“İstəmirəm xaricdə görəndə desinlər ki, Azərbaycan yenə zəif rəqibə uduzdu”

“İstəmirəm xaricdə görəndə desinlər ki, Azərbaycan yenə zəif rəqibə uduzdu”
MÜSAHİBƏ 30 May 2012 / 19:00 4115
-  A +

Millimizin sabiq üzvü Fərrux İsmayılov Qol.Az saytına müsahibə verib

- Geridə qoyduğumuz mövsümü necə dəyərləndirərdin, hansısa inkişaf görə bildin?

- 2-3 komanda var ki, onlarda yüksəliş oldu. Lakin sizə deyim ki,  tətbiq olunan “altılıq” sistemi bizə lazım deyil. Çünki bütün diqqətlər ancaq ilk “altılğ”a yönəlir və ikinci “altılıq” diqqətdən kənarda qalır. Bundan başqa,  ikinci “altılıq”da çıxış edən futbolçular da özlərini yaxşı tərəfdən göstərməkdə maraqlı olmurlar. Düşünürlər ki,  onsuz da oyunumuza gəlib baxan da yoxdur, niyə özümüzü öldürək? Halbuki onların da oyunlarına baxmaq lazımdır. Çünki ikinci “altılıq” komandalarında elə istedadlı uşaqlar var ki, Azərbaycan futbolunun gələcək ulduzu ola bilərlər. Bu cür şeylərə görə, “altılıq” sisteminin tərəfdarı deyiləm.
 
- Bəs, hansı komandanın oyununu xüsusi qiymətləndirdin?

- “Bakı” klubunda çalışdığım üçün demirəm, amma bu klubun son turlarda göstərdiyi kefiyyətli futbolu və kuboku qazanmalarını nəzərə alsaq, oyunu mənim xoşuma gəlir. “Qarabağ”ın da çıxışını qeyd etmək istərdim. Lakin son turlarda o komandada nələrin baş verdiyini başa düşə bilmədim.

- Bu il avrokuboklarda çıxış edəcək klublarımız arasında hansını daha iddialı görürsən?

- Bunu dəqiq söyləmək çox çətindi. Ümumiyyətlə, heç kim qabaqcadan deyə bilməz ki, filan komanda daha yaxşı çıxış edəcək. Futbol elədir ki, burada top yumru, meydança düzdür. Çox istərdim ki, bütün komandalarımız uğur qazansın.

- Bu gün millimiz Andorra ilə növbəti yoxlama oyununa çıxacaq. Necə düşünürsən, rəqibi məğlub edə biləcəyik?

- Mənə elə gəlir ki, minimum heç-heçə oynaya bilərik. Düzdür, qələbə qazansaq, daha yaxşı olar. Lakin bir şeyi də deyim ki, Andorranı zəif komanda hesab etmək düzgün deyil. Uşaqlar meydançada gərək maksimum güc sərf etsinlər ki, yaxşı nəticə qazana bilək.

- Millimizin oyununda inkişaf görürsən?

- Ümumi götürdükdə, inkişafdan danışmaq düzgün olmaz. Bəzi futbolçular var ki, millidəki çıxışları ilə seçilirlər. Məsələn, Əfran İsmayılov, Rauf Əliyev, Vuqar Nadirov kimi gənc futbolçuları qeyd etmək olar. Ancaq ümumi planda ciddi dəyişiklik görmürəm. Sadəcə, bizim dövrlə müqayisədə, maddi durum xeyli yaxşlaşıb. Oyun planında inkişaf hiss olunmur. Bizim dövrümüzdə futbolçular kolbasa –çörək yeyib meydançaya çıxırdısa, indikilərə “qa” deyirlər qa olur, “qu” deyirlər qu. Belə bir şəraitin olmasına rəğmən uduzmaqları, çox utandırıcı haldır. Demirəm ki, uduzmaq olmaz. Futboldu, komanda udar da, uduzar da. Ancaq bəzən elə komandalara məğlub olurlar ki, adama çox pis təsir edir. Məsələn Fələstin kimi futbolu olmayan bir ölkəyə uduzmaq...

- O zaman belə çıxır ki, Andorraya uduzsaq, bu, bizim üçün faciə olacaq?

- Yox, faciə deməzdim. Yeri gələndə o qədər zəif komandalara uduzmuşuq ki. Bunun hamısını faciə kimi qələmə versək, nə oldu? Ancaq Andorra kimi komandaları mütləq məğlub etmək lazımdır. Uduzmaq bizim üçün də pisdir. Mən özüm il ərzində bir çox xarici ölkələrə səfər edirəm. İstəmirəm görəndə desinlər ki, Azərbaycan millisi yenə zəif rəqibə məğlub oldu.

- Azərbaycan-Andora matçında hesabın necə olacağını barədə proqnoz verə bilərsən?

- Hesab edirəm ki, rəqibi 2:1 hesabıyla məğlub edə bilərik


Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı