“Bakı” fiaskosuna sözardı

“Bakı” fiaskosuna sözardı
XƏBƏR 13 İyul 2012 / 14:25 7331
-  A +

Hamı kimi mən də “Bakı”nın məğlubiyyətinə söz tapa bilmirəm. Çünki gözləmədiyim nəticə oldu. İnsan isə gözlənilməzliklər qarşısında çox vaxt aciz olur. “Bakı” niyə uduzdu? Daha doğrusu, sualı konkretləşdirək: “Bakı” büdcəsi özündən 30 dəfə az olan (bunu mən demirəm, “Mura 05”in futbolçusu Leon Xorvat deyir) klub önündə niyə aciz qaldı? Səbəblər çoxdur. Şəxsən mən “Bakı”nın məğlubiyyətini fiasko adlandırardım. Çünki qarşısına “Bakı-2012” lahiyəsi qoyan və 2012-ci ildə Avropa Liqasının qrupuna düşməyi hədəfləyən bir klub məhz 2012-ci ildə hansısa kənd komandasına uduzursa, bunun fiaskodan başqa adı yoxdur. Uduzmaq bir yana, paytaxt klubu rəqibinə qol da vura bilmədi. “Bakı” bu mərhələni keçməliydi və buna borclu idi. Ən azı iki klub arasındakı yerlə göy qədər olan fərq bunu zəruri edirdi. “Kənd komandası” ifadəsini elə belə demədim. Çünki “Mura 05”in təmsil etdiyi qəsəbənin cəmi 12 min 500 əhalisi var. Büdcəni dedik.  Stadionu özünüz də gördünüz. “Bakı”nın sahib olduğu bazanın ərazisinda 10 o cür stadion tikmək olar. “Mura 05”in futbolçularının səviyyəsi də yüksək deyildi. Düzdür, bir neçə futbolçusu topla yaxşı rəftar edirdi. Ancaq ümumilikdə sloveniyalıların yüksək səviyyəli peşəkarlar olduğunu demək gülünc olardı. Sadəcə, bu komanda istəklə oynadı, meydançada canını qoydu. Oyun ərzində cəmi bir künc zərbəsi vurdular, onu da qolla tamamladılar. Bəs “Bakı” neylədi? Heç nə. Şəxsən mən o futbolçuların yerinə utanıb xəcalət çəkdim. Parks oyunu sıfır səviyyəsində keçirdi. Verpakovskisin hələ də nəyə görə klubda saxlanılmasını anlaya bilmirəm. Starkov yoxdur, amma Marisu yenə meydançaya çıxıb bizim əsəblərimizlə oynayır. Gənc Nurlan Novruzov latviyalıdan 10 dəqiqə sonra meydançaya çıxsa da, ondan daha fəal oynadı. Yeni legionerlərə gəlincə, hərənin öz fikri ola bilər, amma mənim şəxsi fikrimə görə, nə Georgi Popxadze, nə də Edemir Rodriges əlahiddə bir şeylə yadda qaldılar. Düzdür, Popxadze bir neçə dəfə cinahdan reyd edərək hava ötürməsi verdi. Amma legioneri oyun ərzində 1-2 cinah ötürməsi etmək üçün komandaya gətirmirlər. Rodriges hesab 0:0 olarkən 3-4 metrdən topu başla qapıya göndərə bilmirsə...
“Mura 05”in kapitanı Fabian Çipot təkbaşına “Bakı”nın bütün hücumlarının qarşısını aldı. Yenə deyirəm, bu məğlubiyyətdən sonra “Bakı”nın futbolçuları utanıb yerə girməlidir. Hər şeyi qoyuram bir kənara, axı özünüzə necə sığışdırısınız ki, sizdən 30-40 dəfə az pul alan futbolçu sizi hər mənada “sındırdı”.

Əslində bu uğursuzluqda klub rəhbərliyini də günahkar sayıram. Halbuki bu posta çalışan insanlara çox böyük hörmətim var. Bu gün də ən çox klub prezidenti Hafiz Məmmədovun əziyyətinə, zəhmətinə heyfim gəlir. Səhər işə gələndə də qarşıma kim çıxdı, ilk sözü bu oldu “Heyf Hafiz Məmmədovun zəhmətinə”. Bu insan klub üçün, futbolçular üçün lazım olandan da qat-qat artıq şərait yaradıb. Əslində mən “Bakı”nın həm də ədalətsizlik prinsipinin qurbanı olduğunu düşünürəm. Bu, həyatda da öz təsdiqini tapmış aksiomadır ki, hər kəsə, hər şeyə layiq olduğu qiyməti verməlisən. Kiməsə layiq olduğundan artiq qiyməti verəndə o quduracaq, yolunu azacaq, bu hörmətdən, diqqətdən sui istifadə edəcək. Az öncə də dedik ki, “Mura 05” futbolçuları “Bakı” futbolçularından 30-40 dəfə az pul alır. Hətta belə deyək, “Bakı”nın 2-3 furtbolçusunun qiyməti bütün “Mura 05”in büdcəsində bərabərdi. Ancaq dünənki oyun göstərdi ki, “Bakı” futbolçuları bu pula layiq deyillər. Elə isə, niyə layiq olmadıqlarından qat-qat artıq pul almalıdılar? Məncə, ilk olaraq, bundan başlamaq lazımdır. Hafiz Məmmədov çox səxavətli, sadə, ürəyiyumşaq insandır. Hər zaman futbolçularınızın yanında olub, onlara dəstək verib. Hətta bəzən mən onun səbrinizə mat-məətəl qalıram. Hələ 2010-cu ildə Moskvada “Birlik kuboku”nda Qazaxıstan “Tobol”una məğlub olub qrupda qalandan sonra belə, onun təmkinini qorumağı məni şoka salmışdı. Ancaq bir çox futbolçu Hafiz Məmmədovun bu insanlığından sui-istifadə edir. Pula gələndə hamısı ən pik nöqtədən gəlir. Ancaq oyuna gələndə... Bu gün “Bakı”da yeri gəldi gəlmədi, futbolçulara yüksək miqdarda mükafatlar verilir. Hər addımlarından pul qazanırlar, ən yüksək səviyyədə bəslənirlər və yekunda da harınlaşıb bu həddə gəlirlər. “Xəzər Lənkəran”da oynayan Parksdan bu gün əsər əlamət qalmayıb. Artıq çəkidən ayağını sürüyə bilmir.

Baş məşqçi məsələsinə gəlincə, bilənlər bilir ki, həmişə yerli məşqçiləri dəstəkləmişəm. Yunis Hüseynovdan gözlədiyim uğuru Novruz Əzimovdan da gözləyirdim. İndi çoxları onun istefasını gündəmə gətirir. Nədənsə, bu məşqçinin Starkovun viran qoyduğu komandanı qısa müddətə toparlayıb ona ölkə kubokunu qazandırması yaddan çıxıb. Əgər lazım olunan futbolçular alınmırsa, baş məşqçi neyləməlidir? Klub prezidenti Hafiz Məmmədovun oyundan sonra dediyi fikirlərə diqqət yetirin: “Mən istəyən oyunçular alınmayıb. “Transfer pəncərəsi” açılmamışdan öncə komandaya 5-6 səviyyəli oyunçu dəvət etməyi tapşırmışdım. Hətta bu məqsədlə klubun büdcəsini də artırmışam”.  Məndə olan məlumata görə, Əzimov da dəfələrlə vaxt azlığını qabardaraq, naraharlığını bildirib. Ancaq klub prezidentinin tapşırığı yerinə yetirilməyib. Niyə? Problem nə olub? Yəni maydan iyul ayına qədər normal bir hücumçu tapmaq mümkün olmadı? Necə ola bilir, “Neftçi” qısa zamanda Kanales kimi futbolçunun keçidini həll edə bilir, “Bakı” yox? Axı “Bakı” həmişə səviyyəli legionerlər cəlb etməsiylə seçilib, bu dəfə nə oldu? Hələ mövsümün gedişində komandaya təcrübəli qapıçı lazım olduğu göz önündə idi. Bu məsələni yaya qədər saxlamaq və yalnız iyunda axtarışa çıxmaq nə dərəcədə düzgün idi? Bir komandanın ki, qol ümidi Verpakovskis oldu, o komanda məğlubiyyətə məhkumdu.

Düşünürəm ki, bu məğlubiyyətdən nəticə çıxartmaq lazımdır. Yəqin ki, baş məşqçi postuna Bojidar Bandoviç gətiriləcək. Heyətdə köklü dəyişikliklər edilməlidir. Transfer pəncərəsinin bağlanacağı günə kimi lazımı transferləri edib çempionata hazırlaşmaq olar. Xüsusilə daha səviyyəli qapıçıya, dayaq yarımmüdafiəçisinə (Ernad Skuliçi geri də qaytarmaq olar), mərkəzdə oyunu üzərinə götürməti bacaran yarımmüdafiəçiyə və təcili olaraq, bir səviyyəli hücumçuya ehtiyac var. Avropa Liqasının qrupunda oynama qistəyən komanda növbəti avrokubok oyunlarının hazırlıqlarına indidən başlamalı, orada oynayacaq heyəti indidən qurmalıdır. Çünki sonra gec olr.

Anar XANLAROV

P.S “Mura-05”in azarkeşlərini qeyd etməmək ədalətsizlik olardı. Təxminən 3000 azarkeş kiçik bir qəsəbəni təmsil edən komandanı 90 dəqiqə necə dəstəklədisə, şəxsən mən heyran qaldım.  Gözüm ekranda ola-ola bir anlıq “Dalğa Arena”nı, “Bakı”-“Mura 05”, “İnter”-“Trans” oyunlarını xatırladım və...

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər