“Nə qədər ki, futbolda futbol adamları işləməyəcək, nəticə belə olacaq”

“Nə qədər ki, futbolda futbol adamları işləməyəcək, nəticə belə olacaq”
MÜSAHİBƏ 1 İyun 2012 / 18:00 4344
-  A +

Azərbaycan millisinin sabiq üzvü, veteran hücumçu Samir Ələkbərov Qol.Az saytına müsahibə verib.


- Samir, başlayaq millinin son oyunlarına münasibətindən...

- Düzü, millinin son oyunlarına baxmamışam deyə, bir söz deyə bilmərəm. Baxmadığım oyun haqqında nə danışım?

- Ən azından nəticəyə əsasən müəyyən fikir söyləmək olar. Məsələn, Andorra ilə heç-heçə oynadıq...

- Hə, nəticələr ürəkaçan olmadı.

- Səbəbini nədə görürsən, problem nədədir?

- Vallah, mən hardan bilim səbəb nədir, problem nədir? Bunun üçün həmin komandanın içində olmalısan. Millinin içində olmadığımdan, problemin nə olduğunu da deyə bilməyəcəm.

- Tək son iki oyunu nəzərdə tutmuruq, ümumiyyətlə, millinin digər oyunlarını da analiz etdikdə hansı  nəticəyə gəlirsən, fərqli nə isə görürsən?

- Fərqli nə görəcəm, heç nə.

- Sizin dövrdə nəticə olmayanda bunu başa düşmək olurdu ki, şərait, maliyə, məşq etməyə meydança yoxdur. İndi bütün bunların hamısı var, futbolçular yaxşı pul da alır amma, yenə nəticə yoxdur. Səncə,niyə?

- Burada şəraitlik heç nə yoxdur. Zəifik, qurtardı getdi. İnkişaf da yoxdur.

- Bu qədər maliyyənin qarşılığında niyə inkişaf olmasın?

- (bura qədər suallarımızı konkret cavablandıran, sanki danışmaqda o qədər də maraqlı olmayan Samir, get-gedə əsəbləşir). Bilirsən necədi, elə hamı çıxıb danışır. Danışmaq yox, iş görmək lazımdır. Amma bizdə danışan çoxdur, iş görən yoxdur. Özü də hamısı şablon-şablon, yalandan təriflər. Danışmaqdansa iş görmək, nəticə əldə etmək lazımdır.

- Sən özün uzun müddət “Xəzər Lənkəran”da çalışmısan, bu klubun içində olmusan. Niyə, bu klubun əsas komandası çempionluğa oynadığı halda, əvəzedici komandası həmişə sonuncu pilləni tutur?

- Ümumiyyətlə, əvəzedici heyət nə üçündür, bu çempionat niyə keçirilir səbəbini bilirsiniz?

- Məlum məsələdir ki, əsas komandaya layiqli ehtiyat qüvvə hazırlamaq, eyni zamanda milli üçün futbolçu yetişdirmək.

- Ay sağ ol. Elə isə nəticənin bura nə dəxli? Gedin araşdırın, lap UEFA-nın özündən maraqlanın, dünyanın heç bir yerində əvəzedici komandalar çempionluq uğurunda mübarizə aparmır. Başa düşürsünüz, əvəzedici komandanın məqsədi futbolçu yetişdirməkdirsə, o çempionluğa oynamamalıdır. Klub rəhbəri məşqçinin qabağına şərt qoymamalıdır ki,mütləq çempion ol. Lipalaşdırmanın qabağı alınmalıdır. Gürcüstanın U-17 millisinin çıxışından xəbəriniz var? Avropa çempionatında yarımfinala çıxıblar, Hollandiya ilə oynayacaqlar. İnkişaf budur. Biz neyləmişik? 17 yaşlılar arasında turnir keçirdirik deyirik futbolumuz inkişaf edir. Kimə lazımdı o inkişaf? Uşaq futbolunda nəticə lazım deyil, futbolçu yetişdirmək lazımdır. Bir daha təkrar edirəm, hara baxırsan televiziya, qəzet, hamı çıxıb danışır.

- Amma sizin kimi veteranlar, sabiq milli üzvləri də gərək çıxış yolu göstərə...

- Axı bunlar yol göstərmir, şablon şablon danışırlar, yalandan tərifləyirlər.
- Şəxsən sən, çıxış yolu nəyi göstərərdin?

- Dedim də uşaq futbolunu inkişaf etdirmək, yeni futbolçular yetişdirmək lazımdır. Ən əsası, peşəkar iş görülməlidir. Özünüz baxın, 4 klubumuz avrokuboklara çıxıb. Hansı nəzərəçarpacaq transfer ediblər? Hələ indi indi başlayıblar futbolçu axtarmağa. Belə olmaz e. Futbolçunu 1 il, 6 ay əvvəlldən axtarmağa başlamalısan.

- Yəni, problemin kökü burda durur...

- Bəli. Olanı deməlisən, kiməsə xoş gəlmək üçün yalandan tərif demək lazım deyil. Bir də futbolda futbol adamları işləməlidir. Nə qədər ki, futbolda futbol adamları işləməyəcək, nəticə də belə olacaq.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın