Avro-2012-nin biletləri satışa çıxarılanda Ukraynanı yaxşı tanıyan dostlardan birinə təklif etdim ki, çalışıb bir neçə (bəlkə də bir neçə yüz) bilet əldə etmək lazımdır. Təklifin məzmunu bu idi ki, həm Ukraynada keçirilən Avro-2012-nin qrup oyunlarına baxaq, həm də Bakıdan çempionata getmək istəyənlərə bilet təşkil edək. Necə deyərlər, həm ziyarət, həm ticarət...
Ticarətdən yaxşı anlayan dostumun ağlı bu alverdən bir şey kəsmədi və təklif elə təklif kimi də qaldı. Prinsipcə, böyük futbol ilk dəfə “burnumuzun ucuna” gəlib çıxmışdı və şansı qaçırmamaq lazım idi...
Sonra məlum oldu ki, bu boyda varlı-hallı ölkənin, yəni Azərbaycanın nə bir televiziya, nə də bir tanınmış idman agentliyi Avro-2012-yə əməkdaş göndərib (Qol.az saytının baş redaktoru, dostumuz Aydın Bağırovun bu mövzuda kədərli və qəzəbli yazısını oxumağınızı tövsiyə edirəm). Çempionatı azarkeş gözü ilə görmək bir başqa, jurnalist kimi görüb yazmaq bir başqa...
Çempionat başlayandan bəri hər gün göz atdığımız Rusiya saytlarında jurnalistlərin onlarla təəssürat yazısına rast gəlirsən. Maraqlı faktlar, hadisələr, müşahidələr o qədərdir ki, bilmirsən hansı düz, hansı yalandır. Ev sahibləri doğrudanmı çempionata hazırlıqsızdır, doğrudanmı stadionlarda ot örtüyünün vəziyyəti bərbaddır, doğrudanmı Ukraynanın matç keçirilən şəhərlərində bir gecə qalmaq üçün mehmanxanada 300 avro ödəmək lazımdır?..
Qatığın qara olmadığını təsdiq etmək üçün onu mütləq görmək lazımdır, bəlkə elə içinə qara kömür atıblar...
İndi biz Azərbaycandan çox da uzaq olmayan (həm də bizə Rusiyadan çox mehriban) Ukraynada və Polşada stadiondan kənar baş verənləri rusların gözü ilə oxuyur və... inanmırıq. Niyə? Çünki görmürük, bilmirik... İnanmamaq da olmur. Niyə? Çünki görmürük, bilmirik...
Çempionatda yaranmış iki günlük fasiləni fürsət bilərək oxucuları da “ürəyimi deşən” jurnalist qeydlərinin çox az bir qismi ilə tanış etmək istəyirəm.
Ruslar nə yazır? Bəri başdan deyim ki, Polşaya baxanda Ukraynadan çox da pis yazmırlar.
Sports. ru-dan sitat: “Varşavadan Vrotslava sürət qatarı ilə 5 saatlıq yoldur. Qdanska isə 6 saat. İki gündən bir bu yolu getmək çətindir. Ötən Avropa çempionatlarda fərqli olaraq bu dəfə jurnalistlərə qatardan pulsuz istifadə hüququ verilməyib. Vrotslavdan Varşavaya qayıtmaq üçün də azarkeşlər xeyli gözləməli olur. Onların çoxu məcbur olub dəmiryol vağzalının pilləkənlərində yatır. Çünki qatar səhər saat 4-də yola çıxır...”
İyunun 12-də keçirilən Rusiya-Polşa oyunu (matç 1:1 başa çatıb) öncəsi küçələrdə ruslarla polyakların bir-birini qırdıqlarını bütün dünya mətbuatı gördü və yazdı. UEFA Polşada baş verənlərə görə Rusiya millisini cərimələdi və xəbərdarlıq etdi ki, bu hadisələr yenidən təkrarlansa, komanda Fransada keçiriləcək Avro-2016-nın seçmə mərhələsinə mənfi 6 xalla başlamalı olacaq.
Ruslar yazır: “Oyun günü artıq ehtiraslar qızışmağa başlamışdı. Polşanın başıqırxıq azarkeşləri əllərinə Rusiyanın hansı atributu keçirdisə, yerə atıb təpikləyirdilər. Deyəsən, Polşada bir ideologiya var: ruslara nifrət”.
Rus jurnalistləri iddia edirlər ki, polyakların bu cür hərəkətlərini UEFA sadəcə adi xuliqanlıq kimi qiymətləndirib: “Bunun adı isə xuliqanlıq yox, adi faşizmdir...”
Paytaxt Varşava haqqında yazılanları oxuyanda isə elə bilirsən ki, bizim Bakı haqda yazıblar: “Varşavanın hər yerində tikinti bumu gedir. Polşa hökuməti çox çalışsa da, çempionatadək bir çox tikililər yarımçıq qalıb. Məsələn, Varşava metrosunun ikinci qatının tikintisi tamamlanmadığından çox gülməli mənzərə yaranıb”.
B və D qruplarının oyunlarının keçirildiyi Ukraynanın şəhərlərində azarkeşlər arasında ciddi qarşıdurmalar, küçə döyüşləri olmadı. İddialar var ki, buna səbəb Ukrayna OMON-un yaratdığı xofdur. Yenə rus həmkarlarımız yazır ki, Lvovdan Donetskə getmək üçün ayrılmış “Hyundai” və “Şkoda” sürət qatarları azarkeşləri daşımaq üçün bəs etmir: “Başqa qatarla isə getmək üçün bir sutka vaxt lazım olur. Lüks qatarlarda isə kondisionerlər ya yaxşı işləmir, ya da elə soyudur ki, adam donur. Lvovdan Donetskə birbaşa reys yoxdur. Donetskdə restoran və barlarda, stadion yaxınlığındakı butiklərdə ingilis dilini bilən çox az adam var. Onlar əl-qollarını ölçə-ölçə ”nə, nə..." deyə soruşurlar.
Ukraynaya gözlənildiyi qədər çox əcnəbi gəlməyib. Buna səbəb isə orada qiymətlərin çox yüksək olmasıdır. Adi oteldə birnəfərlik otaq üçün 300 avro ödəmək lazım gəlir. Bu səbəbdən də çoxları ev kirayələyiblər".
Ukrayna saytları da yazır ki, mehmanxanalarda qiymətlər doğrudan da fantastik həddə artırılıb: “Mehmanxana sahibləri fikirləşiblər ki, həyatda bir də belə şans olmayacaq. UEFA prezidenti Mişel Platini çempionat ərəfəsi Ukrayna prezidentinə sual edib ki, siz mehmanxananın qiymətlərini 40 avrodan necə 500 avroya qaldıra bilərsiniz. Ukrayna prezidenti isə bu məsələni aydınlaşdıracağına söz versə də, elə vəd kimi də qalıb”.
Paytaxt Kiyevdəki vəziyyətlə bağlı oxuyanda isə bizim Bakının “Eurovision” günlərini xatırladım: oyunların keçirildiyi stadionların həndəvərində keşik çəkirlər, taksilər əcnəbilərdən çox pul almaq istəyirlər, minik maşınlarını şəhərin mərkəzi küçələrinə buraxmırlar...
Ukrayna bloggerləri iddia edirlər ki, çempionata hazırlıqla bağlı əvvəl 35 milyard qriven ayrıldığını desələr də, sonda məlum olub ki, bu rəqəm 80 milyard qrivendir. Çempionata hazırlığa məsul məmurlar isə... Sitat: “Mənim qayınatam ötən il çempionatın təşkilat komitəsinin məsul şəxsi Boris Kolesnikovun evində işləməli olub. Onun evinə gətirilən hətta təzə soyuducunun üstündə Avropa çempionatının simvolu var idi... Yəqin artıq qalıbmış...”
2018-ci ildə dünya futbol bayramı bizim sərhədə gələcək. Rusiyaya... Sağlıq olsun, heç olmasa o çempionata gedərik...
Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir