşqçi təyin olunmalı, yeni komanda və yeni sistem qurulmalıdır.

“Xəzər Lənkəran”a gəlincə, razıyam, “Asteras”la müqayisədə “Lex” güclü rəqib idi. Ancaq mən bir sual verim: bəlkə biz gözləyirik ki,  Avropa Liqasının pley-off mərhələsində bizə Lixtenşteyn, San-Marino, Farer adaları kimi ölkələrin komandası düşəcək və biz onları məğlub edib qrupa yüksəıəcəyik? Xeyr, bu, olmayacaq. Əgər qrupa düşmək istəyiriksə, əvvəl-axır “Lex” kimi komandaları da məğlub etməliyik. ”Xəzər Lənkəran”ın oyununa internet vasitəsilə baxdım. Aşkar görünürdü ki, rəqiblə bacarmadıq. Deməli, bu heyət Avropa üçün yetərli deyil. Bizim klubların ən böyük problemlərindən biri də futbolçu seçimidir. İstənilən menecer orta səviyyəli futbolçunu baha qiymətə bizim klublara sırımağı bacarır. 400-500 minlik futbolçu çıxıb “Mura” kimi komandanın 50-60 minlik futbolçusuna uduzursa, deməli, bu, heç 30-40 minə də dəymir. Elə isə həmin futbolçuya niyə dəyərindən 10 dəfə çox pul verilir? Niyə aldanırıq? Çünki peşəkar işləməyi bacarmırıq. Transfer siyasətimizi də bazar alverinə döndərmişik.

Belə baxanda “Lex” də keçilməz rəqib deyildi. Rafel Muravskini çıxmaq şərtiylə, o komandada yüksək səviyyəli futbolçu yox idi. Amma mərhələni keçdilər. Çünki edilən transferlər və qurulan iş peşəkar səviyyədədir. Mən baş məşqçi Yunis Hüseynovu qınamıram. Ona təklif olunan futbolçular səviyyəsiz olub və Hüseynov da haqlı olaraq, həmin futbolçulardan imtina edib, klubu əlavə xərcə salmayıb. 

Sonda demək istədiyim nədir? Futbola yanaşmamızı dəyişməliyik. “Trans” kimi kənd komandasını udub havalara giririk, sonra da “Asteras” kimi debütantn ayağımızdan tutub bizi yerə vurur ki, “düş aşağı, sənin yerin buradır”. Artıq futbolçu transfer edərkən onun səviyyəsi diqqətlə analiz edilməlidir. Məsələn, “Neftçi”nin yeni futbolçusu Kanares özü də etiraf edir ki, Portuqaliyada və Rumıniyada əsas heyətə düşə bilmədiyi üçün həmin ölkələrdən ayrılıb. Elə isə qarşısına yüksək hədəflər qoyan “Neftçi” niyə bu cür futbolçunu transfer etməlidir? Elə futbolçular seçmək lazımdır ki, o, yüksəlişdə olsun, enişdə yox.

Dünən olimpiadada Misir millsinin heyətindəki istedadlı, güclü, gənc futbolçuları gördüm. Braziliyaya qarşı da əsl əzmkarlıq nümayiş etdirdilər. Gedib, bu cür oyunlara baxmaq lazımdır. Legioner seçərkən, onun hazırkı səviyyəsi nəzərə alınmalıdır ki, sabah həmin futbolçu avrokuboklarda bizlərə kömək edə bilsin. Bir daha deyirəm, “İnter” və “Xəzər Lənkəran”ın uğursuzluqları göstərdi ki, Avropada uğur qazanmaq üçün çox şeyi dəyişməliyik. Ən əsası pulu cibə yox, düzgün istiqamətdə, futbolun inkişafına xərcləməliyi. Ən vacibi həvəskar, naşı səviyyəsində yox, peşəkar şəkildə işləməliyik.

Anar XANLAROV

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər