Rauf Mehdiyev: “O da özünə görə bir qapıçıdır”

Rauf Mehdiyev: “O da özünə görə bir qapıçıdır”
MÜSAHİBƏ 24 Fevral 2012 / 14:45 3250
-  A +

“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi

- “Rəvan”la son oyunda “Neftçi” özünə bənzəmirdi. Gözlənildiyindən zəif təsir bağışladınız.

- Açığı, komandamız pis oynamadı. Rəqibimizin də, güclü komanda olduğunu yaxşı bilirsiniz. Hər iki komandanın qol vurmaq şansları oldu. Mənim fikrimcə,”Rəvan” ilk “altılıq”da oynamağa layiq idi. Həmin gün meydança amili də yaxşı oyun nümayiş etdirməyimizə mane oldu. Çünki yağan güclü qar stadionu bərbad vəziyyətə salmışdı. Bununla belə, rəqimizin qapısı qarşısında çoxlu qol  vəziyyəti yaratdıq. Ən əsası odur ki, qələbə qazanmağı bacardıq.

- Axır zamanlar, “Neftçi”nin əsas heyətində yer alırsan. Yəqin ki, bundan sonra ilk 11-likdə mövqeyini möhkəmlətmək elə da asan olmayacaq.

- Hər bir futbolçu əsas heyətinə düşəndə özünə daha çox güvənməyə başlayır. Məncə, indiki vəziyyətdə bir qədər səbirli olaraq, öz şansını gözləməlisən.

- Digər klublarda belə çıxış edərkən rəqabətə hər zaman tab gətirmisən. Lakin “Neftçi”nin heyətində xeyli vaxtdır ki, Stamenkoviçin kölgəsində qalmışdın. Buna səbəb nə idi?

- Belə baxanda elə böyük səbəb görmürəm. Ola bilər ki, həmin dövrdə yaxşı formada olmamışam. Sonradan çox sayda məşqlər edərək formamı bərpa etməyi bacardım. Ondan sonra məni əsas heyətə qaytardılar.

- Stamenkoviç zədəlidir deyə start heyətdə yer almır, yoxsa sən onu üstələmisən?

- Yox, Stamenkoviçin zədə problemi yoxdur. Sadəcə olaraq, məşqçilər belə qərar verdi. Çünki Türkiyədə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan turnirdə özümü yaxşı tərəfdən göstərə bilmişdim. Bundan sonra məşqçilər mənə şans verməyə başladılar.

- Stamenkoviçlə fərqini nədə görürsən?

- O da özünə görə bir qapıçıdır. Düzünü desəm, pis qapıçı deyil. Ancaq onun yeri ayrı, mənim yerim ayrıdır. Hər kəsin öz üstünlüyü var. Ola bilər, “Neftçi”yə  təzə gələn vaxtı daha yaxşı formada olub. Hər şeyə rəğmən meydana kimin çıxmağını məşqçi təyin edir.

- Yaxın gələcəkdə karyeranı başa vurmaq haqda düşünmürsən? Əgər bitirəsi olsan, son klubun “Neftçi” olacaq?

- Açığı, bu haqda hələ fikirləşmirəm. Hələ bir neçə il meydanda mübarizə aparmaq üçün yetərincə gücüm var. Hansı klubda futbolla vidalaşmağıma gəlincə, bunun “Neftçi” olmasını istərdim.

- Böyükağa Hacıyevi “Neftçi”ni çalışdıracaq qədər səviyyəli baş məşqçi hesab etmək olar?

- Əgər komandamız turnir cədvəlinin birinci pilləsində qərarlaşıbsa, deməli, buna layiq bir məşqçidir. Mənim fikrimcə, baş məşqçinin reytinqi onun komandasının göstərdiyi nəticəyə əsasən müəyyənləşir. Ona görə də mən onu komandamıza layiqli bir məşqçi hesab edirəm.

- “Rəvan”la qarşılaşmada komanda yoldaşın Mirhüseyin Seyidovun qeyri-etik hərəkət etməsi barəsində nə deyərdin?

- Həmin vaxt meydanda onun etik qaydaları pozan hərəkətini görməmişəm. Bu haqda məlumatı mətbuatdan oxumuşam. Çünki gözlədiyimiz qolu vurduqdan sonra o qədər sevinmişdik ki, heç kim bir-birinə fikir vermirdi. Bəlkə  də Mirhüseyin Seyidov da belə hərəkət etmək istəməyib. Təəssüf ki, belə alındı. Seyidov çox yaxşı, tərbiyəli və böyük-kiçik yeri bilən oğlandı. Əgər səhvini boynuna alaraq, üzr istəyibsə, onu anlamaq olar.

- Komanda yoldaşlarınla birgə öz aranızda onunla söhbət etmisiniz?

- Buna hələ imkan yaranmayıb. Milli komandanın toplanışına görə, Unibank Premyer Liqasında fasilə yaranıb. Ona görə də, danışmağa imkanımız olmayıb. Yəqin ki, komanda yoldaşlarımızla bu haqda söhbət edərik.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı