Ceyhun Sultanov: "Hamı "Sumqayıt"ın gücünü görəcək"

Ceyhun Sultanov: "Hamı "Sumqayıt"ın gücünü görəcək"
XƏBƏR 1 İyun 2012 / 18:27 2346
-  A +

“Sumqayıt” klubunun yeni transferi Ceyhun Sultanovun klubun rəsmi saytına müsahibəsi


- “Sumqayıt”ın futbolçusu kimi ilk təəssüratların necədir?

- Təxminən iki həftə əvvəl “Sumqayıt” klubunun rəhbərliyi ilə görüşüm oldu. Bu klubun strategiyası ilə tanış olduqdan sonra onlarla danışıqlara başladım. Açığı, layihəni çox bəyəndim. Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhəridir. Bu şəhər hər zaman ölkə futboluna əvəzolunmaz futbolçular bəxş edib. Gənclərlə işləmək bizim kimi təcrübəli futbolçular üçün olduqca maraqlıdır. Gizlədəcək bir şey yoxdur. Mən “Sumqayıt”la uzun müddət əməkdaşlıq etmək niyyətindəyəm.

- “Sumqayıt”ın strategiyasını bilirsən. Gənclərdən qurulmuş və gələcəyə hesablanmış komandadır. Gənclərdən qurulmuş klubda əsas işin və məqsədin nə olacaq?

- Komandada məndən başqa, Samir Abasov və Aftandil Hacıyev kimi təcrübəli futbolçular yer alır. Hər iki futbolçu ilə vaxtilə bir komandada oynamışam. Düşünürəm ki, gənclərin yetişməsində və təcrübə toplamasında bizim də əməyimiz olacaq. Ölkə futbolunun inkişafını istəyiriksə, mütləq gənclərə dəstək olmalıyıq. Qaldı ki, “Sumqayıt”dakı işimə, çalışacağıq ki, klubu daha yüksək pillələrə qaldıraq.

- Son iki ildə “Kəpəz”də çiyin-çiyinə oynadığın Sabir Allahquliyev də “Sumqayıt”la anlaşıb...

- Sabirlə “Kəpəz”də birlikdə oynamışıq. Öz üzərində çalışan futbolçudur. Sumqayıtlı olması onun gələn mövsüm daha məsuliyyətli çıxış etməsi üçün əlavə üstünlükdür. Düşünürəm ki, Sabir “Sumqayıt” üçün uğurlu seçimdir.

- Yeni mövsüm “Sumqayıt”ı hansı pillədə görürsən?

- “Sumqayıt” Futbol Klubu 2011/2012 mövsümündə də yaxşı çıxış etdi. Komanda gənclərdən qurulduğu üçün təcrübəsizlik öz sözünü dedi. Komandanın özəyi olan gənclər artıq bir ildə kifayət qədər təcrübə toplaya bilib. Üstəlik bu ilin transferlərini həmin komandaya əlavə etsək, döyüşkən kollektivin yarandığını deyə bilərəm. İnşallah, növbəti mövsümdə hamı “Sumqayıt”ın gücünü görəcək.

- Sonda Sumqayıtlı azarkeşlərə nə demək istərdin?

- Biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Stadiona gedərkən arenadakı təmir işlərinə diqqət yetirdim. Sumqayıt stadionunun əsaslı təmiri futbolsevərlər üçün artıq sevindirici xəbərdir.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord