Vaqif Cavadov: “Ukraynanın qrupdan çıxacağına inanıram”

Vaqif Cavadov:  “Ukraynanın qrupdan çıxacağına inanıram”
MÜSAHİBƏ 19 İyun 2012 / 15:35 2786
-  A +

Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
 
“Qarabağ”ın yarımmüdafiəçisi Vaqif Cavadov Avro-2012 ilə bağlı Qol.Az-a müsahibə verib.

- Yəqin ki, sən də Avro-2012-nin gedişini izləyirsən. Təəssüratlarını bilmək maraqlı olardı...

- Avropa çempionatı elədir ki, bütün oyunlar maraqlı olur. Özü də get-gedə oyunlar daha da gərginləşir. Bundan başqa, sürprizlər də olur. Məsələn, hollanların 1 xal belə yığmadan qrupda qalmaları, eləcə də rusların mübarizəni erkən dayandırması.

- Yeri gəlmişkən, Rusiyanın qrupda qalması sənin üçün gözlənilməz olmadı?

- Düzü, gözlənilməz oldu. Çünki ruslar çempionata çox yaxşı start vermişdilər. Özləri də pis təsir bağışlamırdılar. Sonradan nə baş verdiyini anlamadım.

- Belə fikirlər var ki, Rusiya Çexiya ilə ilk oyunda bütün gücünü qoydu və sonrakı oyunlara güc qalmadı. Yəni, gücünü düzgün balanslaşdıra bilmədi. Bu fikirlərlə nə dərəcədə razısan?

- Hardasa o da ola bilər. Amma düşünürəm ki, uğursuzluğun əsas səbəbi bu olmadı. Sadəcə, son oyunu çox zəif keçirdilər. Halbuki mən Rusiyanın Yunanıstanı məğlub edəcəyini düşünürdüm. Əgər hesabı açsaydılar, yəqin ki, qalib gələcəkdilər. Belə götürəndə oyuna nəzarət də onların əlində idi. Ancaq elə alındı ki, hesabı açan tərəf yunanlar oldu və qələbə hesabını da sona qədər qoruyub saxladılar.

- Sən özün də Rusiya futbolunun yetirməsisən, orada məktəb keçmisən, futbol oynamısan. Hazırkı Rusiya millisinin üzvləri sırasında tanıdığın futbolçular var?

- Alan Dzaqoyevlə bir yerdə oynamışıq. Ondan başqa, MOİK-in bir neçə futbolçusunu tanıyıram. Amma deyim ki, hamısı ilə yaxşı münasibətim var, yalan olar. Heç bir münasibətim yoxdur, sadəcə, tanıyıram.

- Dzaqoyevden söz düşmüşkən, bu futbolçu heç də pis təsir bağışlamırdı. Sənə elə gəlmir ki, Rusiyanın qrupda qalması onun da çempionatın ən yaxşı oyunçusu olmaq şansının üstündən xətt çəkmiş oldu?

- Həqiqətən də Dzaqoyev çempionata əla başladı, 3 qola imza atdı. Lakin mənə elə gəlir ki, sonradan oyununda eniş baş verdi. Bununla belə, sizinlə razıyam və mən də elə düşünürəm ki, əgər Rusiya qrupdan çıxsaydı, Dzaqoyev turnirin ən yaxşı futbolçusu adını qazana bilərdi.

- Ukraynanın şanslarını necə dəyərləndirirsən? Onların da taleyinə bu gün aydınlıq gələcək...

- Ukraynanın qrupdan çıxacağına çox inanıram, özüm də onlara azarkeşlik edəcəyəm. Düzdür, İngiltərə güclü komandadır, çox çətin olacaq, amma yenə də mən ukraynalıların qrupdan çıxacağına inanıram.

- Deyilənə görə, zədə səbəbindən Şevçenko bu oyunu buraxa bilər. Əvəzində Ueyn Runi cəzasını başa vuraraq meydançaya dönəcək. Bu amil matçın nəticəsinə təsir edə bilər?

- Birincisi, inanmıram ki, Şevçenko bu oyunu buraxsın. Mənə elə gəlir ki, həkimlər mütləq onu bu vacib oyuna kimi sağaldacaqlar. Runiyə gəlincə, bəli, o, həqiqətən də İngiltərə millisi üçün vacib oyunçudur və meydançaya dönüşü ancaq ingilislərin xeyrinə olacaq.

- Sənin özünün daha çox izlədiyin, örnək götürdüyün hücumçular kimlərdi?

- Ən çox İtaliya millisinin hücumçusu di Nataleni qeyd edərdim. Gənc olsa da, kifayət qədər özünü yaxşı tərəfdən göstərə bilir. Bundan başqa, Mario Bolatellinin də oyunundan da xoşum gəlir.

- Qurban Qurbanov saytımıza müsahibəsində “bizim gənc hücumçularımız Şevçenkodan örnək götürməlidir” fikrini səsləndirib. Bu fikirlərlə nə dərəcədə razısan?

- Qurban müəllim bunu deyirsə, deməli düz deyir.Hər şey göz önündədir. Şevçenkonun 35 yaşı var, amma hələ də əla formadadır və Avropa çempionatında özünün deməyi bacarır. Bu isə onun öz işinə nə dərəcədə peşəkar yanaşdığını göstərir. Məncə, belə futbolçudan hər bir gənc örnək götürməlidir.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı