Cəmşid Məhərrəmov: "Bu, "Mura"nın təxribatı idi"

Cəmşid Məhərrəmov: "Bu, "Mura"nın təxribatı idi"
MÜSAHİBƏ 7 İyul 2012 / 17:05 3593
-  A +

“Bakı” klubunun kapitanı Cəmşid Məhərrrəmovun Qol.Az saytına müsahibəsi
 
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mura” ilə qarşılaşmada daim hücumda oynasanız da, qol vura bilmədiniz. Bunu nə ilə əlaqələndirərdin?

- İlk növbədə qol vura bilməməyimizin səbəbi kimi rəqibin bütünlüklə müdafiəyə qapanmasını göstərərdim. Belə olan halda qapıya dəqiq zərbə endirmək çox çətin olur. İkinci tərəfdən isə müəyyən epizodlarda bəxt amili də bizdən üz döndərmişdi.

- "Mura" ilə oyunda rəqibin müdafiəsini yarmaqda yarımmüdafiəçilərin üzərinə daha çox məsuliyyət düşürdü. Lakin onların bunun öhdəsindən yetərincə gələ bilmədiklərini söyləmək olar?

- Belə götürəndə yarımmüdafiəçilərimiz də, qol vurmaqdan ötrü çox çalışdılar. Məncə, bunun üçün əllərindən gələni etdilər. Sadəcə, rəqibin tam olaraq müdafiəyə qapanması, işimizi çox çətinə salmışdı. Bəlkə də hansısa futbolçumuzun oyunu istədiyi alınmırdı. Ancaq bu o demək deyil ki, yarımmüdafiəçilərimiz zəif futbolçulardır. Bu futbol oyunu olduğu üçün istənilən nəticə qeydə alına bilər.

- "Bakı"nın hücumçularının formada olmaması da nəticəyə öz təsirini göstərdiyini düşünmürsən?

- Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Lakin hücumçularımızın təcrübəli və peşəkar olduqlarını unutmaq lazım deyil. Sadəcə, həmin gün heç kimin oyunu istədiyi kimi alınmadı. O cümlədən Maris Verpakovskis və Uinston Parksı da qeyd etmək olar. Ancaq komanda təkcə bir hücumçunun və ya bir futbolçunun üzərində qurulmur. Futbolda komanda oyununa üstünlük veriləndə nəticə daha yaxşı olur.

- Həmin qarşılaşmada sənin də oyunun nədənsə alınmırdı...

- Düzdü, oyunum istədiyim kimi alınmadı. Lakin futbolda belə şeylər olur. Hər dəfə yaxşı oynamaq mümkün deyil. Heç bir həyacanım da yox idi. Oyunum nəsə alınmırdı.

- Rəqibin çıxışı barədə nə deyərdin?

- Bir komanda kimi pis təsir bağışlamadılar. Lakin nə qədər yaxşı çıxış etsələr də, “Bakı” onlardan bir o qədər güclüdür. Biz yoldaşlıq görüşü zamanı oynadığımız komandanın heyətindən Bakıdakı oyunda cəmi üç futbolçu var idi. Qalanlarını birinci dəfə idi ki, görürdüm. Tam fərqli bir heyət meydana çıxmışdı.

- Belə zəif və maliyyə baxımından korluq çəkən bir komandaya qalib gələ bilməməyinizin səbəbini nədə görürsən?

- Bakı "Lokomotiv"inin forması onlara başqa bir səbəbdən verilmişdi. Ancaq bu, rəqib komandanın təxribatı idi. Onlar çalışırdılar ki, psixoloji olaraq bizə nəsə təsir göstərsinlər. Bütün bu gedişlər onların afirist olduğunu ortaya çıxardı. Bu, əla hesablanmış taktiki gediş idi. Güya bu komandanın keçən mövsümdən formaları qalmayıbdır. Deyirlər guya bir çox futbolçularının komandayla peşəkar müqavilələri yoxdur. Ancaq unutmaq lazım deyil ki, Avroliqada çıxış edən futbolçunun mütləq peşəkar müqaviləsi olmalıdır. Yəni, bunlar hamısı bəhanələrdi.

- Rəqib komandanın baş məşqçisi və futbolçuları doğma meydanda hücum futboluna üstünlük verəcəklərini söyləyiblər. Sən necə düşünürsən?

- Onların müdafiəyə qapanmaması bizim üçün daha əla olacaq. Yəni, daha baxımlı açıq futbol gedəcək ki, biz bundan maksimum yararlana biləcəyik.
 
- Səncə, ilk mərhələni keçə biləcəksiniz?

- İlk öncə, bunun öhdəsindən gəlmək üçün inam və güclü istək olmalıdır. İnşallah, inanıram ki, mərhələni adlayan tərəf biz olacağıq.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı