Ceesay Yankuba: “Xəzər Lənkəran” arxayınçılığın qurbanı oldu”

Ceesay Yankuba: “Xəzər Lənkəran” arxayınçılığın qurbanı oldu”
MÜSAHİBƏ 6 İyul 2012 / 15:44 3858
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olan Estoniyanın “Nomme Kalyu” klubunun futbolçusu Ceesay Yankuba Qol.Az saytına müsahibə verib.

- Oyunla bağlı nə deyə bilərsən?

- Çətin oyun oldu. Əslində bunun belə olacağını da gözləyirdik. Çünki rəqib zəif komanda deyil. Düşünürəm ki, biz də pis mübarizə aparmadıq və əsas odur ki, məğlub olmadıq.

- 2:2-ni özünüz üçün uğurlu nəticə hesab edirsən?

- Səfərdə oynadığımız üçün sərfəli nəticə saymaq olar. Amma bu hesab ümumi nəticə üçün yetərli deyil. Prinsipcə, biz buraya qələbə dalınca gəlmişdik.

- Qələbə?

- Bəli. Məqsədimiz “Xəzər Lənkəran”ı məğlub etmək idi.

- Elə isə maraqlıdır, niyə oyunun demək olar böyük hissəsini müdafiədə keçirdiniz?

- Bu, bizim taktiki planımız idi. Yəni, bu cür görüntü yaradıb anidən sürətli əks hücumlarla rəqibi yaxalamaq. Çünki bizim müdafiədə oturduğumuzu görən rəqib daha çox qüvvə ilə irəli çıxacaqdı ki, bu zaman da arxada boşluqlar verəcəkdi. Gördüyünüz kimi, planımız baş tutdu.

- Hazırkı vəziyyətdə “Nomme Kalyu” növbəti mərhələyə daha yaxın sayılır...

- Xeyr, tam əminliklə nəsə demək düzgün olmazdı. Bu cütlükdə hələ heç nə məlum deyil və cavab qarşılaşmasında bizi daha bir gərgin 90 dəqiqə gözləyir. Odur ki, arxayınlaşmaq olmaz. Çünki “Xəzər Lənkəran” məhz arxayınçılığın qurbanı oldu.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı