Daha bir ulduz futbolçu "Milan"ı tərk etdi

Daha bir ulduz futbolçu "Milan"ı tərk etdi
XƏBƏR 22 İyun 2012 / 02:50 2610
-  A +

Məşhur hollandiyalı futbolçu Klarens Zeedorf İtaliyanın “Milan” klubundan getdiyini bəyan edib.

Zeedorf “rossonyerlər”i özünə ev saydığını, amma yeni təcrübə qazanmaq istədiyini bildirib.

Lakin 36 yaşlı yarımmdafiəçi gələcəkdə harada oynayacağını deməyib. O, hər şeyə bir neçə gündən sonra aydınlıq gələcəyini söyləyib: “Heç vaxt indiki qədər təklif almamışam”.

Zeedorf “Milan”da geyindiyi 10 nömrəli formanı isveçli hücumçu Zlatan İbrahimoviçə verib. İbrahimoviç əvvəllər 11 nömrəli futbolka ilə çıxış edib. Daha öncə Alessandro Nesta, Filippo İnzagi, Cennaro Qattuzo, Canluka Zambrotta, Mark van Bommel və Matyö Flamini də komandadan getdiyini açıqlayıb.

Qeyd edək ki, Klarens Zeedorf “Milan”la 2002-ci ildə müqavilə bağlayıb. O, İtaliya çempionatında 300 oyuna 47 qol vurub. Zeedorf iki dəfə A seriyası, ölkə superkuboku və Çempionlar Liqasının, 1 dəfə İtaliya Kuboku və klublararası dünya çempionatının qalibi olub. Hollandiyalı yarımmüdafiəçi yeganə futbolçudur ki, 3 müxtəlif komanda ilə Çempionlar Liqasını qazanıb. Bunlar “Milan”dan əlavə Hollandiya “Ayaks”ı ilə Madrid “Real”ıdır. Zeedorf İtaliya “Sampdoriya”sı və “İnter”ində də çıxış edib, Hollandiya yığmasında 87 oyuna 11 qol vurub.


Xəbər: Lent.az


Son xəbərlər