Nail Əliyev: “Sissoko emosionaldır, amma ürəyi təmiz oğlandır»

Nail Əliyev: “Sissoko emosionaldır, amma ürəyi təmiz oğlandır»
MÜSAHİBƏ 22 Aprel 2009 / 15:45 3103
-  A +

“Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev Qol.Az-a müsahibə verib


- Nail müəllim, “Xəzər-Lənkəran” - “Bakı” qarşılaşmasını izlədiniz?
- Xeyr. Amma nəticədən təbii ki, xəbərim var.
- Yəqin Sissokonun hərəkətindən də məlumatlısınız?
- Bəli. Onun hərəkətinə heç cürə bəraət vermək olmaz. Mən də eşitmişəm ki, orada onu bu hərəkətə təhrik ediblər, qıcıqlandırıblar. Amma istənilən halda bu, yolverilməzdir və Sissoko etdiyi əməlin cəzasını almalıdır. Səhv etmirəmsə, klub artıq onu cəzalandırıb.
- Seneqallı qapıçı sizin dövrünüzdə “Bakı”ya gəlmişdi və siz onu yaxşı tanıyırsınız. Onu bir insan kimi necə xarakterizə edərdiniz?
- Mənim vaxtımda bir dəfə də olsun artıq-əksik hərəkət eləməmişdi. Bilirsiniz, o çox emosional insandır.  Amma ürəyi təmiz oğlandır. Bir də, burada söhbət ondan getməməlidir ki, mənim vaxtımda olub ya yox. Kimin vaxtında oynamağından asılı olmayaraq, Sissokonun hərəkəti bağışlanmazdır və ona cəza verilməsi mütləqdir.
- Siz klub prezidenti olsaydınız, hansı addımı atardınız?
- Yox, gəlin belə danışaq da. Mən artıq “Bakı”da işləmirəm. Odur ki, bu haqda heç bir söz deyə bilmərəm. Mən yalnız öz işlədiyim dövrə cavabdehəm və dediyim kimi, o vaxtı belə hadisə baş verməmişdi. İndiki halda isə olanlara yalnız münasibətimi bildirə bilərəm. Münasibətimi isə dedim. Sissokonun bu hərəkətini pisləyirəm.
- Sizcə, Sissoko niyə bu qədər dəyişdi? İlk gəldiyi günlər belə deyildi.
- Mən deməzdim ki, Sissoko harınlayıb. Sadəcə, xaraktercə emosional futbolçudur. Dediyim ki, əslində ürəyiaçıq insandır.
- “Olimpik”-“Bakı” matçında yaşananlar hələ də müzakirə olunur...
- Artıq bu məsələyə kifayət qədər münasibət bildirilib. Odur ki, yenidən həmin mövzuya qayıtmasaq yaxşıdır. Deyiləsi bir söz də yoxdur. “Fair Play” bütün dünyada qəbul olunub və hamı da buna əməl edir.
- Bir ara oyunun yenidən keçirilməsi gündəmdə olsa da, “Olimpik” yenu şərtlər irəli sürdü və onunla da ara sakitləşdi.
- Məndə olan məlumata görə, iki klub hansısa məsələlərdə öz aralarında razılığa gələ bilməyiblər. Bilirsiniz, işlərin içində olmadığımdan dəqiq bir şey deyə bilmərəm.
- “Xəzər-Lənkəran” məğlubiyyətindən sonra “Bakı”nın çempionluq şanslarının azaldığını demək olar?
- Yox, niyə ki? Mən “İnter”lə “Bakı”nın çempionluq şanslarını bərabər qiymətləndirərdim. Hələ qarşıda 4 tur var.
- Bu 4 turda “İnter”in xal  itirəcəyini və “Bakı”nın rəqibini qabaqlayacağına inanırsınız?
- Bu, futboldur. Hər şey mümkündür.
- PFL-in dünən qəbul etdiyi qərara görə artıq “Qarabağ” ev oyunlarını Ağdamda keçirəcək. Yəqin ki, siz də bu addımı dəstəkləyənlərdən olarsınız?
- “Qarabağ”ın Ağdama köçməsi çox yaxşı haldır və mən də belə düşünürəm ki, bu, çoxdan olmalı idi. Əsas odur ki, orada şərait olsun oynamağa.
- Maraqlıdır ki, “Bakı” və “Xəzər-Lənkəran”dan fərqli olaraq “İnter” qərarın əleyhinə çıxdı. Klubun bolqarıstanlı prezidenti Georgi Nikolov Ağdama getməyə etiraz edir.
- Bilirsiniz, hər klubun öz siyasəti var və heç kimə məcbur eləmək olmaz ki, zorla get, orada oyna, yaxud, burada oyna. “İnter”in PFL-in qərarına etiraz etməsini normal qarşılamaq lazımdır. Hər bir klubun hansısa qərara etiraz etmək ixtiyarı var və bu, onların daxili işidir.  Heç kim də “İnter”ə irad tuta bilməz ki, niyə filan qərara etiraz edirsiniz.
- Milli komandamızı iyunda İspaniya ilə yoldaşlıq görüşü keçirəcək. Avropa çempionunun Azərbaycana gəlişinə münasibətiniz necədir?
-  İspaniya kimi milli ilə oynamağın özü böyük şərəfdir. Açığı mənə çox maraqlıdır ki, AFFA o cür rəqibi Bakıya gətirməyə necə nail olub. Çünki özüm də futbolun içində olanda bunu necə çətin iş olduğunu görmüşdüm. Torresin dövründə normal rəqib tapmırdıq ki, yoldaşlıq görüşü keçirək. Azərbaycanın reytinqi aşağı olduğundan heç kim bizimlə oynamaq istəmirdi. Əgər bu gün İspaniya kimi komanda buna razılıq veribsə, bunu yalnız alqışlamaq lazımdır. Onlara qarşı necə oynayacağıq, həmin qarşılaşmaya kimlər dəvət alacaq, bu, artıq başqa söhbətin mövzusudur. Biz çalışmalıyıq ki, bundan tək reklam məqsədi üçün yox, həm də təcrübə toplamaq məqsədi üçün istifadə edək. Hər şey hazırlıqdan və millidə aparılan oyunçu seçimindən asılı olacaq.
- Bu arada sizin də bəyəndiyiniz və millidə oynamağa layiq bildiyiniz Zaur Tağızadə milli karyerasını başa vurduğunu açıqladı. Onun bu qərarına münasibətiniz necədir?
- Bu, Zaurun  şəxsi fikridir. Nəyə görə belə qərar qəbul edib, bilmirəm. Mən yalnız arzu edərdim ki, o, qərarını dəyişib milli komandaya qayıtsın. Çünki, həqiqətən də millidə ona ehtiyac var.

 

 

 

Daha çox


Son xəbərlər
17.08.19  12:15

11 ildən sonra