Tunc Afşar: “Almaniyada Azərbaycan futbolunun inkişaf etdiyini düşünürlər”

Tunc Afşar: “Almaniyada Azərbaycan futbolunun inkişaf etdiyini düşünürlər”
MÜSAHİBƏ 27 Aprel 2009 / 17:00 3798
-  A +

Bu yaxınlarda Almaniyanın Berlin şəhərində işgüzar səfərdə olan “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar Qol.Az-a müsahibə verib.

- Səfəriniz necə keçdi?
- Berlin səfərim çox əla keçdi. Orada azərbaycanlılarla görüşdüm, söhbət elədik. Belə qərara gəldik ki, Berlində  azərbaycanlılardan ibarət bir futbol komandası yaradaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, orada “Berlin-Türkiyə” adlı bir futbol klubu var. Həmin klubda türkiyəli uşaqlar futbol oynayıb, səviyyələrini artırırlar, sonra isə Türkiyəyə gedirlər. Biz də eyni, buna bənzər klub yaratmağı düşünürük. Adı da yəqin ki, ya “Berlin-Bakı”, ya da “Berlin-Azərbaycan” olacaq. Danışıqlarımız çox gözəl alındı və azərbaycanlılar da bu ideyanı dəstəklədiklərini və əllərindən gələn bütün köməkliyi edəcəklərini dedilər. Yəqin ki, yaydan sonra bu lahiyəmizi reallaşdıracağıq. Orada oynayan azərbaycanlı uşaqlar Avropa səviyyəli futbolçu kimi yetişdikdən sonra Azərbaycana gələcəklər. Bu həm də milli komandanın səviyyəsinə də müsbət mənada təsir göstərəcək. Eyni zamanda belə bir klubun yaradılması Azərbaycanın da Almaniyada reklamı olacaq.
- Prosedur qaydalar necə olacaq?
- Bunun müxtəlif yolları var. Orada bir azərbaycanlı futbol adamı var, Fədail Hüseynov. Özü əvvəllər qapıçı olub. Almaniyada da futbolçu karyerası yaşayıb. Həmin Fədail dostumuz bizə bir neçə variant təklif etdi. Bunlardan biri sıfırdan komanda qurmaqdır. İkinici isə, yüksək divizionda oynayan klublardan birini alıb adını dəyişməkdir. Hər halda bu variantlardan birini əsas götürəcəyik. Daha doğrusu, klubumuzun prezidenti Hafiz Məmmədov fikirlərimizlə tanış olub öz sözünü deyəcək.
- “Herta” klubunun rəhbərliyi ilə görüşüdünüz?
- Bəli, onlarla da görüşümüz oldu. Bildiyiniz kimi, “Bakı” “Herta” ilə əməkdaşlıq edir. Ona görə də münasibətlərimiz yaxşıdır. Məni çox isti qarşıladılar. Üstəlik, oradakı mütəxəssislərdən biri Azərbaycanda çalışan Bernard Lippertin dostu idi. Yeri gəlmişkən, həmin mütəxəssis yayda Azərbaycana gələcək.
- Almaniyada olduğunuz müddətdə Bundesliqanın hansısa oyununu izlədiniz?
- Xeyr, belə bir imkanım olmadı. Amma “Herta” rəhbərliyi məni və Zeynal Məmmədovu Almaniya çempionatının son turunda bu komandanın iştirakı ilə olan oyuna dəvət etdi. Mayın 17-də Azərbaycan premyer-liqası başa çatandan sonra birlikdə Almaniyaya yola düşəcəyik. Həm “Herta”nın oyununa baxacağıq, həm də həmin komandanın stadionu, oradakı şəraitlə yaxından tanış olacağıq.
- Maraqlıdır, Almaniyada Azərbaycan futbolu haqqında hansı təsəvvürə malikdirlər? Ümumiyyətlə, qarşıdakı Almaniyayla seçmə mərhələ matçları ilə bağlı almanlar nə düşünürlər?
- Onlar Berti Foqtsu yaxşı tanıdıqları üçün belə düşünürlər ki, əgər o, Azərbaycana gəlibsə, demək, burada futbol inkişaf edib. Bu mənada almanların Azərbaycan futbolu haqqında fikirləri müsbətdir.
- İyunun 9-da İspaniya millisinin Azərbaycana gələcəyindən xəbərdardılar?
- Mən orda olanda bu xəbər təsdiqlənmədiyindən tam olaraq məlumatları yox idi. Amma ondan öncə Türkiyə ilə qarşılaşacağımızı bilirlər.
- “Bakı”nın Azərbaycan premyer-liqasında keçirdiyi son iki oyuna da toxunaq. Lənkəranda “Xəzər-Lənkəran”a 0:3 hesabı ilə məğlub oldunuz, dünən isə “Qəbələ”yə qalib gəldiniz.
- Öncə onu deyim ki, Lənkərandakı oyunun nəticəsi mənim üçün çox gözləlinməz oldu. Hər halda komandamızın 0:3 hesabı ilə məğlub olacağını gözləmirdim. Amma bir şeyi də etiraf etmək lazımdır ki, “Xəzər-Lənkəran” həmin oyuna çox yaxşı motivasiya olmuşdu və hər mənada oyunları alındı. Atmosfer də super səviyyədə idi. Mənə elə gəlir ki, həmin gün Avropanın güclü klubları da həmin atmosferdən çıxa bilməzdilər. “Qəbələ”dəki oyun da çətin keçdi. Şadam ki, 3 xalı qazana bildik.
- Hazırda lider “İnter”lə aranızdakı xal fərqi minimuma enib. Bakılıların son iki turda 4 xal itirməsi sizin üçün gözlənilməz olmadı ki?
- “İnter”in xal itirəcəyini hər zaman gözləmişəm. İnanıram ki, onlar növbəti turda “Qarabağ”la görüşdə də xal itirəcəklər və biz “Simurq”u məğlub etməklə zirvəyə yüksələcəyik.
- Sonda “Bakı”nın qapıçısı Xalidu Sissokonun Lənkəranda etdiyi hərəkətə də münasibət bildirməyinizi istərdik.
- Həmin hadisələr düz mənim gözümün önündə cərəyan etdi. Sissoko Azərbaycanı çox sevir. Afrikaya getdiyində də daim Azərbaycanı reklam edir. Sadəcə Lənkərandakı matçda əsəblər tarıma çəkilmişdi və emosiyalar son həddə çatmışdı. Üstəlik polis də ona nə isə ədəbsiz söz deyib və nəticədə o hadisə yaşanıb. Bilirsiniz, bu tip olaylar gərək yaşanmasın. Bilirsiniz ki, İtaliyada “Yuventus”un oyununda da buna oxşar olay yaşanmışdı. Hazırda bütün dünya irqçiliyə qarşı mübarizə aparır. Bir daha Sissoko məsələsinə qayıdaraq demək istəyirəm ki, artıq bu söhbəti qapanmış saymaq olar. Onsuz sonradan hər iki tərəf yola gəldi və barışdılar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı