“Solğun zanbaqlar” dəmir rəqibə qarşı

“Solğun zanbaqlar” dəmir rəqibə qarşı
AVRO-2012 13 İyun 2012 / 13:27 2486
-  A +

D qrupunun iki ad-sanlı komandası - İngiltərə ilə Fransa da meydana çıxdı və onların da boyunu gördük. Boylarına qarışmayaq, amma bu oyun iki dəfə Avropa, bir dəfə dünya çempionu olmuş Fransaya, futbolun vətəni sayılan və bir dəfə də dünya birinciliyini bayram etmiş İngiltərəyə layiq oyun deyildi.

Ola bilsin komandanın məşqçiləri və oyunçuları son nəticədən razı qaldılar. Elə nəticə də pis deyildi - 1:1. İngilislərin bu çempionata böyük itkilərlə gəldiyi məlum idi, amma fransız futbolu elə azərbaycanlılar qədər yerlipərəst olduğu deyilən UEFA prezidenti Mişel Platinini narahat etməlidir.

Fransa milli çempionatının aşağı səviyyəsini bilirdik. Amma bu nə komandadır Avropaya gətirmisiniz, müsyö Blan? Bir vaxtlar Avropa və dünya çempionatlarında ağalıq edən Fransa futbolu indi ancaq ora-bura qaçıb top qovalayır. Onu elə Foqtsun yığması Azərbaycan da bacarır. Mən qorxuram ki, növbəti çempionatda komandaların sayını 24-ə çatdırmaq istəyən futbol mafiozları pula görə bütün axsaq komandaları Avropaya yığsın...
Püşkatmadan bəri gözlənilən bu oyunla nə ingilislər, nə fransızlar çempionatda heç nə edə bilməz.

Bu qrupdakı “bizimkilər”dən - Ukrayna millisindən İsveçlə qarşılaşmada elə bu cür oyun gözləyirdik. 2:1 uddular. Özü də hesabda geri düşdükləri oyunda. Afərin, Ukrayna! Afərin, Şevçenko! Hər iki qolun müəllifi olan Şeva haqda oyun ərəfəsi yazdığım bir-iki cümləni yenidən təkrarlamağımı qüsura yazmayın: “Komandanın əsas ümidi olan Andrey Şevçenko üçün bu, sonuncu ən böyük çempionatdır. 2004-cü ilin “Qızıl top” sahibi Avro-2012-yə zədəli çıxır. Ukraynaya şöhrət gətirən Şevçenkonun belində zədəsi var. Amma bu cür oyunçular Avropa çempionatında hətta tək ayaqla da oynamağa razılaşar. Təki komanda uduzmasın, təki Ukrayna qalib gəlsin”...

D qrupunda növbəti oyunlar iyunun 15-də keçiriləcək.

Saat 21:00 İsveç-İngiltərə
Saat 23:45 Ukrayna-Fransa

 
“Solğun zanbaqlar” dəmir rəqibə qarşı

Hollandiya Almaniyanı, Portuqaliya isə Danimarkanı udmasa, çamadanlarını yığışdırmalıdırlar; udsalar...

Bu gün saat 23:45-də Avro-2012-nin aylardı ən maraqla gözlənilən qarşılaşmalarından biri - çempionatın favoritlərindən Almaniya millisi ilə ilk oyunda Danimarkaya məğlub olan (1:0) Hollandiya arasında matç keçiriləcək.
B qrupunda yer alan digər komanda - Portuqaliya da ilk turda almanlara eyni hesabla uduzub və onlar da bu gün Danimarka ilə ölüm-qalım mübarizəsi aparacaqlar. Göründüyü kimi, Hollandiya və Portuqaliya milliləri mübarizəni pley-off mərhələsində davam etdirmək üçün bu gün mütləq qalib gəlməlidirlər.

Danimarka və Almaniyaya heç-heçə də sərf edir. Ötən turda qalib gələnlər bu dəfə də meydandan qalib ayrılarsa, növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Bu halda Ronaldo və Van Persi son oyunda heç nəyi həll etməyən matçda qarşılaşacaqlar... Amma hər şey qurduğumuz bu cümlələr qədər asan deyil.

Bəs qalib komandalar uduzsa necə? Onda hər şeyi sonuncu tur müəyyən edəcək. “Ölüm qrupu”dursa, belə də olmalı...

Almaniya çempionluğa iddialı Portuqaliyanı Mario Qomezin vurduğu yeganə qolla yenəndən sonra hollandlarla oyuna yaxşı əhval-ruhiyyədə çıxacaq. Hollandiya isə əksinə, Danimarka ilə oyunda uduzduğuna görə nəinki çempionluq, hətta qrupdan çıxmaq şansını yarıbayarı azaldıb. Üstəlik, komandanın aparıcı oyunçuları - Robin van Persi, Mark van Robben, Uesli Sneyder və Mark van Bommel oyunun nəticəsini dəyişdirmək üçün təxminən 65 dəqiqə (danimarkalılar yeganə topu 24-cü dəqiqədə vurub) meydanda heç nə edə bilməyiblər. Qol vurmamısansa, qapı dirəklərinə dəyib qayıdan top nəyi dəyişir?!

Qərəzli görünmək istəməzdim, Hollandiya Avro-2012-ni qazanmaq istəyən komanda deyil məncə. Almaniya kimi güclü bir rəqiblə nə edəcəklər, bu çox maraq doğurur. Məndən soruşsanız, istərdim ki, Hollandiya Almaniyaya əlavə problem yaratmadan zanbaqlar ölkəsinə geri dönsün. Belə komanda ilə, daha doğrusu, belə oyunla zatən uzağa getmək olmaz.

Ölkənin barmaqla sayılan futbol statistiklərindən olan Rasim Mövsümovun bu oyun ərəfəsi tarixə faktlara əsaslanaraq gəldiyi nəticə də diqqət çəkəndir. O deyir ki, Almaniya yığmasının çempionluq taleyini ən yaxşı Hollandiya ilə qarşılaşmalar müəyyənləşdirir. Belə ki, almanlar hollandları məğlub etdikləri bütün turnirlərdə çempion olublar. Bu fakt 1974 və 1990-cı illərin dünya, həmçinin 1980-ci ilin Avropa çempionatlarında öz təsdiqini tapıb.

Beləcə, tarixi ənənəyə əsaslanan idman yazarı bu nəticəyə gəlir: “Almaniya Avro-2012-də Hollandiyaya qalib gəlsə, çempion olacaq! Hollandiya milli komandasının da Almaniyaya uduzmadığı turnirlərdə ən azı ilk “dördlük”də yer alır. 1978-ci ilin dünya, eyni zamanda 1988, 1992 və 2004-cü illərin Avropa çempionatları buna misal gətirmək olar”.

Demək, bu gün biz bu oyunun sonunda çempionun kimliyini də böyük ölçüdə biləcəyik. Əgər tarix təkrar olunursa...

Hollandiya millisinin çalışdırıcısı Bert van Marveyk də vəziyyətin ciddiliyini nəzərə alaraq deyib ki, Almaniya ilə oyunda mütləq qalib gəlməlidirlər: “Bu, bizim məqsədimizdir”.

Hollandiya yığmasının əfsanələrində olan Yohan Kroiff Almaniya ilə oyunadək komandada təcili dəyişikliklər edilməli olduğunu deyib. Kroiff deyib ki, müdafiə, yarımmüdafiə və hücum xətti arasında ciddi qırılma var: “Müdafiə sanki yarımmüdafiədən ayrıdır. Mən komandada başqa qüsurları da görürəm. Bu problemlər Almaniya ilə oyunadək həll edilməsə, çamadanları yığışdırmaq lazımdır”.
Kroiff çempionatın və millinin ən gənc oyunçusu olan Cetro Villemsi (“PSV Eyndhoven”) isə tərifləyib. Deyib ki, Hollandiya millisi bu oyunçu sayəsində bacarıqlı sol kənar müdafiəçi tapıb. Zədə səbəbindən Danimarka ilə oyuna çıxmayan Hollandiya yığmasının əsas müdafiəçisi Yoris Matiysen də bu gün oyuna çıxmalıdır. Amma bir güllə bahar, iki zanbaqla Hollandiya olmaz...

Almaniya millisinin oyunçusu Lukas Podolski Hollandiya ilə oyuna yaxşı hazırlaşdıqlarını və hücum futbolu sərgiləyəcəklərini deyib: “Çempionatı qələbə ilə başlamaq vacib idi və ilk oyunda 3 xal qazandıq. Hollandiya uduzduğu üçün qələbə bizim üçün daha vacib idi. Hollandiya ilə oyun asan keçməyəcək. Əgər uduzsalar, çempionatı tərk edəcəklər, biz isə növbəti mərhələyə çıxacağıq. Hollandiya noyabrdakı yoldaşlıq görüşündə (Almaniya həmin oyunda 3:0 qalib gəlib) məğlubiyyəti yəqin unutmayıb. Bizə qarşı elə həmin heyət oynayacaq”.

Hollandiya millisi də necə deyərlər, geriyə yolun ev olduğunu bilir və yəqin ki, almanlara asan yem olmayacaqlar. Danimarka ilə oyundan sonra ciddi tənqidlərə məruz qalan yarımmüdafiəçi Aryen Robben Danimarka ilə oyunda qol vəziyyətlərini buraxdıqları üçün təəssüfləndiyini bildirib: “Bu vəziyyətlərdən yararlana bilmədiyimiz üçün günahı bir-iki nəfərdə yox, bütün komanda da axtarmaq lazımdır”.

Almaniyanın gənc müdafiəçisi Mats Hummels Van Persinin dünyanın 8 ən yaxşı mərkəz hücumçusu sırasında olduğunu deyib. O əlavə edib ki, müdafiədə Huntelar və Van Persiyə qarşı oynamaq çətin olacaq. Oyunla bağlı daha bir xəbər Almaniyanın yarımmüdafiəçisi Bastian Şvanstaygerlə bağlıdır. Məlumat var ki, Şvanstayger Hollandiya ilə oyunu xəstəlik səbəbindən buraxa bilər. Əgər yarımmüdafiəçi oyuna çıxa bilməsə, onu Toni Kross əvəz edəcək.

Nəhs gündə keçiriləcək bu oyunun taleyi isə İsveç hakim Yonas Erikssona həvalə edilib. Bu, hakimin  Avropa çempionatında ilk debütüdür. O, dünyanın həm də ən varlı hakimi hesab olunur. Teletranslyasiyalara icazə verən kompaniyasını 8-9 milyon avroya satmaqla varlanıb.

Sabah UEFA-nın İntizam Komitəsi Almaniya azarkeşlərinin Portuqaliya ilə oyunda meydana kənar əşyalar atması ilə bağlı şikayətə də baxacaq. Qeyd edək ki, meydanın diktoru alman azarkeşlərə bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq onlar sakitləşməyiblər. Bu isə UEFA-nın diqqətindən yayınmayıb.

Nəhs gün kimə uğur gətirəcək?

Danimarkanın hollandlar üzərində qələbəsindən sonra rəqibləri Morin Olsenin rəhbərlik etdiyi komandadan çəkinməyə başlayıb. “Ölüm qrupu”nun “ölü komandası” hesab edilən danimarkalılar Portuqaliya ilə oyuna da ciddi hazırlaşırlar. Rusiya saytları isə azarkeşlərin yaddaşını təzələmək üçün tarixə ekskurs edib 1992-ci ilin Avropa çempionu olmuş Danimarkadan yazırlar. İsveçdə keçirilən çempionata 10 gün qalmış Yuqoslaviyadakı müharibə səbəbindən onları əvəz edən danimarkalıların çempionluq möcüzəsi bir də xatırlanır. FİFA reytinqinə görə milli komandalara sırasında ilk “onluq”da yer alan danimarkalılar Avro-2012-nin seçmə mərhələsində də keçirdiyi 8 oyundan 6-sını qalibiyyətlə başa vurub. H qrupunda Portuqaliya ilə birgə mübarizə aparan komanda 8 oyundan 19 xal toplayaraq qrup lideri olub.

Portuqaliya ilə Lissabondakı görüşdə Danimarka 1:3 məğlub olmuşdu. Danimarkadakı oyun isə meydan sahiblərinin 2:1 qələbəsi ilə sonuclanmışdı. Əcəba, bu gün neytral meydançada kim güclü olacaq? İntuisiyam portuqaliyanın tərəfində deyil, amma bu, futboldur...

Portuqaliyanın müdafiəçisi Fabio Coentrao deyib ki, komanda bu oyunda mütləq qalib gəlməlidir: “Almaniya ilə oyuna əla hazırlaşmışdıq. İndi biz danimarkalılarla oyuna daha ciddi hazırlaşmalıyıq və qalib gəlməliyik”.


Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord