Quzanlı stadionunun direktoru: “Burada nəinki premyer-liqanın, hətta dünya çempionatının oyununu da keçirmək olar”

Quzanlı stadionunun direktoru: “Burada nəinki premyer-liqanın, hətta dünya çempionatının oyununu da keçirmək olar”
XƏBƏR 17 Aprel 2009 / 15:44 2776
-  A +

“Stadionumuzda son tamamlanma işləri gedir. Quzanlı stadionu rəqiblərini qəbul etməyə tam hazırdır. Sizi əmin edirəm ki, burada oyun keçirmək üçün heç bir problem yoxdur və ola da bilməz. Quzanlıda nəinki premyer-liqanın, hətta dünya çempionatının oyununu da keçirmək olar”. Bu sözləri Qol.Az-a Ağdamın Quzanlı qəsəbəsinin stadionunun direktoru Vaqif Balakişiyev deyib. O, arenadakı hazırkı şəraiti yüksək səviyyədə qiymətləndirib və stadionun durumu haqda danışıb: “Ot örtüyü ideal vəziyyətdədir və hündürlük 1-2 sm-dir. Bundan başqa soyunub-geyinmə, duş kabinələri, hakimlər otağı da tam hazırlıqlı vəziyyətdədir. Oyunsonrası mətbuat konfransının keçirilməsi üçün də otaq artıq ayrılıb. Bildiyiniz kimi, tribunalar hamısı plastik oturacaqlardan ibarətdir. Tutum 2000 nəfərlikdir. Amma oyun günü tribunalara bundan çox adam gələcəyini indidən sizə deyə bilərəm. Təbii ki, oyunlara giriş də pulsuz olacaq”.
V.Balakişiyev hazırda Ağdamda olan ajiotaj haqqında da məlumat verib: “Nəinki Quzanlı, bütün Ağdam çoxdandır ki, səbirsizliklə bu günü gözləyir. Hamı “Qarabağ”ın Quzanlıda ilk matça çıxacağı günə hazırlaşır. İnanın, hər gün nə qədər insan stadiona baş çəkir, maraqlanır, yeni məlumat əldə etməyə çalışır. Bundan başqa, bizə deyirlər ki, əllərindən gələn bütün köməyi də etməyə hazırdırlar”.


Son xəbərlər