“Qarabağ”ın tarixinə düşən futbolçu bunu özü üçün qurur sayır

“Qarabağ”ın tarixinə düşən futbolçu bunu özü üçün qurur sayır
MÜSAHİBƏ 4 May 2009 / 16:43 4230
-  A +

“İnter”in qapısına vurduğu qolla “Qarabağ”ın və Quzanlının tarixinə düşən Sedat Sahini Qol.Az-a müsahibə verib.
   

- “İnter”lə oyun haqda nə deyə bilərsən?
- “İnter”lə matç bizim üçün çox önəmli idi. Ümumiyyətlə, hər iki tərəfə 3 xal lazım idi. “İnter” çempionluğu hədəflədiyindən meydana yalnız qələbə üçün çıxmışdı. III yer üçün gözəl şansımız olduğundan biz də yalnız qələbə haqqında düşünürdük. Qarşılaşmanın önəmi daha çox onda idi ki, 16 ildən sonra “Qarabağ” ilk dəfə Quzanlıda, doğma azarkeşləri önündə oynayırdı. Qarşılaşmaya gəlincə, hava çox isti idi. Meydançanın vəziyyəti də ideal durumda deyildi. Bununla belə, oyunun tempi yüksək idi. Matça yaxşı başladıq və bunun nəticəsində hesabı açdıq. Təəssüf ki, sonradan qapımızdan bəxtsiz qol buraxaraq qələbəni əldən verdik.
- “Qarabağ” ardıcıl ikinci ildir ki, çempionluğun taleyini müəyyən edir.
- Elədir. Ötən il “Qarabağ” son turda “Olmpik”i məğlub edərək çempionluğu “İnter”ə bəxş etmişdi. Bu il isə, həmin titulu “İnter”dən alıb “Bakı”ya verdik. Düzdür, hələ çempionatın başa çatmasına 2 tur qalıb. Amma açığını desəm, şəxsən mən inanmıram ki, “Bakı”ı bundan sonra büdrəsin. Məncə, onları çempion kimi qəbul etmək olar.
- Oyundan əvvəl müxtəlif söz-söhbətlər gəzirdi ki, guya “Qarabağ” oyunu “İnter”ə verəcək və əvəzinə “İnter” də kuboku sizə güzəştə gedəcək.
- Gördüyünüz kimi biz öz oyunumuzla sübut etdik ki, kimin çempion olması “Qarabağ” üçün əhəmiyyət daşımır. Bizi yalnız və yalnız öz oyunumuz düşündürür.
- “İnter”lə oyunda vurduğun qolla tarixə düşdün. Yəni, Quzanlı stadionunda “Qarabağ”ın ilk qolunun müəllifi oldun.
- Bilirsiniz, belə anlarda qolu kimin vurması elə də önəm daşımır. Qismət belə gətirdi ki, qolu vuran mən oldum. Tarixə düşmək isə təbii ki, çox qürurvericidir.
- Ağdam azarkeşləri haqqında hansı fikirdəsən?
- Səmimi desəm, burada belə ajotaj olacağı mənim üçün gözlənilməz oldu. İlk gəldiyimiz gün azarkeşlərin bizə olan dəstəyini, sevgisini gördük. Komandamızı hələ Quzanlıya xeyli məsafə qalmış qarşılayıb bizi maşınlarla, bayraq və müsiqi ilə müşayət etdilər. Ağdam azarkeşləri çox istiqanlı və səmimidirlər. Küçədə bizi görəndə mehribanlıqla görüşürlər. Amma deməliyəm ki, eyni zamanda həddindən artıq çılğındırlar.
- Artıq 4 gündür Quzanlıdasınız. Darıxdırıcı deyil ki?
- Çox da darıxdırıcı olduğunu deyə bilmərəm. Heç darıxmağa vaxtımız da yoxdur. Yuxudan oyandıqdan sonra səhər yeməyi yeyirik. Ardınca bir qədər dincəlib məşqə gedirik. Qayıtdıqdan sonra günorta yeməyini yeyib dincəlirik. Axşam isə televizorda matç izləyirik. Günümüz belə keçir.
- “İnter”lə oyunda həm “Qarabağ” rəhbərliyi, həm də azarkeşlər hakimlikdən narazı qaldı. Sən referinin idarəçiliyinə necə qiymət verərdin?
- İlk hissəni normal idarə elədi. İkinci hissədə isə daha çox “İnter”in lehinə qərarlar verməyə başladı. Ən sadə vəziyyətdə dərhal oyunu saxlayıb bizim qapımıza cərimə zərbəsi təyin edirdi.
- Əsas narazılıq isə qapınıza vurulan qol epizodu ilə bağlı oldu. Rəqib hakimin fitini gözləmədən topu oyuna daxil edib.
- Elədir. Orada bizə qarşı haqsızlıq oldu. Qayda pozuntusundan dərhal sonra bizim futbolçumuz topun qabağını kəsdi. Bu zaman referi fiti göstərərək “geri çəkil onsuz fitdən əvvəl vura bilməz” dedi. Yalnız bundan sonra bizim oyunçu topun arxasından çəkildi. Qapıçımız isə canlı səddi qurmaqla məşğul idi. Bu zaman “İnter”li futbolçu ani olaraq topu oyuna daxil etdi və rəqib hesabı bərabərləşdirdi.
- Birisigün “Bakı” ilə kubokda yarımfinal mərhələsinin cavab qarşılaşmasına çıxacaqsınız. Həmin oyunla bağlı nə düşünürsən?
- İlk matçı 2:1 hesabı ilə qalib başa vurmuşuq. Buna görə də təkrar matç öncəsi böyük üstünlük əldə etmişik. Amma bizi ağır qarşılaşmanın gözlədiyini bilirik. Çünki, “Bakı” həm çempionluğu, həm də ölkə kubokunu hədəfləyib. Lakin bizim də məqsədimiz kuboka sahib çıxmaqdır. Oyuna gəlincə, böyük ehtimalla finala çıxan tərəf biz olacağıq. İnanmıram ki, Quzanlıda “Bakı”nı əlimizdən buraxaq.
- “İnter”i liderlikdən etdiniz. Əgər finala yüksəlsəniz, böyük ehtimalla bu klubla ölkə kubokunun finalında da üz-üzə gələcəksiniz. Qorxmursunuz ki, qızıl medalları əlindən aldığınız “İnter” finalda sizə qarşı amansız olsun?
- “İnter” elə dünən də bütün gücü ilə meydanda mübarizə aparırdı. Çünki çempionluğun taleyi öz əllərində idi və bunu buraxmaq istəmirdilər. Lakin biz də asan komanda olmadığımızı sübut edərək, onlardan xal aldıq. İndi isə qarşıda final matçımız olacaq. İnanıram ki, dünən olduğu kimi finalda da “İnter”ə üzüntü yaşadacağıq.   

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı