Azərbaycanlı məşqçilər Mourinyonu dəstəkləyir (VİDEO)

Azərbaycanlı məşqçilər Mourinyonu dəstəkləyir (VİDEO)
XƏBƏR 19 İyun 2012 / 17:20 2067
-  A +

Futbolda “futbol biclikləri” deyilən bir ifadə var. Məsələn, hesabda öndə olan komanda bilərəkdən oyunun vaxtını uzadır, yaxud futbolçular adi mübarizədən sonra yerə uzanaraq, uzun müddət ayağa qalxmırlar, özlərini ciddi zədə almış kimi göstərirlər. Bəzən isə, hansısa futbolçu hesabda geridə olan rəqib komandadakı həmkarını bilərəkdən təxribata çəkərək, onun meydançadan qovulmasına nail olur. Bir metod da var ki, bundan daha çox məşqçilər istifadə edirlər.

Belə ki, baş məşqçi hansısa əhəmiyyətsiz oyun öncəsi sarı vərəqə limiti dolmaq üzrə olan futbolçusuna bilərəkdən sarı vərəqə almağı, bununla da əhəmiyyətsiz oyunu buraxıb növbəti vacib oyunlara hazırlaşmaq tapşırığı verir. Hətta bəzən bilərəkdən qırmızı vərəqə alınmasının da şahidi olmuşuq. Məsələn, 2010-2011-ci il mövsümündə Çempionlar Liqasının “Real”la “Ayaks” arasında keçirilən qrup mərhələsinin sondan əvvəlki qarşılaşmasında Madrid klubunun futbolçuları Xavi Alonso ilə Serxio Ramos məhz Joze Mourinyonun xüsusi tapşırığı sayəsində ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alaraq meydançadan qovulmuşdular.

Nəticədə hər iki futbolçu qrupun heç bir əhəmiyyət daşımayan son matçını buraxaraq, 1/8 finalda Mourinyonun ixtiyarında olmuşdular. Həmin vaxt bir çoxları bu addımına görə portuqaliyalını qınayaraq, onun hərəkətini qeyri-peşəkar adlandırsa da, əslində burada qeyri-adi bir şey yox idi. Çünki baş məşqçinin planlarına görə, bu metoddan istifadə olunmalı idi və olundu. Bəs görəsən, bizim futbol mütəxəssislərimiz bu cür taktiki gedişlərə necə baxırlar, buna münasibətləri necədir və özləri bu metodlardan istifadə edirlərmi? Qol.Az-a açıqlamalarında məsələyə münasibət bildirən yerli futbol mütəxəssislərimizin cavablarını sizin də diqqətinizə çatdırırıq. Ancaq öncə həmin məşhur oyunun məşhur görüntülərinə baxaq və sonra bizim mütəxəssislərin fikirləri ilə tanış olaq.




 

Yunis Hüseynov (“Karvan”ın sabi baş məşqçisi): “Bəli, futbolda belə hallar olur. Elə oyun olur ki, futbolçunun vərəqə limiti dolmaq üzrə olur. Bu zaman onun bilərəkdən sarı vərəqə alıb növbəti oyunu buraxması, bir sonrakı daha ciddi oyunda meydançada olması üçün bu cür taktiki gedişlərdən istifadə olunur. Bu da bir növü məşqçinin taktiki gedişidir. Münasibətimə gəlincə, normaldı. O ki, qaldı mənim məşqçilik karyeramda bu cür metodlardan istifadə edib etməməyimə, açığı elə bir şey xatırlamıram, məndə olmayıb. Ancaq güclü rəqiblərlə oyunöncəsi bu cür metoddan istifadə şansı yaranarsa bunu edərəm”.

 

Şahin Diniyev (Azərbaycan milli komandasının sabiq baş məşqçisi): “Bilirsiniz, məşqçi məşqçidir. Meydançada onun gördüyü iş görünməlidir. Ona lazım olan əsas şey qarşıya qoyulan məqsədə çatmaq və nəticə qazanmaqdı. Ona görə də futbol bicliklərindən istifadə edilməsini tam normal qarşılayıram. Məsələn, hesabda irəlidə olarkən tempi aşağı salmaq, oyunun vaxtını gecikdirmək və s. Bir FİFA nümayəndəsi kimi yox, amma bir məşqçi kimi bu tip bicliklərə pis baxmıram. Yalnız Fair Play istisnadır. Çünki bunu artıq doğru qəbul etmirəm. Əgər özün də istəməyərəkdən Fair Play qaydalarını pozub qol vurmusansa, mütləq bunun əvəzində rəqibə şərait yaratmalısan ki, gəlib qol vursunlar. Amma dediyim kimi, digər metodlardan istifadəyə tam normal baxıram. Hər məşqçi istəyər ki, vacib oyunlara tam heyətlə çıxsın. Eyni zamanda azarkeşlər də istəyirlər ki, hansısa mərkəzi qarşılaşmalarda  bütün aparıcı futbolçuları meydançada görsünlər. Açığı bu cür hallar mənim də karyeramda olub və istifadə eləmişəm”.


Arif Əsədov (“Neftçi”nin sabi baş məşqçisi): “Normal baxıram. Çünki vəziyyətdən aslı olaraq bu cür gedişlərə əl atmalı olursan. Hansısa futbolçunun 3 sarı vərəqəsi olur və ona tapşırırsan ki, bilərəkdən sarı vərəqə alıb növbəti, o qədər də əhəmiyyətli olmayan oyunu buraxsın. Futbolçu da həmin oyunu buraxır və sonrakı vacib qarşılaşmada forma geyinir. Yəni lazım olmayan oyunda futbolçunun vərəqə limitini doldurub vacib qarşılaşmanı buraxmağındansa, məhz bu cür metoddan istifadə etmək daha uyğundu. Dediyim kimi, mən də bunu normal qarşılayıram və hətta öz karyeramda da bu cür hallar olub. Konkret xatırlamıram, amma kubok oyunlarının birində belə şey baş vermişdi. Bilirsiniz ki, əvvəllər kubokda alınan sarı vərəqələr çempionat oyunlarında da nəzərə alınırdı. Biz də zəif komandaların biri ilə kubok matçına çıxmışdıq. İlk oyunda artıq böyük hesabla qələbəni təmin etmişdik və ikinci oyunun formal xarakter daşıyacağı məlum idi. Odur ki, oyunun gedişində bilərəkdən sarı vərəqə alaraq cavab oyununu buraxdım. Sonra isə çempionat oyununda sıraya qayıtdım”. 

Sabir Əliyev (təcrübəli mütəxəssis): “Futbolda belə hallar olur. Çünki hər bir məşqçi istəyir ki, vacib oyunçularını vacib oyunlara saxlasın. Odur ki, kiminsə dördüncü vərəqəni bilərəkdən alaraq, növbəti oyunu buraxmasını tam normal qarşılayıram. Bu da məşqçinin taktiki gedişi sayıla bilər. Yəni, futbol bicliklərindən istifadə etmək lazımdır. O ki qaldı mənim məşqçilik karyeramda bu cür metodlardan istifadə etməyimə, mən, ümumiyyətlə, yalan deməyi xoşlamıram və etiraf edirəm ki, istifadə etmişəm”.  


Anar XANLAROV


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı