Budurmu, “Neftçi”nin peşəkarlığı?

Budurmu, “Neftçi”nin peşəkarlığı?
XƏBƏR 5 May 2012 / 00:01 7920
-  A +

Rəşad Sadiqovun kapitan sarğısını daşıdığı “Qarabağ”ı gözlənilmədən tərk edib “Neftçi”yə üz tutması çoxlarını şoka saldı. Düzdür, transfer pəncərəsi bağlı olduğundan rəsmi keçiddən danışmaq hələ olmaz. Ancaq artıq hər iki tərəf – həm Rəşad, həm də “Neftçi” qarşılıqlı razılığa gəlindiyini etiraf edib. Bu isə o deməkdir ki, Sadiqov mövsüm başa çatan kimi çempionla münasibətlərini rəsmləşdirəcək.

Ancaq mən bu yazımda Rəşada toxunmayacam. Əslində hər şey ortadadır. Futbolçunun, özü də kapitan sarğısı daşıyan bir futbolçunun, çempionat başa çatmamış, komandasının çətin günlər yaşadığı bir vaxtda başqa klubla danışıq aparması və çıxıb bunu açıq şəkildə deməsi çox utancverici bir haldır. Lakin dediyim kimi, məsələnin Rəşad tərəfinə toxunmayacam.

Mənə daha çox təsir edən və üzən “Neftçi”nin hərəkətidir. Çünki Sadiqovun addımı nə qədər peşəkar futbolçuya yaraşmırsa, “Neftçi”nin addımı da bir o qədər peşəkar kluba yaraşmır. Özünü peşəkar sayan heç bir klub çempionat gedə-gedə başqa klubla müqaviləsi olan futbolçu ilə danışıq aparmır. Deyək ki, Rəşad qeyri-peşəkar addım atır, öz komandasının çətin günlər yaşadığı bir vaxtda başqa klubla danışıq aparmağa cəhd edir. Bəs, “Neftçi”yə nə olub? Axır onlar bilirlər ki, hələ çempionat başa çatmayıb və Sadiqovun Ağdam klubu ilə müqaviləsi davam edir. Məsələnin peşəkarlıq tərəfini qoyuram bir kənara. Bəs qarşılıqlı hörmət, mənəvi nüanslar?

“Neftçi” rəhbərliyi bilirmi ki, onlar Sadiqovla gizli danışıq aparmaqla “Qarabağ”a və onun azarkeşlərinə qarşı çox böyük hörmətsizlik ediblər? Paytaxt klubunun prezidenti Sadıq Sadıqov dünən verdiyi açıqlamasında “Qarabağ” üzərində qələbəyə görə həm də kədər göz yaşları axıtdığını deyib: “Qarabağ”ın avrokuboklardan kənar qalmaq təhlükəsini görəndə ürəyim dözmür”. Sadıq müəllim, axı sizin dediklərinizlə rəhbərlik etdiyiniz klubun etdiyi hərəkət bir-birinə tərs mütənasibdir. “Qarabağ”ın durumuna üzülməyiniz, onların avrokuboklardan kənar qalmaq təhlükəsi ilə barışa bilməməyiniz Ağdam klubuna olan hörmətiniz kimi qəbul olundu. Ancaq bundan bir gün sonra durumuna üzüldüyünüz klubun aparıcı futbolçusu ilə həmin klubdan xəbərsiz danışıb razılığa gəlməyiniz insanda acı təəssüfdən başqa heç bir təəssürat oyatmadı.

Düzdür, dünya futbolunda da belə praktika var ki, mövsümün başa çatmasına hələ bir neçə ay qalmış hansısa futbolçunun növbəti mövsümdən başqa klubun şərəfini qoruyacağı açıqlanır. Lakin həmin klub futbolçu ilə danışıqları onun klubundan gizlin deyil, birbaşa rəhbərlik səviyyəsində aparır. Biz nə qədər yazırıq, çalışırıq ki, klublarımız peşəkarlaşsın, Avropa klublarından yaxşı mənada örnək götürsün, ancaq heç nə dəyişmir ki, dəyişmir. Əgər adının qarşısında “peşəkar” sözünü xüsusi qeyd edən ölkə çempionu “Neftçi” başqa klubla müqaviləsi olan futbolçu ilə gizlin danışıq aparırsa, o zaman burada “peşəkar” sözü nə dərəcədə yerinə düşür? Bir sözlə, dildə populist xarakterli “peşəkarıq” demək yox, bunu əməli işdə sübut etmək lazımdır.


MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı