Fuad Musayev futbolçuları ittiham etdi

Fuad Musayev futbolçuları ittiham etdi
ÖLKƏ FUTBOLU 17 Noyabr 2008 / 22:00 4952
-  A +

«Klublarımız əsasən legionerləri oynatmağa üstünlük verirlər. Yerli oyunçuları daha çox oynatmaq lazımdır ki, futbolumuza faydası olsun”. АFFA-nın keçmiş prezidenti Fuad Musayev Qol.Az saytına açıqlamasında belə deyib. Onun sözlərinə görə, milli komandanı düşünmək lazımdır. F.Musayev bildirib ki, hətta bəzi klublar yığmanın üzvlərini belə oynatmırlar və bunun futbolumuza mənfi təsirləri olur. AFFA-nın keçmiş rəhbəri milli komandanın baş məşqçisi Berti Foqtsu dəstəklədiyini dilə gətirib: “Foqts klubların oyunlarda daha çox legionerlərdən istifadə etməsindən, yığma üzvlərinin fiziki durumunun aşağı olmasından şikayətlənib. Alman məşqçi  iradlarında tamamilə haqlıdır. Onu dəstəkləyirəm“. F.Musayev indiki futbolçuların əksəriyyətinin özlərini intizamsız aparmasından gileylənib: “Bu, onlara başucalığı gətirmir. Əksinə, gözdən salır. Futbolçular intizamlı olmağa xüsüsi diqqət yetirməlidirlər”.

Hakimlik məsələsinə toxunan F.Musayev bu baxımdan vəziyyətin yaxşı olduğunu qeyd edib. AFFA-nın sabiq prezidenti Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fəaliyyətini müsbət qiymətləndirib: “Xaqani kifayət qədər təcrübəlidir,  işinin öhdəsindən layiqincə gəlir. Onun federasiyaya gəlişindən sonra hakimlik sahəsində irəliləyiş nəzərə çarpır. Ümumiyyətlə, hakimlər də insandır və səhv edə bilərlər. Bundan heç bir referi sığortalanmayıb. Ancaq çalışmaq lazımdır ki, xətalar olmasın. Digər tərəfdən, səhv olduqda isə insanları bunun qərəzli olmadığına  inandırmaqdır”.

Anar CƏFƏRSOY

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı