«Seçmə mərhələyə ciddi hazırlaşmalıyıq»

«Seçmə mərhələyə ciddi hazırlaşmalıyıq»
XƏBƏR 2 Dekabr 2008 / 13:40 3456
-  A +

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi braziliyalı mütəxəssis Jose Alesio da Silvaya həvalə olunub. Bu barədə AFFA-nən rəsmi saytı məlumat yayıb.

Az əvvəl isə AFFA-nın rəsmi saytı Joze Alesio da Silvanın müsahibəsini yayıb.


- Əvvəlcə məşqçilik karyeranız barədə qısa məlumat verərdiniz…
- Futbolu başa vuran kimi oynadığım Moskva «Spartak»ının baş məşqçisi mənə söylədi ki, gəl bir yerdə işləyək. Qaldım orda. Bundan sonra elə həmin komandanın baş məşqçisi oldum. Daha sonra TTQ-da çalışdım. Burada da fəaliyyətimi başa vurandan sonra Qazaxıstanın «Kayrat» klubunda bir müddət işlədim. İndi isə Azərbaycan yığmasını çalışdırmaq üçün buradayam.
- Braziliyada məşqçi kimi işləməmisinizmi?
- Xeyr, vətənimdə ancaq futbolçu kimi çıxış etmişəm.
- Məşqçi kimi hansı uğurları qazanmısınız?
- TTQ-da işləyərkən Rusiya çempionatında üçüncü yeri, «Spartak»la isə çempionluğu və superkuboku qazanmışam. Moskva klubu ilə UEFA kubokunda da yarımfinala kimi yüksələ bilmişəm. Qazaxıstanda «Kayrat»la da uğur qazanmışam. Eyni ildə çempionluq və ölkə kubokunu əldə etmişik.
- Ümumiyyətlə, futzalımız barədə məlumatınız genişdirmi?
- Sözün açığı, geniş tanışlığım yoxdur. Cəmi bir dəfə sizin klublardan biri ilə qarşılaşmışam. Adı yadımda qalmayıb. Oyun Almatıda keçirilirdi. Qısa müddətdə tanış olacağam.
- Xəbəriniz varmı ki, yığmamızda bir neçə həmyerliniz də çıxış edir?
- Bəli. Onları yaxşı tanıyıram. Güclü oyunçulardır.
- Sizin dövrünüzdə hansısa əcnəbinin milliləşdirilməsi mümkündürmü? Yəni bu tendensiya davam edə bilərmi?
- Əlbəttə, əgər güclü oyunçu tapsaq, mütləq yığmaya cəlb edəcəyik. Amma mən ilk növbədə hazırda ixtiyarımızda olan futzalçılarla tanış olmalıyam. Keçirilən oyunlara baxacağam. Daha sonra rəhbərliklə bu məsələləri müzakirə edəcəyik.
- Qrupumuz haqda nə deyə bilərsiniz? Rəqiblərimizi tanıyırsınızmı?
- Əlbəttə, çətin bir qrupda yer alırıq. Polşa və Portuqaliya güclü rəqiblərdir. Amma mümkünsüz heç nə yoxdur. Sadəcə, ciddi hazırlaşmalıyıq.
- Təlim-məşq toplanışı barədə nə düşünürsünüz?
- Bu barədə də rəhbərliklə söhbətimiz olacaq. Çox az vaxtımız qalıb. Üç aydan sonra seçmə mərhələnin oyunları başlayır. Yəqin ki, iki mərhələdən ibarət hazırlıq keçəcəyik.
- Təlim-məşq toplanışı harada olacaq?
- Hələ ki, bir variantımız var. Moskvanı düşünürük. Çünki güclü rəqiblərlə yoldaşlıq görüşü keçirmək baxımından Rusiyanın paytaxtı daha əlverişlidir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"