Bahadır Nəsimov: “Mahir Şükürov dedi ki...”

Bahadır Nəsimov: “Mahir Şükürov dedi ki...”
ÖLKƏ FUTBOLU 13 Mart 2012 / 13:34 3177
-  A +

“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi

- Unibank Premyer Liqanın son turunda səfərdə “Qəbələ”yə 1:4 hesabıyla məğlub olduğunuz. Bu görüş haqda nə deyə bilərsən?

- Həmin gün rəqib ən yaxşı oyunlarından birini keçirdi. Onlar standart vəziyyətlərdən maksimum istifadə edərək qapımıza iki qol vurdular. Birinci hissədə “Qəbələ”nin hündürboy müdafiəçisi Luba Baranin başla əla oynayırdı. Elə qolların birinin də ötürməsini Baranin verdi.  İkinci yarıda üstünlük bizim tərəfimizdə idi. Lakin nəticədə məğlub olduq. Nədənsə, oyunumuz istədiyimiz kimi alınmadı. Çox çalışsaq da, məğlubiyyətdən qaça bilmədik.

- Sən özün belə böyük hesabla məğlub olacağınızı gözləyirdin?

- Əlbəttə ki, yox. Biz hər oyunda meydana qələbə üçün çıxırıq. Ancaq “Qəbələ”nin qapımıza 4 top vuracağını ağlıma belə gətirmirdim. Hərçənd unutmayaq ki, futbolda istənilən komanda istənilən nəticəylə üzləşə bilər. Elə futbolun da qəribəliyi bundadır.  Artıq biz həmin məğlubiyyəti unutmalı və növbəti qarşılaşmaya köklənməliyik.

- Oyunda 0:2 hesabıyla geridə olduğunuz vaxt, gözəl qola imza ataraq, fərqi minumuma endirdin. Qol vurduqdan sonra nəyə ümid etdin?

- Nəticəni öz xeyrimizə dəyişəcəyimizə. Hətta oyunda diqtə edən tərəf biz olduq. Ən azı həmin qarşılaşmadan heç-heçəylə ayrılacağımızı düşündüm. Lakin “Qəbələ” üçüncü topu qapımızdan keçirdikdən sonra məğlubiyyətin qaçılmaz olduğunu hiss etdim.

- Vurduğun qolu nəzərə almasaq, rəqibin müdafiəçilərinin sənə göz açmağa imkan verməməsi fikriylə razısan?

- Onların müdafiəçiləri fiziki baxımdan çox güclü idi. Lakin mən təkcə müdafiəçilərin deyil, rəqib komandanın ümumilikdə yaxşı oynadığını deyərdim. Düzdü, bizim də qol vurmaq üçün xeyli şansımız oldu. Ancaq ələ düşən imkanları dəyərləndirə bilmədik.

- Oyun zamanı “Qəbələ”nin futbolçusu Mahir Şükürovla aranızda niyə mübahisə düşdü?

- Elə böyük bir şey olmadı. Futbolda belə şeylər tez-tez yaranır. Mahir Şükürov mənə yaxınlaşıb “kobud oynayırsan, niyə məni itələyirsən” kimi sözlər dedi. Mübahisə zamanı heç bir qeyri-etik sözlərə yol vermədik. Ola bilər ki, uduzduğumuz üçün bir qədər əsəbiydim. Çünki mən məğlub olmağı sevməyən bir insanam. Lakin indi hər şey qaydasındadır. Oyundan sonra bir-birimizə əl verərək barışdıq. Oyun zamanı hər şey olur.

- Yeri gəlmişkən, “Qəbələ”yə məğlubiyyətdən sonra turnir cədvəlində ən yaxın izləyiciniz “İnter”lə xal fərqiniz birə endi.

- Bəli, bu, çox təhlükəli bir vəziyyətdir. Ona görə də qarşıdakı oyunlarda yalnız qələbə qazanmalıyıq. Bizə xal itirmək olmaz. İnşallah, növbəti qarşılaşmalarda qələbə qazanaraq, “İnter”lə xal fərqini daha da artırmağa çalışacağıq. Bir şey demək istəyirəm ki, may ayında kimin çempion olacağını görəcəksiniz.

- Sabah ölkə kuboku çərçivəsində səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Rəqibiniz haqda nə düşünürsən?

- İlk növbədə Gəncə təmsilçisinin yaxşı komanda olduğunu deyə bilərəm. Xüsusən də doğma meydanda daha inamlı təsir bağışlayırlar. “Qəbələ” kimi komandanı evdə məğlub etməyi bacarıblar. Çempionatın ən iddialı komandalarında olan “İnter” çox çətinliklə “Kəpəz”i məğlub etdi. Ona görə də diqqətli olmalıyıq. “Kəpəz” təhlükəli komandadır.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı