Avropa çempionatı üçün heyət açıqlandı

Avropa çempionatı üçün heyət açıqlandı
XƏBƏR 21 İyun 2012 / 17:19 1523
-  A +

İyunun 22-də Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.

Kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək. Demyanenko daha öncə 1–3 iyunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş dünya kubokunun III mərhələsində eyni məsafələrə yürüşlərə qatılıb. Hər iki yürüşdə o, finaladək irəliləməyi bacarıb. Avropa çempionatı 29 yaşlı kanoeçimiz üçün 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınaq olacaq.

Kayakçımız Mirnazim Cavadov da Avropa çempionatında qüvvəsini sınayacaq. Cəmi 20 yaşında olmasına baxmayaraq, Cavadov dünya kubokunun III mərhələsində həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə 9-cu yeri tutub. O, qitəmiqyaslı yarışda da eyni məsafələrə yürüş edəcək.

Valentin Demyanenko və Mirnazim Cavadov Zaqrebə milli komandamızın məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında yollanıb. Nümayəndə heyətinə isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatı iyunun 24-də yekunlaşacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki