Avro-2012 də, bir azarkeşin monoloqu da bitdi

Avro-2012 də, bir azarkeşin monoloqu da bitdi
AVRO-2012 3 İyul 2012 / 12:58 3567
-  A +

Bazar günü idi. Final gecəsi... Tanımadığımız yad şəhərə qaranlıq çoxdan çökmüşdü. Dəniz kənarındakı açıq kafelərdə ön cərgələr azarkeşlərlə dolmuşdu.

Sanki biz də bu qərib şəhərə final oyununa baxmağa gəlibmiş kimi özümüzə bu kafelərin birində yer tapıb pivə sifariş etdik. Final oyunu yaxşı görə bildiyimiz geniş ekranda, amma təbii ki, yad spikerin dilində başladı. Ətrafdakı hay-küy futbola baxmaq istəyən iki əcnəbiyə - mənə və dostuma narahatlıq gətirmirdi, əksinə, özünü sanki stadiondakı kimi hiss edirdin. Beş-on dəqiqə sonra dostumun qulağına ilk müşahidəmi pıçıldadım: “Fikir verirsənmi, ispanlara heç azarkeşlik eləyən yoxdur...”

Birinci hissədən sonra uzun yol yorğunçuluğundan artıq gözlərim qapanırdı. Bir pivə də sifariş etdim. Soyuq pivə bəlkə yuxumu qaçırar deyə. Xeyri olmadı və finalı ikinci hissədə yarımçıq qoyub yaxınlıqdakı mehmanxanaya qayıtdıq. Otağa girdik və televizoru açıb bu dəfə Rusiya telekanallarının birində oyunu izləməyə başladıq. Mənim bir neçə dəqiqəyə tam yuxuya keçəcəyimi görən dostum xəbərdarlıq etdi: “Bütün çempionatın oyunlarına baxıb gəlib indi finalda yatacaqsan?”

Özümə haqq qazandırmaq üçün həmin final gecəsi son sözümü dedim: “İspaniya 1:0 udub çempion olacaq...”

Vəssalam. Final gecəsi beləcə bitdi...

Səhər mən oyananda otaq yoldaşım hələ yatırdı. Mənim oyandığımı görüb yarıyuxulu “hə, ispanlar əlavə vaxtda 1:0 udub çempion oldu” deyib yuxusuna davam etdi. İspaniyanı çempion edib yatıbmışam...

***

...Bu, 2010-cu ilin CAR-da keçirilən dünya çempionatının 11 iyul - bazar günü gecəsi Batumidə Zabil Müqabiloğlunun şahidlik etdiyi əhvalatdır.

***

2012-nin 1 iyulu. Bazar günü. Bakı. İspaniya bu dəfə də Avropa çempionatının finalındadır. Şəhərin futbol-kafelərindən xəbərim yox. Hamı nədənsə finala evdə baxmaq istəyir, belə daha rahatdır deyə. Saat 23:20. Qonşu qadın da həyətdən oğlunu çağırır: “Futbol başlayır a, gəlmirsən...?”

Futbol üzrə dünya və Avropa çempionatlarının finalı ailənin bütün üzvlərini ekran qarşısında birləşdirən bəlkə də yeganə oyundur. Mənsə tək baxırdım, belə lap rahat...

Oyun başlayan kimi Zabil (Müqabiloğlu) zəng elədi. “Mən də italiyalıları bolet edəcəyəm” dedi. Bilsəydim ki, bu final gecəsinin sonunda əhvalım bu qədər qarışacaq, “mən yatıram, ispanlar yenə udacaq” deyərdim...

İspaniya 2:0 qalib gəldi. İtaliyanın fiziki gücü “Barselona”nın ulduz oyunçuları ilə mübarizəyə yetmədi. Bu çempionatın bütün oyunlarına əvvəldən-axıra baxsam da bu final gecəsi televizoru 78-ci dəqiqədə söndürdüm. İtaliya çoxdan sönmüşdü onda.
Bir insanın son nəfəsinə baxmaq kimə xoş idisə, onlar baxdı. İspaniyaya azarkeşlik etsəydim, mən də sonadək baxardım. Avro-2012 12 dəqiqə əvvəl bitdi mənim üçün...

Həmin gecə İtaliyanın qələbəsini arzulayan daha bir dostdan mesaj gələndə artıq notbukumu açıb yazıya başlamaq istəyirdim. Qəzəbli və kədərli. “Baxmıram və yazı yazmaq istəyirəm” məzmunlu bir mesaj göndərdim. Amma cavabdan da şübhələnmədim: “Özünü yorma, ispanlar artıq tarix yazıb...”

İtalyanlar bizə Almaniya üzərindəki qələbədən sonra ümid vermişdilər. Son oyunları alınmadı. İtaliyanın finala çıxmasının özü uğur idi. Amma bu, yalançı təskinlikdir. İspaniyanın halal qələbəsi ilə işim yox, amma o törənə baxmaq istəmədim. Zatən UEFA-nın saytı son çempion kimi İspaniyanın 4 il əvvəl başı üzərinə qaldırdığı foto ilə açılırdı. Yenə həmin sifətlər, yeni həmin Del Boske... Yenə həmin krallar, yenə həmin “Kral klubu”nun oyunçuları...


Son yazımı “Kral öldü! Yasan kral!” başlığı ilə yazmaq istədiyimi də demişdim. Olmadı. Krallar ölmür deyəsən.

Bütün çempionat ərzində futbolçular sayaq motivasiyamı qorusam da iki il əvvəlki kimi final gecəsi bitdim. Amma budəfəki final gecəsinin mənə bu qədər pessimizm qarışıq duyğular verəcəyini gözləməzdim. Səhər evdən çıxanda idman qəzetində hesabı gördüm və gecədən bəri ilk dəfə üzüm güldü. Yaxşı ki, baxmamışam deyib sevindim. İspaniya azarkeşlərinin həmin gecə nə qədər sevindiyini təsəvvür etmək olar...

Finişə çatdıq biz də. “Yeni Müsavat” bu çempionatı hər gün ən maraqlı xəbərlərlə, yazılarla sizə çatdırmağa çalışdı. Reaksiyalar müxtəlif oldu: dostlar dost uğurumuzu və səhvlərimizi dedilər. Hansısa futbolçunu, komandanı tənqid etdiyimiz üçün inciyənlər də oldu, acılayanlar da. Bizsə heç bir acı sözdən incimədik. Amma redaksiya zəng edən bəzilərini də başa sala bilmədik ki, bu, futbol və futbol yazılarıdır. Yazı yazmaq üzrə Avropa çempionatı yox, Avropa çempionatından yazı yazmaqdır. Bu, peşəkar futbol akademikinin, baş məşqçinin, Rıdvan Dilmenin şərhləri deyil.

Bu, baş redaktorun etibar etdiyi azarkeşin baxışı və yazısıdır. Əlbəttə, bu yazılarda gərək hansısa komandanın tərəfini də tutasan, hansısa komandanın da oyununu pisləyəsən. Baş redaktorumuz İspaniyaya azarkeşlik edir neçə illərdi. Amma mən onun komandasını da bu yazılarda o qədər tənqid etdim ki... Yeri gəlmişkən, hələ çempionat ərəfəsi tez-tez “Avropa çempionatından yazmaq lazım olacaq” deyib məni bu çox məsuliyyətli işə girişməyimə səbəbkar olan Rauf Arifoğluna təşəkkürümü bildirmək istəyirəm. İyunun 4-dən başlayaraq hər gün qəzetin bir səhifəsini mənə ayırdı və “bir azarkeşin gözü ilə” gücüm çatan qədər Avro-2012 həyəcanın siz oxucularla bölüşdüm.

Yazılarımı çox böyük həvəslə oxuyub redaktə edən və dəyərli məsləhətlər verən redaktor həmkarım Famil Cəfərli də bu işdə əziyyətimi çəkdi. Qol.az saytının baş redaktoru dostumuz Aydın Bağırov yazılarımı saytında yerləşdirdi ki, bu da mənə böyük mənəvi dəstək idi.

Çalışdım ki, yazılarda, qeydlərimdə “xaltura” olmasın, quru statistika da. Beynim hər materialı oxuduqca o qədər təzələndi ki... Uşaqlıq illəri, o dövrün futbol azarkeşliyi, əfsanə oyunçular, fantastik oyunlar... Bunları yenidən xatırlayaraq yaşamaq çox duyğulu idi. Uzun illər öncə mən qəzetə elə idmandan yazmaq üçün gəldiyimi xatırladım. İdman jurnalistikasının dadını bu Avro-2012-də çıxarmaq qismətmiş. Jurnalistikada olduğum bu illərdə ən məhsuldar 27 gün yaşadım. Hər gün yazmaq və həm də sənə zövq verən mövzuda yazmaq “pasımı açdı”. Açığı, çox yoruldum, amma daha çox zövq aldım.

 

***

...Bu çempionatda hər yazımı başlayıb-bitirəndə bir insanı həmişə xatırladım. Görəsən, Ronaldonu amansız tənqidimə nə deyərdi? Görəsən, statistikada neçə səhvimi tutardı? Görəsən, “sən yenə bu hakim Spirinləri qarışdırdın e, dədə” deyərdimi? Kaş deyəydi...

Azərbaycanda idman publisistikasının yaradıcısı və ustadı Adil Qaçayoğlunun sağlığında inanın ki, heç kim məni bu cür məsuliyyətli işi boynuma qoya bilməzdi. Buna cəsarət etməzdim. Adil müəllim futbolu cansız qəzet səhifələrində o sehrli sözlərlə o qədər gözəl canlandırırdı ki... Biz o yazıları necə acgözlüklə oxuyardıq... Onları illər sonra da oxuyanda elə bilirsən ki, sanki həmin oyunların diskinə baxarsan. Qulağına meydandakı azarkeş səsi də gəlir. Hər şey canlı...
2006-cı il dünya çempionatında arada bizim yerli şərhçilərdən “Yeni Müsavat”da replikalar yazırdım. Yaxşı yadımdadır, Adil müəllim o xırda yazıları qəzetdən oxuyar, sonra məsləhətlərini, yaxşıdırsa tərifli sözlərini, nəsə yanlışdırsa, səhvlərimi deyərdi. Həm futbol bilicisi, həm ustad yazar, həm də əsl azarkeş idi Adil müəllim. Onun futbolla bağlı yazdıqları məhz bu səbəbdən canlı və oxunaqlı olurdu. Bu futbol bayramının məyus olduğum finalında Adil müəllimin də yoxluğunu xatırlamaq kədərimi artırdı. Allah rəhmət eləsin sənə, ustad. Yazılarımdakı səhvləri böyüklüyünə bağışla...

***

Son yazını yazmaq həmişə çətin olur. Avro-2012 həyəcanı bitdi. Heç nəfəsimizi dərməmiş Braziliya-2014-ün seçmə mərhələsinin oyunları başlayacaq. Sonra bir müddət də keçəcək, Braziliya stadionları qapılarını futbolçuların və azarkeşlərin üzünə açacaq. Dünya çempionatları daha maraqlı olur. Çünki 5 qitəni təmsil edən komandaların mübarizəsi çox gərgin və həyəcanlı olur.
Braziliya çempionatında görüşənədək...

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı