Bəhram Bağırzadə: “Vaqif Cavadov adlı futbolçu tanımıram”

Bəhram Bağırzadə: “Vaqif Cavadov adlı futbolçu tanımıram”
XƏBƏR 13 Mart 2012 / 13:12 3665
-  A +

Rejissor, KVN-çi və aktyor Bəhram Bağırzadənin müsahibəsi

- Futbola nə vaxt yaxından maraq göstərməyə başlamısınız?

- İlk dəfə futbola 1979-cu ildə rəhmətlik atamla getmişəm. Atam o vaxtlar milis nəfəri idi. Milis işçiləri stadionlardakı sektorlarda otururdular. Mən o vaxt uşaq idim. Yəqin aparmağa yer olmadığından, atam məni indiki Tofiq Bəhramov adına stadiona aparmışdı. Uşaqlıqda mən o stadionda futbol da oynamışam, qapı hasarları arasından biletsiz içəri də keçmişəm. 1986-1987-ci illərdə fanatların rəhbəri olmuşam. Mənim bir ləqəbim vardı – “Dirijor”. Təsəvvür edin ki, 15 yaşlı oğlan yekə “day-day”lara rəhbərlik edirdi. Bayraqlar, barabanlar aparırdıq. O vaxtlar rəhmətlik futbol funksioneri Rauf Adıgözəlov da bizə kömək edirdi. Biz, “Kubinka”nın uşaqları “Spartak” stadionunun qarşısında yığışırdıq və düz mərkəzi arenaya piyada gedirdik. Yolüstü bütün məhəllələr – Volodarski adına fabrik, “3-cü bağ”, “Gənclik” metrosu ətrafında yaşayan uşaqlar yığışırdıq. 300-400 nəfər olurduq və bizi stadiona pulsuz keçirirdilər. Bir maraqlı oyundan danışım: “Neftçi” ilə Gürcüstanın “Torpedo” (Kutaisi) komandaları oynayırdı. Top tablonun arxasına uçmuşdu. Ən birinci mən – 14 yaşlı Bəhram qaçdım, topu götürdüm və ... çırpışdırdım. Üstündən 25 ilədək keçib, indiyə kimi də top evdədir. Çox maraqlı xatirələrim var. İlk dəfə “Fanta”nı Respublika stadionunda içmişəm. 1985-ci ildə 13 yaşım vardı. Yeniyetmələr arasında dünya çempionatının final mərhələsinin bir qrupunda oyunlar Bakıya salınmışdı. Mərkəzi arenada Nigeriya və Paraqvay yığmaları görüşürdülər. Atam məni oyuna aparmışdı. O vaxtlar yük maşınları ilə gətirib stadionda “Fanta” satırdılar. İqor Ponomaryovun künc ötürməsindən sonra İskəndər Cavadovun başı üzərindən Ukrayna “Çernomorets”inin qapısının “9-luğ”una vurduğu qol yadıma gəlir. Bir də ki, Maşallah Əhmədov, səhv etmirəmsə, Qazaxıstan “Kayrat”ının qapısına qol vurmuşdu, top gedib torla qapının yardımçı dirəyi arasında qalmışdı. Çıxara bilmirdilər. “Neftçi”nin “Kayrat”ı 6:0 hesabı ilə udduğu oyun da yadımdadır. Bunların hamısı indi də gözlərim önündədir. Həmin vaxtlar 16-cı sektorda otururdum.

- Ən çox ajiotaj hansı rəqiblərlə oyun ətrafında olurdu?

- Daha çox Özbəkistan “Paxtakor”u ilə oyunlarda olurdu. Hətta bizim bir qohum var idi. 1979-cu ildə “15 sutka” da almışdı. Halbuki onun futbola aidiyyatı yox idi. Yazıq fəhlə adam idi. Stadionun yanından keçəndə tutub içəri salmışdılar. Bir hadisəni də xatırlayıram: 1980-ci illərdə idi. “Neftçi” Bakıda Ermənistan “Ararat”ına 0:2 hesabı ilə uduzmuşdu. O vaxtlar uşaq olsam da, stadiona tək gedirdim. Gördüm ki, oyundan sonra qəzet köşkünü tramvay xəttinin üstünə qoydular. Sürücü tramvayı saxlamaqdansa, sürəti daha da artırdı və köşkü vurub dağıtdı. Vitrinləri sındırırdılar... Söhbət xuliqanlıqdan getmir. Doğrudan da o vaxtlar güclü azarkeşlər var idi. Əfsuslar olsun ki, o azarkeşlər indi yoxdur. Atam danışırdı ki, 1960-cı illərdə “Neftçi” SSRİ çempionatının güclülər dəstəsində çıxış etdiyi vaxt daha güclü azarkeşlər stadiona gəlirdilər. Ən qızğın fanat isə dahi bəstəkarımız Qara Qarayev olub. Qarayev stadiona gələrək, Anatoli Banişevskinin oyununa baxırmış. Həmişə emosional reaksiya verirmiş. Musiqi bəstələməkdən, Konservatoriyada dərs deməkdən yorulurmuş. Emosiyalarını stadionda çıxarırmış. Əvvəllər çox tanınmış insanlar stadiona gələrdilər. Aktyorlar, rəssamlar, bəstəkarlar... Əfsuslar olsun ki, indi elə insanlar yoxdur və gəlmirlər. Mənə elə gəlir ki, AFFA bir sektor ayırsaydı və stadiona 50-60 tanınmış insanı dəvət etsəydi, futbolçularımız da məsuliyyət hiss edərdilər. Tanınmış insanların stadiona azarkeşlik etməyə gəldiklərini anlayardılar.

- O vaxtkı və indiki azarkeşlik mədəniyyəti arasında hansı fərqlər görürsünüz?

- O vaxtlar azarkeşlik mədəniyyəti yüksək idi. Bizdən əvvəlki nəslin azarkeşləri futbolu bizdən yaxşı bilirdilər. İndikilər fit çalmağa, tum çırtlamağa, pivə vurmağa gəlirlər. Amma çoxlarının futboldan heç başı çıxmır. Hay-küyə gəlirlər. Təki qışqırsınlar. Düzdür, vətənpərvərlik hissləri də var. Amma çoxları futbolun nə demək olduğunu bilmirlər. Əvvəlki azarkeşlər isə yadımdadır, “Neftçi”nin oyunlarından əvvəl və sonra Səməd Vurğun bağında yığışırdılar. Oyunla bağlı müzakirələr aparırdılar.

- Özünüz bir fanat hərəkatı yaratmağı düşünmürsünüz?

- Fanat hərəkatı yaratmaq üçün ilk növbədə, futbol olmalıdır. Futbol olmayan yerdə hərəkat da boş, lazımsız şeydir. Əvvəllər bunu efirdə də demişəm: İstəyirsiniz yığmaya Joze Mourinyo gəlsin, istəyirsiniz Visente Del Boske gəlsin, istəyirsiniz Qus Hiddink gəlsin, lap istəyir Devid Kopperfild gəlsin, foks, “fil-filo” eləsin, heç nə alınmayacaq. Özəyi olmayan şeyin heç vaxt gələcəyi yoxdur. KVN-lə futbolu müqayisə edək: Niyə KVN-in nailiyyətləri oldu? Ona görə ki, məktəbi vardı, siniflər, orta məktəblər, ali məktəblər, zavod-fabriklərarası çempionatlar keçirilirdi. Bu çempionatlardan sonra 10-15 cavan uşaq bir komandada cəmləşdi və biz o qələbələri əldə etdik. Bu gün də Azərbaycanda futbolun olmasını istəyiriksə, bir dənə Berti Foqtsla qurtarmayacaq. Almaniyadan vaqonlarla berti foqtslar - gənc futbolçular üçün nəzərdə tutulmuş pedaqoqlar, müəllimlər, məşqçilər, psixoloqlar, dietoloqlar gətirmək lazımdır. Məktəblər isə ilk növbədə, uşaqların futbola meylli olduqları rayonlarda açılmalıdır. Quba və Şamaxıda qohumlarım olsa da, bu rayonlarda futbol məktəblərinin açılmasını istəməzdim. Çünki əfsuslar olsun ki, bunlar futbol rayonları deyil. Amma Tovuz, Gəncə, Lənkəran, Şirvan, Mingəçevir və digər şəhər və rayonlarımızda o akademiyaları açardım və hər məktəbə alman müəllimlər gətirərdim. Əfsuslar olsun ki, bizə mentalitet və psixologiya baxımından yalnız və yalnız almanlar kömək edə bilər. Sonra isə bəlkə də türk məşqçilər. Nə fransız, nə braziliyalı bunu bacarmaz. Amma alman və türklər nizam-intizamlıdırlar. Ona görə də ilk növbədə, onları dəvət etmək lazımdır. Digər tərəfdən, almanlara nəzərən türklərdə nizam-intizam sonradan formalaşıb. Ona görə də almanlarda bu, orijinal formadadırsa, nəyə görə türklərə müraciət etməliyik? Bu gün imkanımız, pulumuz varsa, ağlımız çatırsa, gedək alman mütəxəssisləri gətirək. Sabah Berti Foqts da öz alman həmkarına qarşı tələbkar olacaq. Bundan əlavə, uşaq futbolçuların təhsilini də artırmaq lazımdır. Təkcə futbolla kifayətlənmək olmaz. Onlar sərkərdə Otto Bismarkı da, bəstəkarlar Rixard Vaqner, İohan Sebastyan Bax, Lüdviq van Bethoven, avtomobil mühəndisi Ferdinand Porşe, aktyor Arnold Şvartsneger və digər şəxsiyyətləri də tanımalıdırlar, Avropa filmlərinə baxmalı, mədəniyyəti ilə tanış olmalıdırlar. Yəni, sabah futboldan savayı mövzuda müzakirə olanda onlar hazır olmalıdırlar. Paralel olaraq, xarici dil öyrənməlidirlər. İngilis, alman və s. Gələcəkdə Azərbaycan futbolçularını avropalılar almaq istəsələr, dil problemi ilə üzləşməsinlər. Futbolçularımızın 90 faizinin problemi xaricə gedəndə dil baryeri ilə qarşı-qarşıya qalmalarındadır. Saytınız vasitəsilə məşqçilərimizdən xahiş edirəm ki, futbolçularımızı oyunlardan əlavə “Azdrama”ya, Rus Dram Teatrına, sərgilərə, caz festivalına aparsınlar, simfonik musiqilərə qulaq asdırsınlar. Yəni bunların dünya görüşlərini artırmalıdırlar. Beyinləri işləməli, intellektual futbolçu olmalıdırlar.

- Dediniz ki, Azərbaycan futbolunun bünövrəsi yoxdur. Elə isə SSRİ dövründə “Neftçi”nin heyətindəki güclü futbolçular necə ortaya çıxmışdı?

- SSRİ daxilində sistem vardı və biz o sistemdə idik. Ona görə də nə isə ortalığa çıxırdı. Amma məktəb dedikdə SSRİ-də bunların sayı 2 idi. Biri Ukraynada, digəri Gürcüstanda. Nə Azərbaycanda, nə də digər respublikalarda məktəb vardı. Amma sistem var idi. Hamımız “Sevinc” Kubokunda və ya “Dəri top” turnirində oynayırdıq. Nəticədə İskəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov, Nazim Süleymanov, İqor Ponomaryov və digərləri üzə çıxırdı.

- Bəs ortaya çıxan futbolçuları Ukrayna və ya Gürcüstandakı məktəblərə aparırdılar?

- Mən məktəb dedikdə, bu iki respublikada sistemin daha düzgün qurulduğunu diqqətə çatdırmaq istəyirəm. Onların oyununa baxanda Gürcüstan və ya Ukrayna məktəbinə məxsus olduğunu hiss edirdin. Görün, Avropada nə qədər gürcü futbolçu var? Deməli, orada məktəblər, bünövrə düzgün qurulub. Necə ki, KVN-in məktəbi düzgün qurulmuşdu. “Parni iz Baku”dan istənilən birimizi keçmiş SSRİ-nin hər hansı KVN komandasına dəvət etsəydilər, oynamağı bacaracaqdıq. Çünki biz məktəb keçmişik və dünya görüşümüz var. Artıq 10 ildir məni dəvət edirlər və Azərbaycanı MDB yığmasında təmsil edirəm. Çətinlik çəkmirəm. Çünki biz bir dildə - rusca yox, KVN dilində danışırıq. Futbolçu da sabah Avropanın hansısa aparıcı klubuna keçəndə oranın öz dilindən başqa futbol dilini də bilməlidir. Necə ki, “Barselona”nın futbol məktəbindən çıxan uşaqlar gözüyumulu oynayırlar. Kimin hara qaçdığını, necə nəfəs aldığını, nə cür top qəbul etdiklərini bilirlər. Çünki bu, məktəbdir. “Barselona”nın məktəbi Almaniyadakından bir baş üstündür. Çünki “Barsa”nın öz fəlsəfəsi və improvizə qabiliyyəti var.

- Bu il 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Sizcə, məhz 17 yaşlı qızların yarışına təşkilatçılıq etmək düzgün addımdır?

- 100 faiz! Əgər pul, vəsait varsa, eləmək lazımdır. Həm də yavaş-yavaş. Hara tələsirik? 5 il öncə “Eurovision”a çıxdıq. Əvvəlcə 8-ci, sonra 3-cü, ardından 5-ci, nəhayət, 1-ci yeri tutduq və bu il nüfuzlu beynəlxalq müsabiqəyə ev sahibliyi edəcəyik. Biz Avropa ölkələrindən fərqli olaraq cəmi 20 ildir müstəqillik qazanmışıq. Tələsmək lazım deyil. Bu gün 17 yaşlılardır, bir də gördün, 2024 və ya 2028-ci ildə dünya çempionatı keçirdik. Biz də görməsək, övladlarımız görəcək. Amma ölkəmiz bunu görmək istəyirsə, təməl daşını indidən qoymalıyıq. 1961-ci ildə KVN yaranmasaydı və 1963-cü ildə Bakıda da təşəkkül tapmasaydı, 2000-ci ildə Əsrin Çempionu olmazdıq. Uğurun təməl daşını atalarımız qoydu, üstündən 30-40 il sonra biz çempion olduq. 1999-cu ildə başlasaydıq, 2000-ci ildə Əsrin Çempionu ola bilərdik? Xeyr. Gələcəkdə istər kişi, istərsə də qadın futbolunda da nailiyyətlərimizin olmasını istəyiriksə, təməl daşı bu gündən qoyulmalıdır. Bayaq dediyim məktəblər açılmalıdır.

- Yığmamız fevralın sonlarında Dubayda Sinqapur, Hindistan və Fələstin yığmaları ilə yoldaşlıq görüşü keçirdi. Belə rəqiblərin seçilməsinə necə yanaşırsınız?

- Onlar heç. Hamısı “multfilm”dir. Bu yığma ilə nə isə etmək mümkün olmayacaq. Düzdür, oradakı bəzi şəxslərə hörmətim var. Amma 80 faizi futbolçu deyil. Bəlkə də yaxşı oğlandırlar. Amma insani keyfiyyətlərini mən götürmürəm. Söhbət futbolçudan gedir. Onlar futbolçu kimi vətənpərvər deyillər, milləti sevmirlər. Millətini sevən insan heç vaxt o cür futbol göstərməz. Ən azı işləməlidir. Alınmasa da, dahi, peşəkar olmasa da, 90 dəqiqə kişi kimi qaçmalıdır. Əgər bu adam bunu etmirsə, oyundan sonra “Mercedes”i satıb BMW almağı, bizneslə məşğul olmağı, restoranda yeyib-içməyi düşünürsə... Elə futbolçular var ki, şəxsən tanıyıram, görmüşəm, adlarını çəkmək istəmirəm, çünki müsəlmançılıqda kiminsə ayıbını ortalığa çıxarmaq günahdır, oyunu uduzub, iki saat sonra restoranda siqaret çəkir, yeyib-içir. Elələrini də tanıyıram. Əfsuslar olsun!

- Onlar indi də futbol oynayırlar?

- Bəziləri oynayır, bəziləri yox. Elə futbolçularla heç vaxt nə isə əldə edə bilmərik.

- Futbolçularımızın nə isə alıb-satmalarından söz düşmüşkən, bu yaxınlarda Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov toyuq ferması açdığını bildirdi. Amma onun bu barədə  verdiyi açıqlama birmənalı qarşılanmadı...

- Lap yaxşı. Mən sevinirəm. Azərbaycanda nə qədər zəngin insan olsa, o qədər yaxşıdır. Sağ əli mənim başıma. Mən də nə vaxtsa nəsə aça bilim. Əla! Niyə də yox? Ən məşhur hokkeyçilərdən olan Pavel Bure Kanadada çaxır zavodu açmayıb? Açıb. Əstəğfürullah, Hacı adamam, belə danışmaq mənə yaraşmır. Amma hər halda biznesini qurub da. Bəzi futbolçular istixanalar açır, gül satırlar. Bunların hamısı normaldır. Əksinə, dəstəkləmək lazımdır ki, azərbaycanlılar dünyada ən dövlətli insanlar olsunlar. İnanın ki, Bakıda yeni markalı maşın görəndə sevinirəm. Dua edirəm ki, Allah maşını olmayanların hamısına yetirsin. Kim mənzil alırsa, sevinirəm. Təzə paltar geyinirsə, sevinirəm. Rusların bir məsəli var. Azərbaycancaya çevirəndə belə səslənir: “Kasıblar arasında varlı olmaqdansa, varlılar arasında kasıb olmaq yaxşıdır”. Bu, mənim devizimdir. Allahdan qorxan insan “Məndə hər şey var, başqalarında yoxdur” deyə özünü pis hiss edir. Ona görə də mən hər zaman dua edirəm ki, futbolçu da, KVN-çi də, jurnalist də, məşqçimiz də, aktyorumuz da, alimimiz də, taksi şoferi də - hamı yaxşı dolansın. Hamımız bir-birimizi dolandıraq da... Amma öz peşəmizi də yaddan çıxarmayaq. Aktyorsansa, aktyorluğunla məşğul ol, paralel pul qazan.

- Vaqif Cavadovun yığmamızdan uzaqlaşdırılmasını necə qarşıladınız?

- Hansı Vaqifin? Mən elə futbolçu tanımıram. Bilirəm ki, İskəndər Cavadovun belə bir qardaşı oğlu var (gülür). Berti Foqts düz də edib. İsgəndər Cavadov futbolçu idi. O, hətta Moskva “Dinamo”sunda çıxış edəndə bu komandaya azarkeşlik edirdim. Azərbaycanda İsgəndər Cavadov kimi ikinci futbolçu tanımırdım. Sadəcə, bir dəfə yaxşı, bir dəfə pis oynamaqla, işini başdansovdu görürdü. Ondan sonra Vəli Qasımov Azərbaycanda yaxşı futbolçu kimi üzə çıxmışdı. Nazim Süleymanov isə “Alaniya” ilə 1995-ci ildə Rusiya çempionu və bombardir olmuşdu. Amma Vaqif Cavadov düşünməlidir ki, o cür əmisi ola-ola, elə oyun göstərir. Halbuki Vaqifdə futbol özəyi var. Sadəcə, o insan başqa cür düşünür. İndiki gənclər kimi. Nə isə...

- Bu il Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi talismanının “Top-top xanım” adlandırılması barədə təklif irəli sürmüsünüz. Bu təklifinizin həyata keçməsini nə dərəcədə real sayırsınız?

- Vallah, bilmirəm. Müsabiqə elan olunarkən bir çox təkliflərin olduğunu gördüm və mən də öz variantımı irəli sürdüm. Fikirləşdim ki, bunun adı “Top-top xanım” olmalıdır. Birincisi, söhbət topdan, futboldan gedir. İkincisi, uşaq vaxtı biz top-top oynamışıq. Bu da uşaqlıqda top-top oynayıb, indi isə futbol üzrə dünya çempionatında oynayacaq. Həm də top ingilis və digər dillərdə ən yaxşı deməkdir. Ona görə də mən talismanın “Top-top xanım” adlandırılmasını təklif etdim. Top həm də mərmi deməkdir. Qoy, bütün futbolçuların zərbələri də rəqib qapılarına mərmi kimi daxil olsun. Məndən savayı 20-30 təklif olub. Allah qoysa, keçsə, bilərəm ki, millətim üçün mən də nə isə etdim. Keçməzsə, Allah canlarını sağ eləsin.

Daha çox


Son xəbərlər