Ramiz Məmmədov: «4-5 oyunda hakimlərə görə xal itirdik»

XƏBƏR 1 Dekabr 2008 / 17:00 3299
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov komandanın birinci dövrədəki çıxışından razı qalmayıb. «Birinci dövrədəki çıxışımız məni razı salmadı. Bəzi oyunlarda futbolçuların oyunundan narazı qaldım. Biz hazırda layiq olmadığımız yerdə qərarlaşmışıq. Təbii ki, bu məni razı salmır. «Qəbələ» hazırkı heyətlə daha yuxarı pillələrdə olmalı idi» - deyə R.Məmmədov bildirib.
«Qəbələ» Azərbaycan Premyer -Liqasının birinci dövrəsini 12 xalla 10 - cu pillədə başa vurub.
R.Məmmədovun fikrincə, bu ilin yayında etdikləri bəzi transferlər ümidləri doğrultmayıb: «Yayda aldığımız futbolçulardan bəziləri ümidlərimizi doğrultmadılar. Biz onlardan daha yaxşı oyun gözləyirdik»
Baş məşqçi Premyer - Liqanın ilk dövrəsində hakimlərin fəaliyyətindən də narazı qalıb: «Hakimlərin işindən narazı qalmışam. Səhvlər çox oldu. Konkret olaraq 4 -5 oyunda hakimlərə görə xal itirdik». R.Məmmədov komandasının ikinci dövrədə daha yaxşı çıxış edəcəyinə inandığını bildirib: «İnanıram ki, ikinci dövrədə daha yaxşı çıxış edəcəyik. Bunun üçün bütün qüvvəmizi sərf etməyə hazırıq. Yaxın günlərdə transferə çıxaracağımız futbolçuların adlarını açıqlayacağıq. Bununla bağlı qərarımı dekabrın 5-dən sonra açıqlamağı planlaşdırıram. Heyətimizi bir neçə futbolçu ilə gücləndirmək istəyirik».
R.Məmmədov yerli futbolçularla yanaşı, xaricdən legionerlər dəvət etmək istədiklərini də deyib: «Əsas üstünlük legioner futbolçulara veriləcək. Amma yerli oyunçular da almaq fikrimiz var. Hazırda onlarla danışıqlar gedir. Yeni futbolçular komandaya yanvar ayında qoşulacaq».
Baş məşqçi bildirib ki, «Qəbələ» ikinci dövrəyə Türkiyədə hazırlaşacaq: «Yanvarın 4-5-də futbolçular məzuniyyətdən qayıdacaqlar. Hazırlığın ilk mərhələsini ölkədə - Qəbələ və İmişli rayonlarında keçirmək fikrimiz var. İkinci mərhələ Türkiyədə olacaq» («Trend»).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı