Azərbaycanın ilk xanım futbol meneceri: “Bu cür hərəkəti kişiyə yaraşdırmıram”

Azərbaycanın ilk xanım futbol meneceri: “Bu cür hərəkəti kişiyə yaraşdırmıram”
MÜSAHİBƏ 22 İyun 2012 / 13:07 10060
-  A +

Azərbaycanın ilk xanım futbol meneceri Günel Rüstəmova Qol.Az-a müsahibə verib

- Nə vaxtdan bu işə başladınız və niyə məhz futbol menecerliyini seçdiniz?

- İki ildir futbolla maraqlanıram. İlk dəfə stadiona Tofiq Bəhramov adına arenaya, “Qarabağ”ın oyununa getmişəm.  Sonra isə mütəmadi olaraq, oyunları stadiondan izləməyə başladım. Bu ərəfədə Azərbaycan millisinin sabiq üzvü Deni Qaysumova tanış oldum. O, mənə məsləhət gördü ki, menecerliklə məşğul olsam, məndə yaxşı alınar.

- Qaysumovla necə tanış oldunuz?

- Facebook sosial şəbəkəsində. Futbol adamı olduğum üçün özüm maraqlandım, söhbət etdim. O da məndəki bu marağı görüb özümü sınamağı məsləhət gördü.

- Deməli, iki ildir ki, bu işlə məşğulsunuz?

- Belə deyək, iki ildir fəal olaraq futbolun içindəyəm. Son bir ildə isə ciddi olaraq, menecerliklə maraqlanıram. Bu arada bir  transfer həyata keçirmək istədim, amma uğursuz alındı. Bundan sonra düşündüm ki, mənim üçün ən yaxşısı xaricdən Azərbaycana futbolçu gətirmək yox, Azərbaycandan xaricə futbolçu aparmaqdı. Onu da başa düşdüm ki, bu sahədə çalışmaq üçün lisenziya almaq lazımdır.

- Lisenziya almısınız?

- Bəli, artıq lisenziyam var.

- Azərbaycanda imtahan verib almısınız?

- Bəli. Belə baxanda onsuz da lisenziyaları FİFA verib. Odur ki, aldığım lisenziya mənə istənilən ölkədə fəaliyyət göstərmək imkanı verir.

- Səhv etmiriksə, Azərbaycanda ilk xanım futbol meneceri sizsiniz.

- Ümumiyyətlə, Qafqazda ilk xanım futbol meneceriyəm.

- Bəs, ilk vaxtlarda çətin olmadı?

- Çətin idi. Sağ olsun, Asif Bağırov, mənə çox köməkliyi dəydi. Məni imtahana o hazırladı. Çünki futbolda yeni adam olduğumdan bir çox terminləri, ümumiyyətlə, başa düşmürdüm. Bütün bunların hamısında Asif müəllim öz köməyini göstərdi. İmtahana gəlincə, AFFA-da keçirildi və çox həyəcanlı idim.

- Yəqin ki, FİFA meneceri adını da almağı qarşınıza məqsəd qoymusunuz...

- Hələ AFFA-nın verdiyi lisenziyanı doğruldaq... (gülür). O əvvəllər idi FİFA meneceri deyirdilər, indi isə menecerlər yerli federasiyanın təmsilçisi kimi gedirlər. Ancaq bu lisenziya ilə dünyanın istənilən yerində işləyə bilərik.

- Azərbaycanda çalışan digər menecerlərlə münasibətiniz necədir?

- Azərbaycanda lisenziyası olan 10 futbol meneceri var ki, onların da sonuncusu mənəm. Ancaq heç biri ilə əlaqəm, münasibətim yoxdur. Qismən Vaqif Heydərlini tanıyıram. Çünki imtahan başa çatandan sonra sənədləşmə işlərində bizə kömək etməsini xahiş etmişdik.

- Sizcə, kişi həmkarlarınızda sizə qarşı hansısa qısqanclıq ola bilər?

- Yox. Çünki onların işi Azərbaycana futbolçu gətirməkdi, mən isə Azərbaycandan xaricə futbolçu aparmağa çalışıram. Bu mənada inanmıram ki, aramızda hansısa problem olsun. Amma ola bilər ki, gələcəkdə hansısa menecerimizdən xahiş edim ki, icazə versin, onun futbolçusunu xaricə aparım.  Məsələn,  hazırda başqa menecerimizlə müqaviləsi olan futbolçunun işi ilə məşğulam. Buna görə həmin menecerdən icazə almışam.

- Dediniz ki, ölkədən kənara futbolçu çıxarmaq istəyirsiniz. Axı, burda o qədər də qazancınız olmayacaq. Çünki böyük əksəriyyət daha çox ölkəyə futbolçu gətirib faizini alır. Bəs, siz xaricə kimi çıxara biləcəksiniz? Məgər, elə futbolçumuz var?

- Bizdə hamı pul qazanmaq istəyir. Heç kim sinəsinə döyərək deyə bilməz ki, mən bunu vətən üçün edirəm, pul istəmirəm. Amma ölkəmizi də düşünməliyik. Niyə hər sahədə qabağa gedirik, amma futbolda yox? Çox güclü futbolçularımız var ki, xaricdə oynaya bilərlər. Sadəcə, onlara başa salmaq lazımdır ki, futbol yalnız Azərbaycan klublarından ibarət deyil. Əsas odur ki, onları Avropada oynamağa inandıra biləsən. Amma bir problem də var ki, bizdə futbolçulara çox pul verildiyindən kənara çıxmaq istəmirlər.

- Konkret hansı futbolçunun adını çəkə bilərsiniz ki, Avropada oynaya bilər?

- Gəlin, ad çəkməyək. Amma elə futbolçular var və bu sahədə iş gedir. Nəticəsini siz də gələcəkdə görəcəksiniz.

- Yaxşı, hansı ölkələri nəzərdə tutmusunuz?

- Rusiya və Türkiyə ilə əlaqələrim var. Türkiyə variantına daha çox üstünlük verirəm. Çünki ora uyğunlaşmaq baxımından problem olmayacaq.

- Dünyada tanınmış menecerlərlə əlaqələriniz var?

- Mənim tanıdığım menecerlərin hamısı yüksək səviyyəli futbolçularla işləyir. Düzdür, tanışlığımız var, amma onlarla işləyəcək səviyyədə əlimizdə bir şey yoxdur.

- Həmin menecerlər hansı ölkəni təmsil edirlər?

- Almaniya, İtaliya, Xorvatiya, Bolqarıstan, Türkiyə və Ukraynadan tanıdığım yüksək səviyyəli menecerler var. Ümumiyyətlə, ölkə xaricindəki bir sıra tanınmış menecerlərlə olan əlaqələrim futbolçularımızı Avropaya çıxarmağa imkan verir.

- Həmin menecerlərdən Azərbaycana dəvət etmək niyyətiniz yoxdur ki?

- Belə fikrim var, artıq İtaliya və Türkiyədən olan menecerləri Azərbaycana dəvət etmişəm. Onlar gəlib bizim futbolçuların oyunlarına baxacaqlar.

- Dediniz ki, yalnız ölkə xaricinə futbolçu çıxarmaq üzrə çalışırsınız. Daxili bazarda, ümumiyyətlə, çalışmaq istəmirsiniz?

- İstisna hallar ola bilər. Məsələn, ola bilər ki, əlimdəki futbolçunu ölkə xaricinə çıxara bilmədim. Belə olan halda onu işsiz də qoymaq olmaz axı. Odur ki, yerli klubların biri ilə razılığa gələcəyik.

- Menecerler müxtəlif şərtlərlə işləyir. Biri var futbolçu ilə işləyən menecer, biri də var klubla əməkdaşlıq edən menecer. Sizdə necədir?

- Lisenziyası olan istənilən menecerin futbolçu ilə müqaviləsi olmalıdır. İkincisi, müqavilə hələ heç nə demək deyil. Yalandan sənədləri toplamaqla iş bitmir. Həmin futbolçuya əbəs yerə ümid vermək lazım deyil. Çünki o arxayın olur ki, menecerim mənə klub tapacaq. Əgər futbolçu ilə doğrudan da işləyəcəksənsə, onunla müqavilə bağlamalısan, həmin futbolçunun səviyyəsinə uyğun ona klub tapmalısan. Məsələn, ona açıq şəkildə deməlisən ki, sənin səviyyən 7-8-ci pillədə qərarlaşan klublarda oynamağa imkan verir. Mən də sənə bu səviyyədə klub tapmaqda kömək edəcəyəm.

- Bir çox halda futbolçularımız ölkədən kənar çıxa bilməmələrində menecerləri qınayırlar. Bildirirlər ki, sizlər onların reklamını lazımınca aparmırsınız...

- Belə götürəndə, futbolçuların özlərində də çox günah var. Məsələn, biz xariclə telefon əlaqəsi saxlayırıq, futbolçuların diskini xaricə yollayırıq. Əziyyət çəkirsən, ancaq sonda görürsən ki, futbolçu ya başqa klubla müqavilə bağlayıb, ya da xaricə getmək istəmir. Bəziləri süni reklamdan istifadə edir, qiymətlərini artırır, sonra yalançı çıxırlar. Bu cür hərəkəti kişiyə yaraşdırmıram. Bir şeyi də deyim ki, futbolçular menecerlərlə müqavilə bağlamaqdan da qorxurlar. Bunu da başa düşmürəm.

- Burada bəzi “menecerlər”in də günahı var. Çünki onlar danışıqlar zamanı futbolçunu aldadıb onun transferindən külli-miqdarda pul mənimsəyir...

- Ordada 5-10 minin söhbəti gedir. Mən əsl futbolçu-menecer münasibətindən danışıram. Əsl futbolçu heç vaxt özü gedib danışıq aparmır. Bu işi onun meneceri görür, futbolçunun işi futbol oynamaqdı.
 
Anar XANLAROV














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı