Bazarkeşlər

Bazarkeşlər
XƏBƏR 19 İyun 2012 / 01:03 5379
-  A +

Avropa çempionatındakı Ukrayna - Fransa oyununda necə ildırım çaxmağa, yağış yağmağa başladısa, hakim də, oyunçular da dabanlarına tüpürüb qaçdılar. Stadion da bircə anın içində boşaldı və tamaşaçılar başlarını götürüb stadionun bufetinə, kafesinə getdilər. Məsələ bundadır ki, stadionda yağış altında qalan bəzi azarkeşlərin şənlənmələrini, atılıb-düşmələrini mavi ekranlardan gördükcə gülümsədim və bu yazı da ordan yarandı. 

Müxtəlif ölkələrdən gəlmiş bu azarkeşlərin yağışa məhəl qoymadan şənlənməyində mən nə romantik-sentimental bir məna tapdım, nə də içimdən onları sərxoşluqda ittiham etdim. Hərçənd ki, görüntülərə əsasən ikinci varianta - sərxoşluğa bəraət qazandırmaq olardı. Mənə maraqlı gələn qayğısızca atılıb-düşən, gülən, bir-birini qucaqlayan, yağışı veclərinə almadan köynəklərini çıxarıb kameralara əl edən, foto-müxbirlərə “poz verən” bu adamların azadəliyi, rahatlığı idi. Bizim “azarkeş”ləri düşündüm, beynimdə üzlərini yalnız ekrandan gördüyüm, hansı millətə aid olduqlarını bilmədiyim bu adamlarla özümüzünkünləri müqayisə etməyə başladım.

***

Milli komandamızın məğlubiyyətlərə abunə olduğu Tofiq Bəhramov adına stadionda klublarımızdan hansınınsa oyununa baxmağa getmişdim (“Oyununa” dediyimə görə üzr istəyirəm). Oyun başlamamış yanımdakı naməlum dünyadan olan bir məxluqat peraşki satan oğlanı fitləyib yanına çağırdı, qiymətlə razılaşmadı və başladı ölkədə vəziyyətin bərbad olmağından danışmağa. Peraşkinin qiymətinin qalxmağına əsəbləşib uzun siyasi bir nitq irad edəndən sonra bu bəni-adəm övladı yanındakı həmdünyalısı ilə ötən həftə gəldikləri  oyunu şərh etməyə başladı. Bu yüksək analitik təfəkkürə malik “qonşu”mun söhbətinə istəyərək (bəli məhz istəyərək !) qulaq misafiri oldum. Bu söhbətdə mənə maraqlı gələn onun “dərin, intellektual” futbol bilgisi deyildi. Maraqlı olan onun ötən həftəki oyuna gəldiyi yoldaşı haqqında dediyi fikirlər idi. Bir qram şişirtmədən, ironiya çaları qatmadan dialoqu sizinlə bölüşürəm. Kəmərlərinizi bağlayın, getdik...

Yanımdakı: - Özüm ölüm deyirəm, keçən həftəki oyunun yeri varıydı. Hayıf gəlmədin, yemədin getdin...
Yanımdakının yanındakı: - Alə televizorda baxırdım.
Yanımdakı: - Televizorda yeri yoxdu da, gərək canlı yaşayasan e.
Yanımdakının yanındakı: - Düzdür, brat, amma bu dəfə belə alındı da. Elşənin komandası uduzdu da, əsəbləşmədi ki ?
Yanımdakı: - Uy b..n, yaxşı yadıma saldın. Uduzmaq heç e, o Elşən nə bambılı adam imiş alə (burda “ə” hərfini bir xeyli uzatdı )
Yanımdakının yanımdakı: - Nolub ki? Təzə söhbətdi ? Nəsə quş buraxıb?
Yanımdakı: - Quş nədir e, krokodil. ( Krokodil - rus sözü olub tərcüməsi timsah deməkdir) Alə durub ayağa əlində bayraq yelləyir, komandanın adını qışqırır eləyir, utandığımdan yerə girdim e.
Yanımdakının yanındakı: - Yaxşı da ( burda da “a” hərfi uzanır) Heç onu elə bilməzdim mən, yerini bilən uşaqdı axı...
Yanımdakı: - Mən də elə bilirdim də, burda gördüm alə özünü qoyub axırıncı yola. Bilirsən, qaqaş, mən geridəqalmış deyiləm e, amma hər şeyin yeri var da...
 
***

Düz deyirdi : “Hər şeyin yeri var”. Məsələn, küçələr zibil atmaq yox, yerimək üçündür, metro qız tutmaq yox, nəqliyyat vasitəsidir, toyda oynamaq lazımdı, şıllaq atmaq yox və nəhayət hamamda çimmək lazımdır, çimmək !

Özümüzünküləri ekranda gördüyüm şən, gülərüz adamlarla müqayisə etdim və başa düşdüm ki, bizimkilər azarkeş yox, bazarkeşdirlər. Kəmərlərinizi açın, çatdıq.  
 
QİSMƏT

MÜƏLLİFİN DİGƏR YAZILARI

15.06.12

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı