Artur Jorje: "Mənə Azərbaycandan təklif gəlmişdi, amma hansı komanda olduğunu xatırlamıram"

XƏBƏR 1 Dekabr 2008 / 19:51 3365
-  A +

“Azərbaycandan təklif almışam. Amma bu, indi yox, bir neçə ay əvvəl olub”. Bu sözləri Portuqaliya milli komandasının sabiq baş məşqçisi Artur Jorje deyib.

Hazırda vətənində istirahət edən 62 yaşlı portuqaliyalı mütəxəssis Rusiya mətbuatında yayılan məlumatlara münasibət bildirib. O, Azərbaycanın hansı komandasından təklif aldığını xatırlamayıb: “Yadımdadır, bir neçə ay əvvəl mənə Azərbaycandan təklif gəlmişdi. Amma hansı komanda olduğunu dəqiq xatırlamıram. Agentim vasitəsilə mənə bu variantı çatdırmışdılar. Lakin sonradan ortada real bir şey olmadı və məsələ tədricən arxa plana keçdi”.

Jorje futbolumuz haqqında məlumatsız olduğunu da gizlətməyib: “Dünya futbolunda məşqçiyə müxtəlif yerlərdən təkliflər gəlir. Bu, normal haldır. Məndə olan məlumata görə, agentim “Xəzər-Lənkəran”a xidmətlərimi təklif etməyib. Futbolunuz, o cümlədən bu klub haqqında məlumatsızam. Buna görə də soruşduğunuz məsələlər barədə fikir yürütməyə çətinlik çəkirəm. Azərbaycandan yaxşı təklif alaramsa, bunu dəyərləndirmək mümkündür. Ancaq indi konkret təklif yoxdursa, bu haqda ətraflı danışmağa lüzum görmürəm”.

Artur Jorjenin Azərbaycan milli komandası və ya “Xəzər-Lənkəran”da işləmək ehtimalı barədə bu gün Rusiya mətbuatı məlumat yayıb. Rusiyalılar onun Premyer Liqada yarışan Permin “Amkar” klubuna baş məşqçi təyin olunacağını yazıblar.

Qeyd edək ki, 1981-ci ildən məşqçi qismində fəaliyyət göstərən Jorje vətənində “Portu” və “Benfika”, ölkə kənarında isə PSJ (Fransa), “Vitess” (Hollandiya) və MOİK (Rusiya) kimi tanınmış klubları çalışdırıb. Onun hesabında klub məşqçisi kimi üç Portuqaliya, bir Səudiyyə Ərəbistanı çempionluğu var. Həmçinin, Jorje Portuqaliya kuboku və Superkubokunu, PSJ ilə Fransa kubokunu qazanıb. Portuqaliya, Kamerun və İsveçrə milli komandalarına rəhbərlik etmiş mütəxəssis sonuncuları 1996-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun məşqçilik karyerasının ən böyük uğuru 1986/87 mövsümündə “Portu”ya Çempionlar Kuboku qazandırması sayılır. Axırıncı dəfə Fransanın üçüncü divizion klubu “Kretey-Luzitanos” klubunu çalışdırmış Jorje il yarımdır işsizdir.

 

mənbə: apasport.az


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı