Futbol - siyasətin qurbanı

Futbol - siyasətin qurbanı
XƏBƏR 22 İyun 2012 / 16:03 6915
-  A +

Bugünlərdə “Köhnə qitə”nin nəbzi Ukrayna və Polşada keçirilən futbol üzrə Avropa çempionatı ilə döyünür. Lakin milyonların sevimlisi olan bu oyundan hazırda siyasi təzyiq vasitəsi kimi istifadə olunması sadə azarkeşlərin maraqlarına uyğun gəmir. Almaniya başda olmaqla Avropanın bir sıra ölkələrinin və beynəlxalq qurumların Ukraynadakı siyasi prosesləri bəhanə edərək boykot çağırışları ilə bu ölkəyə təzyiq göstərməsi futbolun da siyasətə alət olduğunu göstərir. Halbuki Beynəlxalq Olimpiya Komitəsinin, FİFA və UEFA-nın əsas şüarlarından biri də odur ki “idmanı siyasətə qarışdırmaq olmaz”.

Lakin tarixi təcrübə də təsdiq edir ki, məhz populyarlığına görə futbol hər zaman milli, etnik, dini, sinfi, ictimai-siyasi mövqeyin, hətta irqi münasibətlərin təzahürü baxımından siyasi arsenalın mühüm elementlərindən biri olub.
 
Avropanın ən güclü çempionatlarından biri olan İspaniya “La Liqa”sında milli-etnik, dini siyasətin təzahürlərinə rast gəlirik. İspaniyanın bəzi futbol klublarında separatist meyllər müşahidə olunur. Mütəxəssislər bunun səbəbini İspaniyanın yaxın keçmişində baş verən proseslərlə əlaqələndirirlər. Belə ki, vətəndaş müharibəsinə qədər (1936-1939) İspaniya cəmiyyətinin mənəvi dəyərləri 3 mühüm faktor üzərində qurulmuşdu: liberalizm, dünyəviliklə bərabər kilsə və monarxın nüfuzu (xüsusilə Bask bölgəsində katolik kilsəsi böyük nüfuz sahibidir) və sosial islahatlara ehtiyac (sosialist ideyalar Kataloniya millətçiləri arasında daha populyar idi). 1939-cu ildə general Fransisko Frankonun hakimiyyətə gəlməsindən sonra bu dəyələr qorunub saxlanmadı və ümumilikdə milli-etnik atributlar qadağan edildi. Hətta ispan dilindən başqa digər dillərdə danışmaq belə cəzalandırılırdı. Buna görə də Kataloniyada “Barselona”, Bask regionunda “Atletik” (Bilbao) kimi komandaların stadionları katalon və bask dillərinin açıq istifadə olunduğu əsas mərkəzə çevrilmişdi.

Bu ideyaların davamı olaraq “Atletik” (Bilbao) komandası yalnız Bask regionunda anadan olan və ya xaricdən bask əsilli futbolçuları komandaya götürür (misal üçün, Fransa milli komandasının üzvü Biksant Lizarazyu mənşəcə bask olduğundan kluba transfer olunmuşdur). Bilbao klubu bu xüsusiyyətinə görə dünyada yeganə komandadır. Bask milli azadlıq hərəkatının terrorçu qanadı olan ETA terror təşkilatının şüarları da Bilbaoda “San Mames” stadionunda səslənir. Bəzən mətbuatda klub nümayəndələrinin ETA ilə əlaqələri ilə bağlı məlumat da yer alır. “Barselona” - “Real Madrid” (general Frankonun azarkeşlik etdiyi komanda) rəqabətinin əsasında da katalon millətçiliyi və mərkəzi hökumətə qarşı müqavimət hərəkatı dayanır.

İran çempionatında da milli hərəkatın əsas meydanı futboldur. Təbriz şəhərini təmsil edən “Traxtor sazi” komandasının oyunları ölkədə yaşayan Azərbaycan türklərinin öz milli düşüncələrinin ifadə məkanına çevrilib. Statistik göstəricilərə görə, komandanın hər oyununa təxminən 70-80 min seyrçi gəlir. Komandanın azarkeşlərinin səsləndirdiyi “Haray, haray mən türkəm”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil” kimi şüarlar İran çempionatına milli-mədəni çalar verir.

İspaniya çempionatı dini siyasətdən də kənar deyil. 2012-ci ilin aprel ayında “Real” (Madrid) klubunun rəhbərliyi klubun emblemində kral tacının üstündəki xaçı çıxarmaq qərarı verib. Xaç klubun embleminə 1920-ci ildə tacla bərabər salınıb. Yerli mətbuat bunu kral klubunun müsəlmanlar arasında populyarlığını artırmaq istəyi ilə əlaqələndirir. Tənqidçilər isə bunu biznes qərarı yox, islam dininə etiqad edənlərin sayının artması kimi qələmə verirlər.

Ümumiyyətlə, Avropa futbol klublarında xaç təsvirinə həm milli və klub komandalarının emblemlərində, həm də formalarında çox rast gəlinir. Bu bayraqlar, emblemlər, formalar komanda azarkeşlərinin kütləviliyi fonunda xaç yürüşləri dövründə tampliyerlər ordusunu xatırladır. Hazırkı Avropa çempionatının İngiltərə-Fransa oyununda ingilis komandasının formasındakı xaç və ingilis azarkeşlər arasında səlib yürüşləri dövrünün cəngavər geyimi həmin dövrü xatırladır.

Bəzi klublar isə hətta bu simvolikanı adlarında belə əks etdirirlər. Belə ki, emblemində xaç daşıyan İtaliyanın “Parma” klubunu qeyri-rəsmi olaraq səlibçilər adlandırırlar (“Crociati”  italyanca səlibçi deməkdir).

Bir sıra ölkələrdə futbol fərqli dini əqidə daşıyıcılarının qarşıdurma meydanıdır. Misal üçün, Şotlandiya çempionatında “Qlazqo Reyncers” – “Seltik” arasında əzəli rəqabətində din amili əsas səciyyə daşıyır. Belə ki, “Qlazqo Reyncers” protestantların, “Seltik” isə katoliklərin komandasıdır.

Futbolun ölkədaxili siyasətdə rıçaq olaraq istifadə olunmasının ən parlaq nümunəsini isə İtaliyanın keçmiş baş naziri Silvia Berluskoninin “Milan” futbol klubu ilə əlaqələrində görmək olar. Keçən əsrin 80-cı illərinin sonuna doğru “Milan”ın Avropada yüksək göstəriciləri hesabına populyarlığını nəzərə alan Berluskoni 1986-cı ildə bu klubu alır. Bundan sonra İtaliyada çox məşhur olan bir futbol şüarı – “Forza İtalia” (İrəli, İtaliya) adında siyasi partiya qurdu. Klub fanatlarının da dəstəyi hesabına partiyası seçkilərdə qalib gəldi və Berluskoni 1994-cü ildə baş nazir ola bildi. Berluskoninin Avropada zirvələrə daşıdığı “Milan” bunun əvəzində onun özünü İtaliyada zirvəyə qaldırdı.

Maraqlıdır ki, İtaliyanın hazırkı baş naziri Mario Monti bu yaxınlarda bütün futbol oyunlarının keçirilməsinin müvəqqəti dayandırılması təşəbbüsü ilə çıxış edibr. Onun fikrincə, futbolun fırıldaqçıların əlində təzyiq vasitəsi olması olduqca təəssüfləndiricidir və bu addımı futbolu həqiqi sevənlərin naminə atmaq lazımdır. Ancaq bu təşəbbüsün özündə belə futbolun ölkədaxili siyasi həyata təsir imkanı kimi qiymətləndirilməsinin şahidi oluruq.

Balkanlarda da futbol və siyasət sıx bağlıdır. Hələ keçmiş Yuqoslaviyanın tərkibində olarkən hər bir müttəfiq respublikanı təmsil edən komanda serb, xorvat, sloven, makedon, alban millətçiliyini təbliğ edən mühüm təsisat olub. Bunlar arasında “Dinamo” (Zaqreb) – “Srvena Zvezda” komandaları arasındakı rəqabət isə vətəndaş müharibəsi dövründə ən yüksək pik dövrünü yaşayıb. Hər iki komandanın azarkeşləri müharibə edən tərəflərdə xüsusi fərqlənir və münasibətlərini futbol deyil, döyüş meydanında aydınlaşdırırdılar.

Beynəlxalq münasibətlər tarixində 1969-cu ildə Hondurasla El Salvador milli komandaları arasında oyun zamanı yaranmış insidentlə əlaqədar alovlanan 100 saat davam edən “futbol müharibəsi”, 2008-ci ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması təşəbbüsü olaraq “futbol diplomatiyası” kimi presedentlər də qeydə alınıb.

Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə nəticələnən “futbol diplomatiyası” FİFA-nın futbol qaydaları üçün də bir nümunə oldu. Məlum olduğu kimi FİFA qaydalara dəyişiklik edərək oyunların artıq 4 deyil, 6 hakim tərəfindən idarə olunması ilə bağlı qərar verib. Belə görünür ki, futbol diplomatiyası FİFA reqlamentini də qabaqlayıb. Çünki Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması mərasimində altı “hakim” – həmin dövr ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət komissarı Xavyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Avropa İttifaqına sədrlik edən İsveçin xarici işlər naziri Karl Bild iştirak edib.

Beləliklə, dünyanın ən populyar oyunu olan futbol hər zaman siyasətin qurbanı olub. Bir adi azarkeş olaraq isə təvəqqemiz futbolun siyasətə alət edilməməsidir. Futbol təzyiq vasitəsi deyil, milyonları birləşdirən oyundur.

Ərəstü HƏBİBBƏYLİ,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
www.newtimes.az

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı