Böyük futbol Gədəbəyə qayıdır (FOTOLAR)

Böyük futbol Gədəbəyə qayıdır (FOTOLAR)
XƏBƏR 27 Aprel 2009 / 16:21 6574
-  A +

Dövlət tərəfindən idmana göstərilən qaygi öz səmərəsini verməkdədir. Ən böyük diqqət isə idmanın şahı olan futbola göstərilir. Buna baxmayaraq, regionlarda futbolun inkişafı ürəkaçan səviyyədə deyil. Ölkəmizin dilbər güşələrindən Gədəbəy rayonunda da bu gun futbol yoxdur. Maraqlidir ki, təbii potensialı çox yüksək olan dağlıq rayonda futbolun inkişafı üçün hər cür şərait var. Bir neçə il əvvəl Gədəbəyin keçmiş icra başıçısı Ramiz Bağırovun təşəbəssüylə rayonda belə bir komanda - «Narzan» peşəkar futbol klubu təsis edilsə də, son illər Gədəbəy futbolunda yenidən durğunluq yaranıb.
2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramı çərçivəsində Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov, vitse-prezidenti Maşallah Əhmədov və qurumun baş mütəxəssisi Füzuli Nəcəfov Gədəbəydə olub. Qol.Az-ın məlumatına görə, əvvəlcə icra başçısı Kamran Rzazadə ilə görüşən RFF rəsmiləri ona futbolun inkişafına dair Dövlət Proqramının icrasına bu rayonun heç bir töhfəsinin olmamasından təəssüfləndiklərini bildiriblər. İcra başçısı bundan sonra Gədəbəydə futbolun inkişafına xüsusi diqqət ayrılacağını, hətta peşəkar klub yaradılacağını soz verib.
Daha sonra qonaqlar futbol nümayəndələri ilə görüşüb. Yerli Uşaq Gənclər İdman Məktəbinin (UGİM) müəllimləri Müşfiq Məmmədov, Zaur Abdullayev, rayon idman ictimaiyyətinin nümayəndəsi Mehdi Hüseynov Gədəbəy futbolunun potensialından söz açaraq, vaxtilə bir çox yeniyetmənin müxtəlif yaş qrupları üzrə milli komandalara cəlb olunduğunu və hazırda premyer-liqa klublarında bir neçə gədəbəylinin çıxış etdiyini vurğulayıblar. İ.Cavadov bu yöndə müzakirələrə belə münasibət bildirib: «Böyük futbol olmasa, uşaq futbolu da olmaz. Gərək Gədəbəydə peşəkar klub olsun ki, rayon futbol xəritəsinə düşsün və uşaq futbolu da yaxından izlənilsin». 
Tədbirdə vurğulanıb ki, Gədəbəyin idman və futbol potensialı yöksək səviyyədədir. Buradan Nizami Paşayev və Teymur Rəcəbov kimi idmançılar çıxıb. Bu idman növlərindən birində güc, digərində isə ağıl lazımdır. Futbolda isə bunların hər ikisinə ehtiyac duyulur. Bu isə o deməkdir ki, gədəbəyli uşaqlar yaxşı futbol oynaya bilərlər. Onların əsas problemləri məşqçi çatışmazlığıdır.
Bir vaxt Gədəbəydə, hazırda isə Türkiyədə çalışan stolüstü tennis üzrə məşqçi Pata Pirtsxilava qısa zamanda Azərbaycan idmanına bir neçə istedad bəxş etdi. Cəfər Cəfərzadə bu gün Azərbaycanın stolüstü tennisinin ən böyük ümididir. Pata Pirtsxilavanın məşqçiliyi dövründə Gədəbəydə stolüstü tennis özrə beynəlxalq turnir keçirildi. Futbol ictimaiyyətinin qonaqlardan xahişi bu olub ki, Gədəbəyin uşaq futboluna da təcrübəli məşqçi göndərilsin ki, bu sahədə də peşəkar kadrlar yetişsin. AFFA nümayəndələri bu fikri dəstəkləyıblər və yaxın gələcəkdə məsələnin həll olunacağını bildiriblər. RFF-nin baş mütəxəssisi Fizuli Nəcəfov deyib ki, Gədəbəy futbolunun ağsaqqalı, veteran futbolçu Mayor Orucovun, bir vaxtlar İsgəndər Cavadov və Maşallah Əhmədovla “Neftçi”də bir yerdə çıxış etmiş Arzu Mirzəyevin sayəsində bir yox, bir neçə futbol klubunu yaratmaq mümkündür. Həm həvəskarlar, həm də birinci dəstədə klubların yaranması üçün potensial var. Həm Orucov, həm də Mirzəyev Gədəbəydə futbolun inkişafı yolunda əlindən gələni etməyə hazır olduqlarını və bununla yanaşı UGİM-də onlara iş verilsə, orda da ən azı bir yaş qrupunda futbolun sirlərini uşaqlara öyrətməyə hazır olduqlarını bildiriblər. Masallah Əhmədov bu ideyanı dəstəkləyib: “Bəli, sizin kimi mütəxəssislər futbola oz tohfəsini verməlidi, hərəniz ən azı bir kiçik yaş qrupuyla işləyin, AFFA sizi uşaqlara lazım olan hər şeylə təmin edəcək. Siz sadəcə ölkəmizə futbolcu yetişdirin!»
İ.Cavadov bundan sonra uşaq futbol turnirlərində Gədəbəy komandalarının fəal iştirak edəcəyini və RFF tərəfindən lazım olan dəstəyin veriləcəyini söyləyib. 
Tədbirin sonunda qonaqlar AFFA-nın göndərdiyi topları və geyim dəstlərini uşaqlara bağışlayıb. Cavadov sonda bir daha Gədəbəy futbolunun önəmindən danışıb: «Gədəbəydə mütləq futbol olmalıdır. İlham Əliyev və Rövnəq Abdullayev cənablari futbolumuzun inkişafı üçün əlindən gələni əsirgəmir və biz də bu etimadı doğrultmalıyıq. Söz verirəm ki, bundan sonra Gədəbəyə tez-tez gələcəyik. Gədəbəydə futbol olacaq və burdakı uşaqlar gələcəkdə ölkəmizin məşhur futbolçularına çevriləcək».
Cavadov UGİM zalında mini-futbol üçün də yaxşı şəraitin olduğunu, təəssüf ki, bundan istifadə edilmədiyini deyib: “Burada yaxşı şərait var. Ancaq basketbol səbətlərini görürəm və mənə deyirlər ki, burda heç kim basketbol oynamır. Amma bütün uşaqların futbol oynamağa həvəsi var. Xahiş edirəm, bundan sonra bu zalda uşaqların futbol məşqləri keçməyinə şərait yaradılsın”. Uşaqlar isə nəinki zalda, hətta qarlı havada da futbol oynamaq həvəsini gizlətməyiblər. Maşallah Əhmədov uşaqlara master-klass keçəndən sonra Gədəbəy və Slavyanka komandaları yaşıl meydanda üz-üzə gəliblər. Cavadovun topa ilk toxunuşu ilə başlayan oyun Gədəbəy uşaqlarının 1:0 hesablı qələbəsiylə bitib.
Qarşılaşmadan sonra Maşallah Əhmədov görüşdə yeganə qolu vuran Rəşad Cəfərov və Gəbəbəy komandasının qapıçısı Faiq Hüseynovun oyununu bəyəndiklərini və hazırda Gədəbəydə komanda olmadığı üçün yeni yaranan “Gəncə” futbol klubunun baş məşqçisi Fuad İsmayılova bu uşaqları tovsiyyə edəcəyini bildirib.

 

 












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər