“Bakı”, imicini qoru!

“Bakı”, imicini qoru!
ÖLKƏ FUTBOLU 10 May 2012 / 15:05 5805
-  A +

Sabah Unibank Premyer Liqanın 2011-2012-ci il mövsümünün son turu keçiriləcək.

Bütün diqqətlər “Xəzər Lənkəran”-“Qarabağ” və “İnter”-“Bakı” matçlarına yönələcək. İlk oyun haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki həm lənkəranlılar, həm də ağdamlılar öz talelərini özləri həll etməlidir. Prinsipcə, Lənkəran klubuna 1 xal da bəs edir. Ancaq Ağdam təmsilçisi Avropa Liqasına getmək istəyirsə, mütləq qələbə qazanmalıdır.  Düzdür, “Qarabağ” heç-heçə və məğlubiyyət fonunda da Avropaya yollana bilər. Məsələn, “Qarabağ” “Xəzər Lənkəran” a məğlub olarsa,  “İnter”in də “Bakı”ya məğlubiyyətini arzulamalıdır. Heç-heçə oynayacağı tədqirdə isə,  eyni nəticənin “İnter”-“Bakı” matçında təkrarlanması lazımdır. 

Ancaq ortada bir məsələ var və son günlər gündəmi zəbt eliyən də məhz həmin bu məsələdir. Söhbət “Bakı”nın “İnter”ə xal yaxud, xallar vermək ehtimalından gedir. Birbaşa ondan başlayım ki, şəxsən mən Novruz Əzimovun komandasının belə addım atacağına inanmıram. Çünki “Bakı”nın rəhbərliyini çox gözəl tanıyıram və onların prinsiplərinə də gözəl bələdəm. Bəli, “Bakı”nın prezidenti Hafiz Məmmədov çox ürəyiyumşaq, əliaçıq, xeyirxah insandır. Amma onun bu prinsipləri futbol meydanında işləmir. Yaşıl qazona ayaq basdınsa, ancaq qələbə üçün oynamalısan. Klubun baş meneceri Zeynal Məmmədovun da bu cür məsələlərdə prinsipiallığına şübhə eləməyə dəyməz.  Yarandığı  gündən klubun içində olan Nail Əliyevin mövqeyini isə deməyə ehtiyac yoxdur. Yadımdadır, bir neçə il bundan qabaq da bu iki komandanın oyunundan öncə bu tip söhbətlər yayılmışdı. Ancaq “Bakı” rəqibini büdrətməyi bacarmışdı. Həmin oyundan sonra Əliyevlə müsahibəyə getmişdim və təbii olaraq “Bakı”-“İnter” matçı və oyundan öncə yayılan söhbətlərlə bağlı da sual verdim. Müsahibim sualı sualla, özü də əsəbi şəkildə cavablandırdı. Həmin müsahibə anını olduğu kimi sizinlə bölüşmək istəyirəm:

- Nail müəllim, “Bakı”-“İnter” oyunundan qabaq belə söhbətlər gəzirdi ki, guya, “Bakı” rəqibinə oyun verəcək...

-  Gəl mən sənə bir sual verim.

- Buyurun.

- Səncə, “Qalatasaray”, “Fənərbağça”ya oyun verər?

- Əlbəttə yox.

- Oldu, qurtardı getdi.

Yəqin ki, hər şey aydındır. Əliyevin bu açıqlaması o anlama gəlir ki, “Qalatasaray”la “Fənərbağça” arasındakı prinsipiallıq nə dərəcədədirsə, “Bakı” ilə “İnter” arasındakı prinsipiallıq da o dərəcədədir. Məhz yuxarıda sadaladığım məqamlara əsaslanaraq deyirəm ki, mən “Bakı”nın “İnter”ə oyun verəcəyinə inanmıram, bu, mümkünsüz şeydir. Əminəm ki, iki mövsüm öncə də yayılan söhbətləri puç edən və Lənkəranda “Xəzər Lənkəran”ı məğlubiyyətə uğratmaqla “İnter”i çempion edən “Bakı” bu dəfə də öz imicini qoruyacaq. Elə buradan da bu komandanın futbolçularına səslənirəm: çıxın özünüzü növbəti dəfə sübut edin. Çıxın layiqli mübarizə aparın və Avropaya layiqlinin getməsini təmin edin. Unutmayın ki, "Bakı" adının məsuliyyəti çox böyükdür. Necə deyərlər, “Bakı” imicini qoru!

Anar XANLAROV
 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki